Fransa Azərbaycanın nə qədər inadkar və prinsipial mövqe tutduğunu görür - ŞƏRH EDİLDİ

"Fevralın 4-də dördtərəfli videoformat görüşündən sonra Fransa prezidenti Emmanuel Makronun və Avropa İttifaqı şurasının prezidenti Şarl Mişelin birgə bəyanatında diqqət çəkən bir sıra məqamlar var ki, bunlardan biri və önəmlisi Minsk qrupu formatına istinad edilməməsidir. Bəllidir ki, müharibədən sonra bölgəmizdə yeni reallıqlar yaranıb və bu yeni reallıqların diqtə etdiyi ən mühüm məntiqi nəticə ondan ibarətdir ki, Minsk qrupu formatının əməkdaşlıq formatının, Minsk qrupu həmsədrliyi formatının köhnə missiya və platforma ilə bölgəmizdə fəaliyyət göstərməsi artıq mümkünsüzdür". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi də dəfələrlə bu barədə konkret mövqeyini bildirib ki, əgər Minsk qrupunun həmsədrlik formatı bizim bölgəmizdə müharibədən sonrakı proseslərdə də iştirak etmək istəyirsə fəaliyyət missiyası və platforması yenilənməlidir və mövcud reallıqlara uyğun olaraq özləri üçün fəaliyyət çevrəsi müəyyənləşdirməlidirlər: "Bu nöqteyi-nəzərdən videoformatda Minsk qrupuna istinad edilməməsi, bəyanatda Minsk qrupunun onun həmsədrlik formatı adının çəkilməməsi, amma müharibədən sonra bölgədə qalmaqda olan bəzi problemlərin həlli zərurətindən danışılması tamamilə yeni nüansdır. Hətta irəli gedərək belə demək mümkündür ki, belə dördtərəfli format müzakirələrini bölgədə müharibədən sonra yaranmış yeni reallıqlara uyğun yeni vasitəçilik və yeni müzakirə platformasının konturları da adlandırmaq olar".

Aydın Quliyev sözlərinə belə davam edib: "Əgər indiyə qədər bölgədə Azərbaycanla Ermənistanın arasında əsas vasitəçi qismində Minsk qrupunun həmsədrləri çıxış edirdilərsə, bu dəfə Minsk qrupu həmsədrləri əvəzində artıq Fransanın və Avropa İttifaqı şurasının prezidentinin önə çıxması yeni bir vasitəçilik formatının əlamətləri kimi qəbul oluna bilər. Yəqin ki, Fransa prezidenti də burada Minsk qrupunun həmsədrlərindən biri olan ölkə kimi yox, artıq yeni bir statusda iştirak etmək istəyinin müəyyən əlamətlərini göstərir. Bu bəyanatda sülh sazişinin imzalanması üzərində danışıqların başlanmasının bir imperativ kimi bəyan edilməsi olduqca əhəmiyyətli yanaşmadır. Çünki sülh sazişinin zəruriliyi indiyə qədər də Azərbaycan və Ermənistan tərəfindən deyilsə də ancaq konkret olaraq bu istiqamətdə addımların atılmasının şahidi ola bilmirdik. Ancaq bu bəyanatda və bu müzakirədə biz sülh sazişinin imzalanması istiqamətində danışıqların başlanması barədə razılığın əldə olunması kimi bir yeni və konkret nüansı eşitdik. Əlbəttə bu əhəmiyyətlidir və deməyə əsas verir ki, Minsk qrupunun fəaliyyətinin, onun həmsədrlik formatının yavaş-yavaş kölgəyə sıxışdırıldığı bir dönəmdə Azərbaycan və Ermənistanın arasında mövcud olmaqda və qalmaqda davam edən bəzi problemlərin həlli üçün yeni əməkdaşlıq və müzakirə formatı yaranır. Bu da Avropa Birliyinin və Fransanın vasitəçiliyi ilə gedən danışıqlardır.

Əgər xatırlayırsınızsa hələ dekabr ayının 14-də Brüsseldə Fransa prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın rəhbərləri görüşmüş və orada müzakirələr aparmışdılar. Artıq hiss olunur ki, müharibədən sonra yaranmış reallıqlar Fransanın özünün də siyasətini dəyişməyə başlayır. Çünki, Fransa əgər xüsusilə də müharibəyə qədər müharibə dövründə və müharibədən sonrakı ilk aylarda ermənipərəst mövqeyini davam etdirirdisə də son vaxtlar Fransanın bölgədəki problemlərə Azərbaycan və Ermənistanla münasibətlərdə müəyyən müstəqilləşməyə daha tərəfsiz mövqe göstərməyə meyl hiss olunmaqdadır. Bu da görünür onunla bağlıdır ki, artıq Fransa da bölgədə yaranmış reallıqları və bu reallıqların üzərində Azərbaycanın nə qədər inadkar və prinsipial mövqe tutduğunu görür. Eyni zamanda müharibədən sonra bölgədə yaranmış olan reallıqların içərisində öz mövcudiyyətini saxlamaq üçün Fransa xarici siyasətini Qafqaz istiqamətində müəyyən dəyişikliklər etməyə məcburdur.

Bir sözlə, Fransa prezidentinin və Mişelin mətbuat üçün birgə açıqlaması həm Azərbaycanın müharibədən sonra mövcud olan problemlərin həlli yollarına baxışının bir daha təsdiq olunmasıdır. Azərbaycanın vacib bildiyi məsələlər ətrafında müzakirələrin açılması və onun həlli imkanlarının yaranması deməkdir. Eyni zamanda bölgədə müharibədən sonra qalan problemlərin həlli üçün yeni müzakirə formatlarının yaranmasının göstəricisidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə