"Natamamlıq kompleksi cəmiyyətin ictimai psixologiyasına yeriyib" - EKSPERT ŞƏRH ETDİ

“Azərbaycan təhsil sistemində nəinki dövlət məktəblərində, həm də özəl məktəblərdə və kurslarda müəyyən problemlər yaşanır və təəssüf ki, ildən-ilə bu daha da çoxalır. Əvvəllər sosial media, smartfonlar və s. yox idi deyə məktəblərdə baş verən bu cür hallara cəmiyyətin diqqətini cəlb edə bilmirdik. Amma son zamanlar vicdanlı olan, işinə məsuliyyətlə yanaşan pedoqoqların dəqiqliyi, həm də şagirdlərin çəkdiyi videogörüntülərdən də görünür ki, həm məktəbdə, həm də məktəbdənkənar vaxtlarda müxtəlif hadisələr baş verir. Əlbəttə ki, bu hadisələr digər xarici ölkələrə baxanda say etibarilə çox azdır. Lakin tək-tük belə hadisələr olsa da, cəmiyyətin diqqətini tez cəlb edir və ictimai qınaq həmin hadisənin törədildiyi müəssisəyə yönəlir”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsistiçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, dövlət qurumları, xüsusilə də mühafizə orqanları və məhkəmə belə hallara qarşı kəskin reaksiya verir, ciddi cəzalandırma mexanizmi işə salınır: “Azərbaycanda insanların bir çoxu anlamır ki, şiddət şiddəti doğurur. Şagirdlərin, tələbələrin ləyaqətini, nüfuzunu, daxili mənini məhv edən hansısa bir hərəkət və ya söz faktı cəzalandırılmalıdır. Bugünədək biz təhsil sistemində çox şeyin şahidi olmuşduq, bircə qamçı ilə şagirdin döyüldüyünü görməmişdik. İnanmıram ki, savadlı bir insan şagirdini qamçı ilə döysün. Bu, bir növ həmin müəllimin psixologiyasında olan problemlərlə əlaqədar ola bilər”.

Ekspert sözlərinə davam edərək bildirib ki, belə hadisələr yaşanan zaman həmin təhsil müəssisəsini bağlamaq lazımdır: “O müəllimə və həmin təhsil müəssisəsini açan şəxsə 5 il müddətində pedoqoji fəaliyyətlə məşğul olmaq qəti qadağandır. Digər tərəfdən pedoqoqların psixologiyası yoxlanmalıdır. Bizim kinolarda gördüyümüz şeyləri müəllimin şagirdinə tətbiq etməsi nə deməkdir?! Ən dəhşətli hal isə odur ki, bu hadisə videoya çəkilməsə idi, heç kimin xəbəri olmayacaqdı. Cəmiyyətdəki ləkələri göstərən güzgünü, yəni smartfonları sındırmaq istəyən “Novruzəli və Tükəzbanlar” anlamalıdırlar ki, bu gün başqasının uşağını döyən sabah sizin də uşağınızı döyəcək. Döyülən uşağın özü də ya cinayətkar olacaq, ya da başqalarının uşağını döyərək həbs olunacaq. Ümumiyyətlə, bizdə natamamlıq kompleksi cəmiyyətin ictimai psixologiyasına yeriyib. Vaxtilə o qədər tərbiyə üsulu kimi döyməkdən istifadə ediblər ki, insanlar bundan qurtula bilmirlər. Azərbaycanda xüsusilə də yeni nəslin rəsmi sistemə qarşı vuruşan və qəhrəman kimi qələmə verilən qaçaqların örnək götürməməsi üçün çalışmalıyıq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə