Bu gün Azərbaycan-Türkiyə münasibətləri artan xətt üzrə inkişaf edir - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasına səfər etməsi və Rizə-Artvin beynəlxalq hava limanının açılışında iştirak etməsi çox mühüm bir hadisədir. Göründüyü kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ana Vətəni hesab edilən Rizədə məhz belə bir beynəlxalq hava limanının açılışında Azərbaycan Prezidentinin dəvət edilməsi və açılış mərasimində iki dövlət başçısının iştirak etməsi Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olmasından xəbər verir". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin Türkiyədə çox böyük əhval-ruhiyyə ilə qarşılanması və böyük kütlənin ölkə başçısının çıxışı zamanı alqışlaması çox böyük məqamlardan xəbər verir: "Prezident çıxışı zamanı Azərbaycanın salamlarını çatdırdı və 44 günlük Vətən müharibəsində türk xalqının dəstəyinə görə, öz təşəkkürünü bildirdi. Bu torpaqların cənnət məkanı olduğunu səsləndirdi. Türkiyə-Azərbaycan qardaşlığının əbədi olacağını bildirdi. Bu, onu deməyə imkan verir ki, yalnız prezidentlər səviyyəsində deyil, xalqlarımız səviyyəsində bu qardaşlıq dəstəklənir. Azərbaycan və Türkiyə bütün beynəlxalq layihələrdə birgə iştirak edir. Azərbaycanın dar günündə, pis günündə Türkiyə bütün dəstəyini göstərib, eynilə Azərbaycan Türkiyənin pis günündə, dar günündə yanında olub. Məhz Rizə-Artvin beynəlxalq hava limanının açılışında da Prezidentin də iştirak etməsi onu deməyə imkan verir ki, həm Azərbaycan, həm Türkiyə birlikdə inkişaf edəcək və iki qardaş ölkə olaraq gücümüzə güc qatacağıq.

May ayı Türkiyə-Azərbaycan münasibətlərində çox aktiv ay hesab edilir. Prezident İlham Əliyevin Türkiyə səfərindən sonra may ayının sonlarına yaxın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana "Teknofest" festivalı çərçivəsində səfəri gözlənilir. Bu səfər çox önəmli bir səfərdir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri artan xətt üzrə inkişaf edir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə