Azərbaycanın uğurlu inkişafı Cənab Prezident İlham Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir ŞƏRH

Hər zaman müxtəlif layihələrdə dünya ölkələri arasında öz imicini qoruyub saxlamağı bacaran dövlətimiz bu gün regionda tikinti və yenidənqurma sahəsində əldə etdiyi uğurla öyünə bilər. Bölgədə yeni reallıqlar yaradan Azərbaycanın işğaldan azad edilən ərazilərində bərpa planları kifayət qədər genişdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə hər səfəri yeniliklərlə müşahidə olunur. Yeni-yeni obyektlərin təməli qoyulur, tikinti-quruculuq işləri yüksək sürətlə davam etdirilir. Məhz cənab Prezident İlham Əliyevin İsmayıllıya səfəri bu aspektdən xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin dediyi kimi, ötən 4 ildə də Azərbaycan onun rəhbərliyi ilə böyük qələbələr və inkişaf yolu keçdi, Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi böyük qələbə ilə başa çatdı, torpaqlarımız düşmən işğalından azad olundu. Bu gün isə Qarabağda böyük sürətlə bərpa və yenidənqurma işləri aparılır, ən yüksək standartlar səviyyəsində regionun gələcəyi qurulur. Yaxın gələcəkdə biz Qarabağı cənnətə çevirəcəyik və bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan hökuməti torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Qarabağ bölgəsində bərpa və yenidənqurma işlərinə başlamışdır. Faktiki olaraq postkonflikt ərazilərin bərpası və yenidən qurulması dövlətin strateji hədəfinə çevrilmişdir. Heç təsadüfi deyil ki, "İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış" Azərbaycan hökumətinin 2021-2030-cu illər üzrə müəyyən etdiyi beş milli prioritedən biri olaraq qəbul edilmişdir. Eyni zamanda, bərpa və yenidənqurmanın institusional əsasları hazırlanmışdır: "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı" hazırlanmış, Qələbədən dərhal sonra ilk olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyinin bir neçə xüsusi batalyonu və Fövqəladə Hallar Nazirliyinin Bərdə şəhərindəki Xüsusi riskli Minalardan Təmizləmə Alayı tərəfindən icra olunmaqla Qarabağda işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılmışdır. Bu günə qədər təxminən Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Xocavənd rayonlarında on min hektarlarla sahə təmizlənib istifadəyə verilmişdir. Təkcə işğaldan azad olunmuş ərazilər deyil, ölkə miqyasında tikinti və quruculuq işləri yüksək səviyyədə həyata keçirilir.

Füzuli Beynəlxalq Hava Limanı inşa olunmuş, Zəngilan və Laçın Hava limanlarının inşası ilə bağlı işlər isə davam etdirilməkdədir. Hazırda Bərdə-Ağdam (47,1 km) və Horadiz-Ağbənd dəmir yolu xətlərinin (110,4 km) tikintisi gedir. Eyni intensivliklə digər 11 istiqamət üzrə avtomobil yollarının da tikintisi davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə ümumi gücü 20 meqavat olan "Güləbird", "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su-Elektrik stansiyaları təmir edilərək istismara verilib. Qarabağ və Şərqi Zəngəzurda 9 rəqəmsal yarımstansiya, o cümlədən Ağdam və Cəbrayıl rayonlarında "Ağdam-1", "Ağdam-2" və "Cəbrayıl" yarımstansiyalarının, həmçinin "Qarabağ" Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi başa çatdırılıb.Ümumiyyətlə, ölkəmizdə tarixi abidələr və ziyarətgahlar daima dövlət başçının diqqətində olub. Məhz orta əsrlərə aid Diri baba türbəsinin yenidən qurulması və buranın turistlərin istifadəsinə verilməsi ölkəmizin tarixinin tanıdılması istiqamətində uğurlu dövlət siyasətidir. Təkcə, bu tarixi kompleksin təmiri deyil, regionlarda tarixi abidələr də demək olar ki, bərpa edilir. Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır. 15 may 2021-ci il tarixində ölkə başçısının Qəbələ rayonuna səfəri zamanı Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib. Ölkə başçısı həmçinin Qəbələnin Nic qəsəbəsində Müqəddəs Məryəm Ana Alban kilsəsində, 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olub. Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub.

Göründüyü kimi, regionlarda yenidənqurma və ardıcıl infrastruktur layihələri icra edilir. Məhz bu, ölkəmizin gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il tarixli 1453 nömrəli fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində gələcəkdə buraya investisiyaların cəlb olunması üçün böyük imkanlar yaradacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı üçün ayrılmış 200 hektar ərazidə mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri tamamlanmış və parkın konseptual planı hazırlanmışdır.

İşğaldan azad olunmuş ərazilərə ilk məskunlaşma Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası çərçivəsində icra edilən və artıq yekunlaşdırılan "Ağalı ağıllı kəndi"ndə baş tutacaq. Zəngilan torpaqlarının daha çox minalardan təmizlənməsi bu rayonda "ağıllı kənd"in tikintisi və "Dost aqropark"ın salınması ilə bağlıdır. Aqroparkda birinci mərhələdə 4 min baş cins qaramal yetişdiriləcək, 6 min hektar sahədə əkin aparılacaq. Müharibədən sonrakı iki ilin təhlili böyük quruculuq işlərinin əldə edilən nəhəng uğurların, illərlə aparılmış hazırlıqların bəhrəsidir. Təbii ki, hazırlıq prosesi getməsəydi, müharibədən dərhal sonra Böyük Qayıdış proqramının icrasına başlanılmazdı. Kompleks tədbirlərin həyata keçirilməsi sayəsində hədəflər gerçəkləşdirilir, müasir texnologiyaların həyatımıza geniş yol açdığı hazırkı zamanda "ağıllı şəhər", "ağıllı kənd" layihələrinin icrasına başlanılıb. Bərpa və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü nümayiş etdirir. Bu illər ərzində elə güclü, qüdrətli, modernləşməni, yeniləşməni əsas prinsip kimi qəbul edən Azərbaycan yaratmışıq ki, yenilməzliyi, məğrurluğu 44 günlük Vətən müharibəsinin əsas simvolu oldu. Tarixi abidələrin bərpası və yenidən qurulmasında ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

Birinci xanımın Azərbaycan paytaxtının memarlıq simasının dəyişməsində, həmçinin regionlarda tarixi abidələrin bərpasında rolunu da diqqətdən kənarda qoymaq olmaz. Dünyanın ən yaxşı arxitektorları tərəfindən həyata keçirilən, Bakını həqiqətən dəbdə olan müasir şəhərə çevirən bir sıra layihələr Mehriban Əliyevanın şəxsi iştirakı sayəsində mümkün olub.

Beləliklə o, öz işində iki istiqaməti – Azərbaycanın kompleks humanitar "brend" kimi dünyada irəliləməsini və ölkənin sistemli sosio-mədəni inkişafını uğurla sintezləşdirə bilib. Onun rəhbərliyi ilə bu iki proses, necə deyərlər, çiyin-çiyinə irəliləyir. Məhz Diri Baba türbəsinin bərpası, turizmə açılması bu istiqamətdə uğurlu işin davamıdır. Ölkəmizdə dövlət proqramları da uğurla həyata keçirilir. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır.Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası uğurla davam etdirilir.

Nicat İsmayılov,

YAP Yasamal rayon Akim Abbasov küç. 73 E ünvanı üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...