"Azərbaycanla münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda inkişaf edir" - RUSİYA XİN

Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir. Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda inkişaf edir. Gündəlik birgə iş bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur. SİA xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin Sergey Lavrovun Azərbaycana işgüzar səfəri ilə bağlı yaydığı məlumatda yer alıb.

İki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi aktın bağlandığının qeyd olunduğu məlumatda deyilir: “Ölkələrimiz arasında münasibətlərdə əlamətdar hadisə bu il fevralın 22-də imzalanan sənəddir. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə xarici siyasətin əlaqələndirilməsini və hərbi-siyasi əməkdaşlığın gücləndirilməsini, beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsini, iqtisadi əməkdaşlığın qurulmasını və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur”.

Məlumatda qeyd olunur ki, 11-ci Rusiya-Azərbaycan Regionlararası Forumunun bu il Bakıda keçirilməsi gözlənilir. Rusiya-Azərbaycan regionlararası əməkdaşlığının əhəmiyyəti artır. Rusiya Federasiyasının 70-dən çox subyekti bu işə cəlb olunub. Onlardan 18-i Azərbaycanla ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişlər bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə