Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır - ŞƏRH

Müstəqil dövlət kimi, Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. Bu əlaqələrin qurulmasından artıq 30 il ötüb. Bu müddət ərizində iki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra inkişaf mərhələsinə daxil olub.

Azərbaycan müstəqillik əldə etdikdən sonra 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindəndir. Azərbaycanla Gürcüstan arasında yaxınlığın və əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.

Azərbaycan və Gürcüstan arasında tarixən dostluq və mehriban qonşuluq münasibətləri yüksək səviyyədə olmuşdur. İki ölkə arasında strateji tərəfdaşlığın əsasını qoymuş 8 mart 1996-cı il tarixində imzalanmış "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə", həmçinin 4 mart 2004-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Gürcüstan arasında Birgə Bəyannamə" konstruktiv əlaqələrin gələcək inkişafı üçün mühüm önəm daşıyır.

"BİZİM BİRGƏ HƏYATA KEÇİRDİYİMİZ LAYİHƏLƏR HƏM ÖLKƏLƏRİMİZ, HƏM QİTƏ, HƏM DƏ DÜNYA ÜÇÜN ÖNƏMLİDİR"

Gürcüstan prezidenti xanım Salome Zurabişvilinin prezident seçilməsindən sonra regionda birinci səfərinin Azərbaycana olması dövlətlərin qonşu və dost ölkə olduğuna əsaslanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq: "Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir. Yəni, biz çox uğurlu əməkdaşlıq formatı yarada bildik". Gürcüstanla Azərbaycanı, hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Regionda yeni mühüm bir layihəni ərsəyə gətirmək üçün iki dövlətin mövqeləri üst-üstə düşür. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan və Azərbaycanın bütün sahələrdə çox uğurla əməkdaşlıq etdiyini və bu əməkdaşlığın böyük hissəsinin energetika sektoruna aid olduğunu bildirmişdi: "Bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Əgər tarixə nəzər salsaq, görərik ki, hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra, əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, yəni üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik".

Həyata keçirilən bu layihələr iqtisadi inkişafa böyük təsirini göstərməkdədir. Gürcüstandan Azərbaycanın ixrac neft kəməri və ixrac qaz kəməri keçir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti də qonşu ölkədən keçir. Bu gün Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əməkdaşlıq nünasibətləri dinamik inkişaf edir. Azərbaycan şirkətləri qonşu dövlətə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla, həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir.

Əlbəttə ki, iki dövlət arasında dostluq münasibətlərindən danışırıqsa, Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrin inkişafında önəmli rol oynadığını da bildirməliyik. Bütün sahələrdə uğurlu əlaqələr böyük layihələrin reallaşmasına səbəb olur və iki dövlət arasında olan dostluğun təməlini daha da möhkəmləndirir. Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi, Gəncə şəhəri ilə Kutaisi və Rustavi, Sumqayıt ilə Rustavi, Şəki ilə Telavi şəhərləri arasında qardaşlaşma haqqında memorandumlar imzalanıb. Bu şəhərlərin rəhbərləri və ictimaiyyət nümayəndələri arasında görüşlər keçirilir, qarşılıqlı maraq doğuran məsələlər ətraflı müzakirə olunur, birgə layihələr reallaşdırılır. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu təsis edilmiş və 03 dekabr 2010-cu il tarixdən Baş Konsulluq rəsmi fəaliyyətə başlamışdır. Gürcüstanın Azərbaycandakı səfirliyi 1995-ci ilin fevral ayından etibarən fəaliyyət göstərir. Gəncə şəhərində Gürcüstanın Baş konsulluğu 12 dekabr 2013-cü il tarixində rəsmi fəaliyyətə başlamışdır.

ƏMƏKDAŞLIQ MEMORANDUMU ƏLAQƏLƏRİN DAHA DA İNKİŞAFINA TÖHFƏ VERƏCƏK

Əlbəttə, hər iki dövlət arasında siyasi-iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri mühüm baza rolunu oynayıb. Son illərdə isə ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki dövlətin parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradıb.

Bildiyimiz kimi, Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi kökləri var. Əsrlər boyu qonşu olan Azərbaycan və gürcü xalqları arasında heç bir zaman ciddi problem, münaqişə olmayıb. Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantına çevrilib. Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın dövlətçiliyinə dəstək olublar. Xalqları birləşdirən istər tarixi əlaqələr, istər çoxəsrlik dostluq, qardaşlıq münasibətləri möhkəm təməl üzərindədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin martın 11-də Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi bu əlaqələrin davamlı olmasında dəlalət edir. Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, enerji, ticarət sahələrində uğurla inkişaf etdiyi bildirilib. Söhbət zamanı Azərbaycanın və Gürcüstanın Ədliyyə nazirlikləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunulub, Qeyd edək ki, Rati Breqadzenin ölkəmizə səfəri çərçivəsində nazirliklər arasında imzalanan Əməkdaşlıq Memorandumu bu sahədə əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəkdir. İki ölkə arasında getdikcə genişlənən əlaqələr 30 il ərizində aparılan uğurlu əməkdaşlığın nəticəsidir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə