Söz yox ki, əksəriyyət insan övladını, nəvəsini, yaxın qohum-əqrəbasının azyaşlı uşaqlarını sevir, onları sevindirməkdən xüsusi zövq alır və bunu bir tərəfdən də onlara tez-tez aldıqları hədiyyələrlə-oyuncaqlarla təsdiq edir. Oyuncaqlar isə məlum məsələdir ki, körpələrimizin ən sevimli əyləncəsidir. Onlar saatlarla oyuncaqlarla vaxt keçirir, onlarla təmasda olur, sanki oyuncaqların “xarakterinə” uyğun olaraq öz kiçik dünyalarını qururlar. Bütün bunları kənardan müşahidə edən biz böyüklər isə onların bu əyləncələrini, etdikləri hərəkətləri, oyuncaqlarına qarşı münasibətlərini sadəcə təbəssümlə qarşılayırıq. Bu təbəssüm bizi uşaqlarımız üçün yeni oyuncaqlar almağa da həvəsləndirir. Biz oyuncaqları aldıqca, həm də bol-bol aldıqca onlara tələbat daha da artır. İstehsalçı daha hansı, nə cür oyuncaqlarla insanların diqqətini cəlb etməyi düşünür və nəticədə gündən-günə bu sahədə yeniliklərlə qarşılaşırıq. Qarşılaşdıqca isə fərqinə varmadan bütün növ oyuncaqlardan balacalarımızda olmasını istəyir, alır, alırıq. İstehsalçı qazanır, bəs istehlakçı? Bu barədə düşünürükmü?
Oyuncaqlar uşaqlarımızın xarakterini formalaşdırır
Bunu əminliklə söyləmək olar ki, bəli, oyuncaqlar uşaqlarımızın xarakterini formalaşdırır. Zaman-zaman bunu uşaqlarda müşahidə edirik. Ailədə hətta qız uşaqları böyük, oğlan uşağı kiçik olanda belə qızların gəlinciklərlə oynaması, bəzən oğlan uşağının da onlarla birgə bu oyuncaqlarla əylənməsi onun sakit təbiətli olması ilə nəticələnir. Oğlanın oyuncaq maşını qızların gəlinciyini gəzdirmək, onu bağçaya, məktəbə aparıb-gətirmək üçün istifadə edildikcə qız və oğlan övladlar arasında birgə yaşamaq, paylaşmaq, qayğı kimi hisslər formalaşır. Bu, məsələnin bir tərəfi.
Digər bir fakta nəzər salaq. Uşaqlar üçün aldığımız quraşdırma oyuncaqlar onların beyinlərinin inkişafı üçün əhəmiyyətli olmaqla yanaşı, həm də bacı-qardaş arasında birgə oyun oynanılması ilə nəticələnir. Beləliklə də bu, onların yaddaşına hopur və uşaqlar birgə qurmaq, yaratmaq, həmçinin paylaşmaq ruhunda tərbiyə olunurlar.
Qız uşaqlarına aldığımız gəlinciklərin görünüşü, geyimi, saç quruluşu bu uşaqların xarakterinə yansıyır. Zaman-zaman görürük ki, uşaqlar özlərini onlara bənzətməyə çalışırlar. Analarına onlar kimi geyinmələrini anladırlar. Saçlarının gəlinciklərinin saçı kimi hörülməsini və yaxud da açıq saxlanılmasını, qısa, uzun olmasını istəyirlər.
Aldığımız maşın, tapança ilə oğlan uşaqlarının oynamalarını kənardan müşahidə etdikdə görmək olur ki, onlar hər növ maşınla onun xüsusiyyətinə uyğun davranmağa çalışırlar. Məsələn, uşaqlar yük, kiçik minik maşınları ilə oyuncaq tanklarını sürərkən eyni səs çıxarmırlar. Tank sürəndə daha ucadan, əzmli səs, yük və minik maşınlarını sürəndə isə tamamilə başqa səs çıxarırlar. Deməli, oyuncaq həm də uşağın ayrı-ayrı əşyalara münasibətini formalaşdırır.
Sadaladıqlarımız uşaq oyuncaqlarının çox az hissəsidir. Digər oyuncaqlar da var ki, uşaqlar onlarla evcik qurur, oynayır, bu oyuncaqların nə üçün istifadəsini valideynləri, yaxınları tərəfindən öyrənməklə onları müvafiq şəkildə oynadır və oynatmaqla da nələrsə öyrənirlər. Bütün bunları düşünərək övladlarımız üçün oyuncaq seçərkən onların yaşlarını nəzərə almaq, elə oyuncaqlar seçmək lazımdır ki, bunlar onların böyüməsində əhəmiyyəti olan oyuncaqlar olsunlar.
Biz oyuncaq seçimində bəzən yanılırıq
Bəli, yanılırıq, həm də çox yanılırıq. Bu o qədər əhəmiyyətli məsələdir ki, oyuncaq seçərkən, alarkən, necə deyərlər, min ölçüb, bir biçmək lazımdır. Çünki aldığımız hər bir oyuncağı evlərimizə aparmaq, uşaqlarımıza vermək olmaz. Ən birinci, bir xeyli vəsait xərclədiyimiz oyuncaqların keyfiyyətinə fikir verilməlidir. Daha sonra isə onun uşaqlarımıza necə təsir etməsi haqqında düşünülməlidir. İndi istehsalçılar var ki, gündən-günə öz məhsulları arasına yeniliklər əlavə edir. Daha nə istehsal edim ki, maraqlı, cəlbedici olsun deyə düşünür və elə oyuncaqlar istehsal edib bazarlara çıxarırlar ki, bunlar uşaqlarımızın psixologiyasını məhv etmək gücünə malik olur. Hansısa vəhşi heyvanın qorxunc görüntüsü üzərində əks olunan oyuncaqlar, çox pis təsir bağışlayan gəlinciklər, təbii ki, uşaqlarımızı zaman-zaman psixoloji gərginliklə üz-üzə qoyur. Lakin biz bunu hiss etmirik.
Yaxın qohumlardan birində qonaq olarkən bir hadisənin şahidi oldum. 2-3 yaşlarında uşaq ağlayır, ana gətirib oyuncaqları tökür qarşısına ki, uşaq onlarla başıını qatsın. Bu dəfə uşaq daha çox ağlamağa başlayır. Ana hirslənir. Uşaqdan nə istədiyini soruşur. Sanki bu hələ cümlə qurmağı bacarmayan uşaq dil açıb nə istədiyini anasına anladacaqmış... Nə isə, ana hirslənir, uşaq ağlayır. Məsələyə mən qarışmalı oldum. Uşaqla oynamağa başladım. Oyuncaqları bir-bir ona təqdim edərkən gördüm ki, bu uşaq gəlinciklərdən birini ona tərəf uzatdıqda daha möhkəm ağlamağa başladı. Hiss etdim ki, uşaq həmin gəlincikdən qorxur. Onu gizlətdim, oyuna davam etdik. Bir az sonra uşağın qəhqəhəsi otaqla bir idi.
Sonra uşağın anasına məsləhət bildim ki, həmin oyuncağı, ümumiyyətlə, bir daha ona göstərməsin və ona oxşar oyuncağı övladına əsla almasın. Həm də məsləhət bildim ki, oyuncaq seçimində diqqətli olsun. Çünki uşaqlar oyuncaqlarla oynaya-oynaya böyüyürlər. Onlarda oyuncaqlar xarakterlər formalaşdırır. Uşaqlarda aqressiyalar, qışqırmalar, əsəbilik, qəddarlıq, kobudluq-hamısı oyuncaqların onlarda zamanla yaratdıqları xarakterlərdır.
İndi mağazalarda oyuncaqlar var ki, onlar əsla alınmamalıdır. Çünki onlara baxanda böyük adam qorxur. Bəs uşaq necə, qorxmaz? Həmin oyuncaqlar nəinki alınmalı, valideynlər onların istehsalçılarını günahlandırmalı, onlardan hesabat istəməlidirlər.
Bir sözlə, oyuncaq seçimi hazırda ən həssas məsələdir. Doğru seçilməyən oyuncaq uşaqlarımızın əyləncəsinə yox, onların psixologiyasına zərbəyə çevrilir.
Cizgi filmlərinin oyuncaq seçimində rolu
Valideynlər var ki, uşağı sakitləşdirmək, necə deyərlər, başından edib çoxseriyalı filmlərə baxmaq, ev işləri ilə məşğul olmaq üçün televizoru açıb cizgi filmləri nümayiş etdirən kanalları tapır və uşağı qoyur onun önünə ki, səsi çıxmasın. Uşaqsa saatlarla həmin çizgi filmlərinə baxmalı olur. Elə buradaca da onun xarakteri formalaşmağa başlayır.
Biz tez-tez uşaqlar arasında oyuncaqlarla, bacı-qardaşları ilə kobud şəkildə rəftar edənlərə rast gəlirik. Sonra bağça müəllimi həmin uşağın yoldaşlarına qarşı kobud davranması barədə bizə məlumat verir. Biz nə edirik, onu bir az danlayırıq, bitir. Daha sonra isə övladımız məktəbə-birinci sinfə yollanır. Yenə sinif müəllimi onun uşaqlarla düzgün rəftar etmədiyini söyləyir. Düşünürük ki, bu uşağın xarakteri belədir də. Yenə də başlayırıq onu danlamağa. Lakin bir kərə düşünmürük ki, axı bu uşaq nə üçün belə olub. Düşünmürük ki, bu uşağı bu vəziyyətə biz öz əllərimizlə gətitib çıxarmışıq. Ona yaşına, anlayışına uyğun olmayan cizgi filmləri təqdim etməklə uşağın psixologiyasını tar-mar etmişik.
Bunları dərk etmədiyimiz üçün artıq uşaqlarımız oyuncaqlarını da özləri seçirlər. Cizgi filmlərindəki oxşamaq istədikləri qəhrəmanların oyuncaqlarını almağımızı istəyirlər. Bu dəfə də biz onların məhvinə doğru yenidən yola çıxırıq və həmin oyuncaqları alırıq. Beləliklə cizgi filmlərinə baxdıqları zaman övladlarımızın alt şüuruna yerləşmiş mənfi obrazların oyuncaqlarını onların əllərinə verməklə tamamilə ona bənzəməsinə şərait yaradırıq.
Bu cür uşaqların evdə, bağçada, məktəbdə, həyətdə yaşıdları arasında aqressiv hərəkətləri hələ də bizə çatmır ki, çatmır. Lakin o, böyüyür. Həm də ki, qəddarlıqla, kobudluqla. Bir də baxırıq ki, uşağımız artıq böyük oğlandır. Lakin hər gün yaşıdları ilə dalaşır, gəlir, hər gün ondan gileylər, şikayətlər gəlir. Bizsə nə deyirik: bax elə bu, uşaqlıqdan belədir bax. Başlayırıq yenə onu danlamağa.
Lakin danlanmalı o uşaq deyil. Biz valideynlərik. Onun bu cür xarakterə malik olmasında günahkar bizik. Bunun üçün özümüzü danlamalı, günahkar hesab etməliyik, növbəti dəfə belə səhvlərə yol verməmək üçün...
Bu gün əyləndirən oyuncaqlar sabahın faciəsi ola bilər
Bəli, bunu bir daha unutmamalıyıq ki, bu gün istənilən bir oyuncağı düşünmədən, götür-qoy etmədən, övladımızın psixoloji vəziyyətini, yaşını, dərketmə qabiliyyətini düşünmədən aldığımız oyuncaqlar sabah onların da, bizim də faciəmiz ola bilər.
Birincisi, uşaqlara çox oyuncaq almaq ümumiyyətlə, düzgün deyil. Bunu bir valideyn kimi dərk edib qohumlara, yaxınlara da demək lazımdır ki, mənim uşağıma çox oyuncaq almayın. Çox oyuncaq uşağın fikrini haçalayır. O, bilmir ki, əyləncəsini hansı şəkildə qursun. Oyuncaqlar arasında seçim edərkən beyni yorulur, onları bir-birinə qarışdırır. Bəzən hirslənir, lakin biz bunu kənardan görə bilmirik. Daha doğrusu, çox halda görməyə vaxt tapa bilmirik.
Uşaqlarımıza oyuncaq seçərkən onlara sadə, anlamlı, keyfiyyətli oyuncaqlar alınmalıdır. Əks təqdirdə, ən birincisi onların sağlamlığı təhlükə altına düşər. Daha sonra isə zamanla psixoloji vəziyyətində qüsurlar yarana bilər. Bütün bunların qarşısının vaxtında alınma şərtlərindən biri də uşaqla valideyn arasında yaxın təmasın olmasıdır. Valideyn övladına vaxt ayırmalı, onunla birlikdə oyuncaqlarla oynamalı, uşağın hansı oyuncaqlara daha çox meyilli olduğunu müşahidə etməlidir. Əgər uşaqda qəddarlıq, kobudluq ehtiva edən oyuncaqlara meyil aşkar edərsə, onu zaman-zaman doğru olan istiqamətə yönləndirməlidir. Bu, uşaq kiçik olarkən o qədər asan olur ki. Lakin o, bir qədər böyüdükdən, artıq psixologiyası zədələndikdən sonra mümkün olmur.
Hər bir valideyn övladlarını min bir əziyyətlə böyüdür, onların təlim-tərbiyəsinin düzgün olması birinci arzusu olur. Lakin bunu da bilmək vacibdir ki, uşaqlar bizim əsərlərimizdir. Sanki bir rəsm əsəri kimidirlər. Hansı rənglərdən istifadə etsək çəkəcəyimiz rəsmdə yalnız o rənglər olacaqdır. Hansı mənzərəni çəkmək istəsək, rəsmin sonunda həmin mənzərə ilə qarşılaşacağıq. Buna görə də uşaqlarımızı bu gün onları bütün mənalarda əyləndirən, sabah isə təhlükə ilə üz-üzə qoyan, həyatlarının faciəsinə çevrilən oyuncaqlardan uzaq tutmalıyıq.
Bəli, hər bir valideyn o zaman rahat olur ki, övladlarını xoşbəxt görür. Xoşbəxtlik nədir? Düzgün tərbiyə, sağlam bədən və ruh, təhsil, cəmiyyətdə qazanılan mövqe. Bütün bunların təməli isə evlərimizdə, həm də bizim iştirakımızla qoyulur. Bu məsələdə iki cür iştirakçıyıq. Bir hadisələrin düz içərisində, bir də hadisələri kənardan izləyən şəxs kimi. Bu qədər sadə. Düşünürəm ki, bir valideyn üçün hansının ən doğru olduğunu anlamaq heç də çətin deyil...
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB