“Diri Baba” türbəsi öz unikallığı ilə seçilir” - DEPUTAT ŞƏRH ETDİ

“Bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ümummilli lider Heydər Əliyevin siyasətini, ideyalarını davam etdirən Prezident İlham Əliyevin bu sahədə atdığı addımlar, xalqımız tərəfindən yüksək dəyərləndirilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirən Prezident İlham Əliyev demişdir: “Azərbaycan xalqı öz milli mənəvi dəyərlərinə sadiqdir. Dövlətimiz bu dəyərlər üzərində qurulubdur. Bu gün müstəqil Azərbaycan bu əsaslı və güclü milli təməl üzərində öz gələcəyini qurur. Biz müasir dövlət qururuq, dünyaya inteqrasiya edirik, dünya proseslərində uğurla, fəal iştirak edirik. Ancaq çox güclü milli mənəvi dəyərlərimiz bizim üçün əsasdır. Biz ümumbəşəri dəyərlərə sadiqik, ümumbəşəri dəyərləri bölüşürük. Milli dəyərlər isə bizim üçün həm keçmişimizə olan münasibətdir, hörmətdir, eyni zamanda, gələcəyə atılan addımlardır”.
Xalqımızın zəngin ənənələrini yaşadan milli sərvətlər sırasında tarixi abidələrimiz xüsusi yer tutur. Əsrlərin sınağından keçərək, müasir mərhələyə gəlib çatmış tarixi abidələr xalqımızın həyat salnaməsini özündə ehtiva etməklə yanaşı, həm də maddi mədəniyyət nümunələridir. Bu məqamda qeyd etmək lazımdır ki, son illərdə respublikamızda tarix və mədəni irsin qorunması istiqamətində ciddi işlər görülüb. Abidələrin bir çoxunda bərpa-konservasiya, elmi-tədqiqat işləri aparılıb, tarixi ərazilərdə qoruqlar yaradılıb.
Milli-mənəvi dəyərlərin tərkib hissəsi olan dini dəyərlər haqqında ölkə Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir”.
Deputat həmçinin qeyd edib ki, erməni vandalları 30 ilə yaxın işğal altında saxladıqları Qarabağ torpağında milli dəyərlərimizə qarşı vəhşiliklər törətmiş, tarixi, mədəni və dini abidələrimizi yerlə -yeksan etmişlər: “Dağlıq Qarabağ və ona bitişik rayonlarda dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 292 və yerli əhəmiyyətli 330 tarix və mədəniyyət abidəsi qalmışdı. Bunlardan yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Erməni millətçiləri xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk–müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür namərdliyə əl ataraq çirkin əməllərini illər boyu davam etdiriblər.
Milli-mənəvi dəyərlərin yaşadılması, onun təbliğ olunmasında genişmiqyaslı fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondu da ötən illər ərzində bu sahədə böyük uğurlara imza atıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunması və bərpasını daim diqqət mərkəzində saxlayır.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Mehriban xanımın göstərişi ilə icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olundular. Hazırda bərpa prosesində Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər iştirak edirlər. Bu gün Heydər Əliyev Fondu Qarabağda yalnız bərpa layihələri həyata keçirmir. Bölgədə sürətlə aparılan quruculuq işlərinə töhfə vermək məqsədilə yeni dini və mədəniyyət obyektlərinin inşasını da həyata keçirir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə demişdir: "Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir".
Ərazisində qədim tarixi yerlərin, dini abidə və məkanların olduğu Azərbaycanda son dövrlər turizmin bütün növlərinin inkişafına xüsusi önəm verilir. Bu sırada dini turizm də özünəməxsus yer tutur. Azərbaycanın daxilində müxtəlif dini obyektlər var və inanclı insanlar bu yerləri ziyarət edirlər. Məsələn, Naxçıvan ərazisindəki Əshabi-Kəhfi nəinki ölkəmizin müxtəlif yerlərindən, qonşu İran, Türkiyə və başqa ölkələrdən gəlib ziyarət edənlər var. Bakıda Bibiheybət məscidi, Nardaran piri, Mirmöhsün ağanın məqbərəsi, Gəncədə İmamzadə piri respublikada geniş tanınan ziyarət yerləridir.
Regionlarda təbiətin zənginliyi və rəngarəngliyi turizmin müxtəlif növlərinin inkişafına geniş imkanlar yaradır. Odur ki, regional inkişafa dair dövlət proqramında nəzərdə tutulan tədbirlərdən 30-u turizmə həsr olunub. Dövlət başçısı bölgələrə səfərləri zamanı həmişə proqramın icrası ilə maraqlanır. Bu sahə ilə məşğul olan sahibkarlara tövsiyə və tapşırıqlarını verir. Artıq bir sıra rayonlarda diqqətçəkən infrastrukturlar yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 12-də Basqal qəsəbəsinə səfərləri zamanı, Ölkə Rəhbəri bildirmişdir ki, son illərdə Ağsu və İsmayıllı rayonlarında böyük infrastruktur layihələri icra edilmişdir. Demək olar ki, infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır.
Hər iki rayonda qazlaşdırma, elektrik enerjisi, su təchizatı və yolların tikintisi ilə bağlı çox böyük layihələrin icra edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib: “Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Son illərdə bu iki rayonda 10-dan çox elektrik yarımstansiyası inşa edilmişdir və elektriklə təchizat tam təmin edilir. Yolların çəkilişi, həm kənd yolları, eyni zamanda, İsmayılı-Muğanlı yolunun yeni hissəsi icra edilir”.
Ölkənin dini–tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev Qobustan rayonundakı “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olarkən demişdir: “Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdir ki, bu tarixi abidəmiz bərpa edilsin, onun ətrafında turizm infrastrukturu yaradılsın. “Diri Baba”

türbəsi öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə ki, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək. Onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir”
Azərbaycan Prezidenti İlham Əliyevin regionlarda infrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində şəxsən iştirak etməsi, istehsal müəssisələri ilə tanış olması, ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşlər keçirməsi, qaldırılan məsələlərin həll olunması üçün yerindəcə müvafiq göstərişlər verməsi, regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərin uğurla davam etməsinə böyük əminlik yaradır.
Regionların inkişafı isə, qeyri-neft sektorunun davamlı inkişafına, iri sosial infrastruktur layihələrinin icrasına, həmçinin yeni müəssisələr və iş yerlərinin açılmasına şərait yaradaraq regionlarda əhalinin məşğulluğunun artırılmasına, rifah halının yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə