QHT rəhbərlərinin forumla bağlı TƏƏSSÜRATLARI - SORĞU

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin nəticələrini elan edib. Nəticələr Şuşa şəhərində elan olunub. Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və Kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, müsabiqədə ölkənin müxtəlif sahələrdə fəaliyyət göstərən 227 QHT iştirak edib.

SİA müsabiqədə iştirak edən QHT rəhbərlərinin fikirlərini öyrənməyə çalışıb:

"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli bildirib ki, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinə "Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsi ilə qoşulub: "Bu istiqamətdə Azərbaycanda çox az sayda peşəkar və akademik üzvlər şəbəkəsi olan qeyri-hökumət təşkilatı var. Şuşanın hazırda ən böyük problemi də məhz tarixi-mədəni irsin beynəlxalq QHT-lər çevrəsində düzgün təqdim olunması və ictimai rəyə təsir etməsidir. Beynəlxalq QHT-lər YUNESKO, İKOMOS, İKKROM, İCOM, Dünya Abidələr Fondu, YOKOKU, Avropa Arxeoloqları Asossiasiyası və s. kimi təşkilatlar həlledici təşkilatlar olub, diplomat, siyasətçi, jurnalist sözlərinə deyil, akademik araşdırmalara əhəmiyyət verirlər. Bu araşdırmalar əslində beynəlxalq arenada mədəni irs təşkilatı kimi qəbul edilən yerli qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilməlidir. Ona görə də bu müsabiqədə belə boşluğun aradan qaldırılması üçün maraqlı layihələrin qalib olduğunu görürəm və bu tendensiyanı təqdir edirəm. İctimaiyyətimiz bilsin ki, bu sahədə bilinən və bilinməyən, görünən və görünməyən "cəbhə döyüşləri" gedir və bu sahədə akademik imkanları geniş olan və birləşə bilən QHT-lərin artmasına ehtiyac var".

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov qeyd edib ki, "Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsi Şuşa ili müsabiqəsinin yekunlarına həsr olunub: "Bu forum ümumilikdə Şuşanın təbliğinə böyük təkan verəcək. QHT rəhbərləri, üzvləri Şuşada aparılan quruculuq işlərinin işıqlandırılması prosesinə dəstək göstərir. Digər bir tərəfdən bu forum Şuşanın 276 illiyinin qeyd olunması ərəfəsində keçirilən mühüm bir tədbirdir. Bu baxımdan Şuşada forumun keçirilməsi mühüm əhəmiyyət kəsb edir".

"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İskəndərli bildirib ki, Prezident İlham Əliyevin elan etdiyi Şuşa ili çərçivəsində keçirilən xüsusi qrant proqramı QHT-lərə Dəstək Agentliyinin həyata keçirdiyi bir proqramdır: "Bu proqramda iştirak üçün 227 layihə təqdim olunub. Onlardan 68-i ilkin seleksiyadan keçib. Sonda isə 22 QHT layihəsi maliyyələşdirilib. Bu proses bir sıra mərhələlərdən ibarətdir. Hesab edirəm ki, seçilən layihələr Şuşa ili çərçivəsində Şuşaya layiq tərzdə həyata keçirilən layihələrdir. Hüquqi təhlil və Araşdırmalar İctimai Birliyi olaraq təqdim etdiyimiz layihə gələcəkdə qayıdışa hazırlanan şəxslərlə işləyəcək QHT-lərin indiki məqamda bacarıqlarının artırılması ilə bağlıdır. Layihə çərçivəsində bir sıra konfranslar, tədbirlər keçiriləcək və sonda isə dövlət orqanlarına təkliflər hazırlanacaq”.

"Bakı insan hüquqları klubu" İctimai Birliyinin sədri Rəsul Cəfərovun fikirlərinə görə, Şuşa ilə bağlı layihələrin dəstəklənməsi ideyası çox yaxşı bir ideyadır: "Şuşa ilinin qeyd olunmasında vətəndaş cəmiyyəti ilə yanaşı qeyri-hökumət təşkilatları da iştirak edir. Müsabiqə ilə bağlı nəzərdə tutulmuş qaydalar və prosedurlara uyğun olaraq bizim tərəfdən hər hansı bir şübhə yaradacaq bir məqam, ziddiyyət müşahidə edilmədi. Nəticələr elan edildikdən sonra müəyyən narazılıqlar olub. Birbaşa olaraq bizə heç bir narazılıq ünvanlanmayıb deyə bununla bağlı hər hansı bir konkret mövqedə deyilik. QHT-lərə Dövlət Dəstəyi Agentliyi də bununla bağlı məlumat yayıldı ki, həmin narazılıqlar agentlik tərəfindən baxılacaq və suallar cavablandırılacaq”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə