Hər hansı bir peşə sahibi olmamışdan əvvəl hamımız hansı peşənin bizim üçün ən uyğun olacağına dair dərin düşüncələrə qapılırıq. Bu proses bəzilərimiz üçün olduqca asan olsa da, bəzilərimiz üçün çətin ola bilər. Prosesi asanlaşdıran ən mühüm faktlardan biri də maraq və zövqlərimizi müəyyən etməkdir.
Peşə seçərkən diqqətiniz təkcə pul qazanmağa deyil, bu işi həvəslə və sevərək edə bilib-bilmədiyinizə yönəlməlidir. Bu kontekstdə daim özünüzə suallar verməlisiniz.
Bəs, hər kəs universitet oxumalıdır? Ali təhsil almadan da peşə məktəblərində fərqli peşələrə yiyələnərək uğur qazanmaq olmaz?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Əgər bir ölkə iqtisadi cəhətdən inkişaf edibsə, adambaşına düşən gəlir səviyyəsi o ölkədə yaşayan insanların yaşaması və özünü inkişaf etdirməsi üçün kifayətdirsə, böyük ehtimalla o ölkənin xalqının gələcəyi ilə bağlı heç bir narahatlığı olmayacaq və istədikləri peşələrə üz tuta biləcəklər. Bir ölkənin şərtləri insanları iqtisadi cəhətdən məcbur edirsə, eyni şərtlər insanları yaxşı maaş verən müəyyən peşələri seçməyə məcbur edir. Maddi çətinliklərin tez-tez yaşandığı bir ölkədə müəyyən peşələri, məsələn, sənət növlərindən birini seçmək yüksək risk kimi qəbul edilir.
Ölkəmizdə ümumi tendensiya uşaqların ailələrdən asılı böyüdülməsidir. Valideyn olaraq hələ kiçik yaşlarından uşaqlarımızn həyatını öz istəklərimizə uyğun yönləndiririk. Bu vəziyyətin davamı olaraq, övladlarımız peşə seçmək yaşına çatdıqda, ümumiyyətlə, öz həyatlarına təsir edəcək seçimləri edə bilmirlər, valideynlərinin, müəllimlərinin, bəzən də hətta qonşuların təsiri altında olurlar.
Gəncin seçdiyi peşə, ilk növbədə, onun qabiliyyətinə, marağına uyğun olmalıdır. Gəncin öz qabiliyyətinə, maraqlarına uyğun peşə seçməsi üçün onun gənc yaşlarından başlayaraq sərbəst seçim etməsinə, məsələn, geyimini, əşyalarını seçməsinə şərait yaratmaq lazımdır.
Təhsil eksperti Nadir İsrafilov: "Bu gün əsas göstərici, neçə nəfərin diplomlu olması yox, neçə nəfərin həyatda fəal mövqe tutmasıdır. Səriştəsiz diplomçudan, səriştəli peşə sahibinə daha çox ehtiyacımız var. Universitetə qəbul olmaq, nəyin bahasına olursa-olsun ali təhsil haqqında diploma sahib olmaq, bir çox ölkələrldən fərqli olaraq bizim üçün daha xarakterik olan cəhətlərdən biridir. Görünür, bu diplom “sevdası” mentalitetimizdən irəli gələn bir xüsusiyyətdir. Halbuki, Fransa, Yaponiya, Almaniya kimi bir çox ölkələr, məhz peşə təhsil hesabına dünyanın inkişaf edən ölkələrinə çevriliblər.
Bu gün Almaniyada peşə məktəblərinin sayı ali təhsil müəssisələrinin sayından çoxdur. Yəni, doğrudanmı günümüzdə adi karton parçası qədər dəyərsizləşdirilən bir diplom üçün sistemi bu dərəcədə qəlizləşdirməyə, məzun və onların valideynləri üçün bu qədər əlavə problem və ən başlıcası isə həyəcan və stress yaratmaq vacibdir...? Doğrudanmı ali məktəbə daxil ola bilməyəni qınayaraq onu intihar həddinə çatdırmaq, kimlər üçünsə doğma övladının varlığından da əzizdir...? Neçə illərdən bəridir ki, cəmiyyətin tələbatına uyğun nəticələrə əsaslanan, təklifyönümlü, tələbatyönumlu və nəticəyönümlü kurikulumla bağlı konseptual sənəd qəbul etmişik, onun əsas vəzifəsinin təhsil sisteminin müəyyən etdiyi təlim məqsədlərini müəyyən etmək olduğunu bildirmişik, kurikulum prinsiplərinin müasir təhsil sisteminin formalaşmasında böyük rolu olduğunu qeyd etmişik. Onu da demişik ki, kurikulumlar nəticəsində əldə edilən xüsusiyyətlər şagirdin bilikdən çox təcrübə qazanmasına, həmçinin onların şəxsiyyət kimi formalaşmasına daha çox təsir edir. Çünki ənənəvi təhsil proqramının bilikyönümlü olmasından fərqli olaraq, müasir kurikulumlar bacarıq, səriştə və qabiliyyətə əsaslanmaqla şəxsiyyətyönümlüdür. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə də xüsusi bənd əlavə etmişik ki, ümumtəhsil məktəbinin vəzifəsi təkcə öz yetirmələrini zəruri biliklərə silahlandırmaq deyil, təhsilalanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir. Bununla belə məzunlarımıza hələ də lazımi şəkildə aşılamamışıq ki, bu illər ərzində aldıqları ümumi təhsil “cəmiyyətin, dövlətin maraqlarına uyğun olaraq, onların fənlər vasitəsilə müvafiq elm sahələri üzrə zəruri bilik və bacarıqlara yiyələnməsini, Azərbaycan xalqının dəyərləri və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasını, sağlam həyat tərzini, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrini dərk etməsini, müstəqil surətdə şəxsiyyəti formalaşdıran həyati bacarıqlar əldə etməsini, intellektual və fiziki inkişafını, cəmiyyətə inteqrasiyasını və sosiallaşmasını, rəqabət qabiliyyətli olmasını, peşə seçimini, əmək fəaliyyətinə hazırlığını və növbəti pillədə təhsil almaq imkanını təmin etmək” üçündür.
Təhsilalanların da əsas vəzifəsi dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməklə yanaşı müstəqil həyata hazırlanmaq, onlarda fəal vətəndaş mövqeyinin formalaşdırılması, dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək, xalqına, vətəninə layiq vətəndaşa çevrilməkdir. Bununla belə qarşıya qoyulan bu qədər zəruri vəzifələr içərisində istər orta ümumtəhsil məktəblərinin, istərsə də ali təhsil müəssisələrini vəzifəsi sanki, öz yetirmələrinə bir övuc nəzəri bilik ötürməkdən ibarət imiş. Təhsilin istər orta, istəsə də ali pilləsində bütün göstəricilər yalnız biliklə ölçülür, digər keyfiyyətlər əslində bir növ kölgədə qalmış olur.
Başqa sözlə, bilik təhsilalanların nailiyyətlərinin ölçülməsi və təhsilin keyfiyyətinin qiymətləndirilməsi üçün yeganə meyar olaraq qalır. Başqa sözlə, biz hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin maksimal bal toplaması ilə ölçürük. Hələ də qəbul edə bilmirik və ya qəbul etmək istəmirik ki, bal nisbi bir anlayışdır, təhsilin keyfiyyəti 700 ballıq şkala ilə və ən başlıcası isə bir-iki ilin nəticələri ilə ölçülə bilməz. Kurikulum ünsiyyət yönümlüdür. Kurikulumun vəzifəsi səriştəyə əsaslanan şəxsiyyət yönümlüdür. Bu gün bizim üçün əsas göstərici, neçə nəfərin diplomlu olması yox, neçə nəfərin həyatda fəal mövqe tutmasıdır, böyük hörmət, böyük nüfuz sahibinə çevrilməsidir... Səriştəsiz diplomçudan, səriştəli peşə sahibinə daha çox ehtiyacımız var. Bu gün peşə təhsilinə xüsusi diqqət yetirilir, peşə adamlarına böyük ehtiyac duyulur. Yeni ixtisaslar yaradılır, yeni müqavilələr imzalanır, yeni peşə mərkəzləri, əlavə iş yerləri açılır. Peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır. Ən başlıcası isə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur.
Digər tərəfdən peşə təhsilini bitirənlərin oxuduğu ixtisaslar üzrə ali məktəblərə qəbul olunması imtiyazları verilir ki, bu da onların digər subbakalavrlarla bərabər hüquqa malik olmasının təminatı deməkdir. Yalnız, bu yolla həm təcrübə qazanmaq, həm də təhsildə fasiləsizliyi və ardıcıllığı təmin etmək imkanları əldə oluna bilər. Ali məktəb diplomu olmadan da, cəmiyyətdə böyük nüfuz, hörmət sahibi olmaq olar, necə ki, belələri elə də az deyil".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə