Şuşa, Ağdam və Füzuliyə dekabr ayına olan biletlər satışa çıxarılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər sabah saat 16:00-da satışa çıxarılacaq.

SİA nazirliyə istinadən xəbər verir ki, sərnişinlər biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bileti yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş istifadə edə bilər. Biletlər alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.

Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətinə isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib. Bu günə qədər ümumilikdə 432 reys həyata keçirilib, 19 950 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərinə səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə