Maraqlara deyil, dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan qardaşlıq birliyi TƏHLİL

Azərbaycan Prezidentinin Brüssel görüşü ilə bağlı Türkiyə Prezidentilə müzakirə aparması "Bir millət, iki dövlət" liderlərinin hər zaman bir-birinin yanında olduğunun sübutudur

Mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti görüşü regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində atılan daha bir addımdır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən bu görüş sayca üçüncüdür. Önəmli məsələ bundan ibarətdir ki, danışıqlar prosesində "Dağlıq Qarabağ" ifadəsinə rast gəlmirik, əvəzində Qarabağ ifadəsi bəyanatda yer alır. Digər məsələ kommunikasiyaların açılması ilə bağlıdır. Çünki bu məsələdə Ermənistan tərəfindən yubadılır. Eyni zamanda, 22 may bəyanatında qeyd olunan məsələ məhz iqtisadi - nəqliyyat əlaqələrinin bərpası ilə bağlıdır. Bu xüsusda nəqliyyat loqistika əməliyyatlarının strateji əhəmiyyəti də Avropa İttifaqının əsas diqqət mərkəzində olduğunu sübut edir. Digər məsələlərdən biri də sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Sülh müqaviləsi və sülh gündəliyi terminləri Avropa İttifaqının strateji xəttinin hissəsi halına gəlmişdir və bu yanaşma Cənubi Qafqazda sülhün və təhlükəsizliyin, sabitliyin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, tərəflər razılığa gələrək, növbəti görüşü iyul, avqust aylarında keçirəcəklər.

PREZİDENT İLHAM ƏLİYEVİN RƏCƏB TAYYİB ƏRDOĞANA ZƏNG ETMƏSİ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ DOSTLUQ, QARDAŞLIQ VƏ STRATEJİ MÜTTƏFİQLİYƏ DAYANIR

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana həmin görüşün nəticələri, müzakirələrin gedişi barədə məlumat verib. Azərbaycan və Türkiyə münasibətləri dostluq, qardaşlıq və strateji müttəfiqliyə dayanır. İki dövlət arasında hərbi müttəfiqlik münasibətləri də var və Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə əlaqələri özünün ən yüksək səviyyəsinə çatıb. Prezident İlham Əliyev görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub. Azərbaycan Prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.Dövlətimizin başçısı, eyni zamanda, bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam verildiyini də qeyd edib. Prezident İlham Əliyev, həmçinin Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib.

TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN GÖRÜŞDƏ ƏLDƏ OLUNAN MÜSBƏT NƏTİCƏLƏRİ YÜKSƏK QİYMƏTLƏNDİRİB

Göründüyü kimi, Türkiyə-Azərbaycan qardaşlıq birliyi maraqlara deyil, dəyərlərə əsaslanır. Və Azərbaycan Prezidentinin Brüssel görüşü ilə bağlı Türkiyə Prezidentilə müzakirə aparması "Bir millət, iki dövlət"in liderlərinin hər zaman bir-birinin yanında olduğunun sübutudur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib. Azərbaycan və Türkiyə prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar. Qeyd edək ki, Azərbaycan və Türkiyə münasibətlərinin yüksək səviyyə çatmasında hər iki dövlət başçısının müstəsna rolu var. “Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel görüşü ilə bağlı qələbəsini Türkiyə Prezidentinə bildirməsi, müzakirə açması təqdirəlayiqdir. Qoy, bütün dünya şahidlik etsin ki, biz dost və müttəfiq dövlətlər olaraq qazandığımız uğurlar, qarşılaşdığımız problemlər və onların həlli istiqamətində daim məsləhətləşmələr aparırıq. Bu, həm də ötən ilin iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsinin fəlsəfəsindən irəli gəlir. 44 günlük Vətən müharibəsi də bir daha təsdiqlədi ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. İndi də Brüssel görüşünün mahiyyəti, əldə edilən uğurlar və həllini gözləyən məsələlərlə bağlı cənab Ərdoğanla məsləhətləşmə aparılması bunun sübutudur. Nəticə etibarilə, bütün bunlar Azərbaycanın mövqeyini gücləndirən addımlardır. Təbii ki, Ermənistan da bu prosesləri diqqətlə izləyir və görür ki, Brüssel görüşünün nəticələri ilə bağlı Azərbaycan və Türkiyə siyasi liderləri məsləhətləşmə aparırlar. Bu, iki dövlətin, iki xalqın və iki liderin hər zaman bir-birinin yanında olduğunu sübut edir.

Bəli, bu gün Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubu Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs bundan yalnız faydalanacaq. Çünki Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır. Qarabağ savaşı Böyük Qələbəmizlə başa çatandan sonra Cənubi Qafqaz çox ciddi və mühüm bir başlanğıca qədəm qoyur. O başlanğıcın adı Sülhdür! Sabitlik və İnkişafdır!

İLHAM ƏLİYEV VƏ RƏCƏB TAYYİB ƏRDOĞAN – BÜTÜN TÜRK DÜNYASINDA ƏLAQƏLƏRİN MÖHKƏMLƏNMƏSİNƏ XİDMƏT EDƏN QARDAŞLIQ BİRLİYİ

Ölkələrimiz arasındakı qardaşlıq, müttəfiqlik münasibətlərinin inkişafında sözsüz ki, hər iki dövlətin liderlərinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolu misilsizdir. İstər Azərbaycan, istərsə də Türkiyə hər bir uğurda bir-birinin yanında görmək istədiyi tendensiya müşahidə olunur. Elə bu günlərdə dənizin üzərində inşa edilən nəhəng layihə - Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbərinin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və buna baxmayaraq durmadan inkişafa davam etdiyini göstərir. Odur ki, liderlərin iştirakı ilə baş tutan açılış mərasimi həm də dövlətlərin və xalqlarımızın bir-birinə bağlılığının növbəti əyani təzahürüdür. Üstəlik, siyasi və strateji münasibətləri nəzərə almasaq belə, bu cür hadisələrin xalqlarımız arasında xüsusi mənəvi dəyərə sahib olduğunu da vurğulamaq gərəklidir.Məsələn, ötən ilin oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini yadımıza salaq. Uzun illər sonra tarixi ədaləti bərpa edib Zəfər qazanan Azərbaycan üçün işğaldan azad edilmiş torpaqlarda bu cür böyük bir layihəni icra etmək və bunu reallığa çevirmək olduqca mühüm əhəmiyyətə malik idi. Məhz belə bir məqamda isə Türkiyə lideri açılış mərasimində iştirakı ilə bir daha Azərbaycana olan böyük dəstəyi və dövlətlərimizin, xaqlarımızın sarsılmaz bağlarla bir-birinə bağlandığını bütün dünyaya göstərmiş oldu.

ŞUŞA BƏYANNAMƏSİ - MÜTTƏFİQLİK BƏYANNAMƏSİDİR

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı. Qars müqaviləsi, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”yə əsaslanan bu bəyannamə Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi, iki xalqın tarix, soykökü, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləmiş oldu. İki dövlət arasındakı münasibətlər bununla keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu müqavilə həm də postmüharibə dövründə də Azərbaycan-Türkiyə münasibətlərinin region üçün təhlükəsizlik və sabitliyin təminatçısı olacağının elanına çevrildi.

Bir sözlə, Azərbaycan və Türkiyə qardaşlığı bölgəyə sabitlik gətirməklə yanaşı, bu birlik həm də regional güc kimi mühüm əhəmiyyətə malikdir. Bu gün öz liderlərinin sayəsində hər iki ölkə bütün dünyada böyük uğurlar əldə edən, prinsipial siyasət yürüdən güc kimi tanınırlar. Artıq şübhə yoxdur ki, iki xalq və dövlət arasındakı qardaşlıq daimidir və bundan sonra də bütün türk dünyası hər iki ölkənin növbəti uğurlarına şahidlik edəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...