Bu məsələdə Azərbaycan və Rusiya maraqları kəsişir - ŞƏRH EDİLDİ

"Cənab Prezident İlham Əliyev yerli media nümayəndələrinə müsahibə verərkən Rusiya sülhməramlılarının fəaliyyətindən narazı olduğunu bildirdi". Bu sözləri SİA-ya açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, axırıncı dəfə Fransa prezidentliyinə namizəd xanım Valeri Pekresin Qarabağa təxribatçı səfəri baş tutdu. Cənab Prezident müsahibəsi zamanı xüsusilə vurğuladı ki, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir: "Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər".

Ümumiyyətlə biz elə etməliyik ki, 4 ildən sonra yəni sülhməramlıların fəaliyyəti bitdikdən sonra onlar bu ərazilərdən getsinlər. 10 noyabr bəyanatında da qeyd olunub ki, sülhməramlıların müddətinin bitməsinə 6 ay qalmış tərəflərdən biri etirazını bildirərsə, həmin qüvvələr bölgəni tərk etməlidirlər. Düşünürəm ki, bu məsələdə cənab Prezident haqlıdır. Artıq bizim rus hərbiçilərinə ehtiyacımız olmamalıdır. Dövlət başçısı müsahibə zamanı onu da vurğuladı ki, Qarabağda yaşayan ermənilərin sayı azalır. Artıq 27 minə gəlib çatır. Halbuki Rusiya Prezidenti bu məsələni şişirdərək hazırda orada 27 min yox 53 min erməninin yaşadığını demişdi. Buradan da açıq-aşkar görünür ki, bu məsələdə də Azərbaycan və Rusiya maraqları kəsişir. Yəni haradan baxsaq, görərik ki, Qarabağ məsələsində Rusiya baxışlarında Azərbaycana qarşı bir siyasət formalaşıb".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə