Zəfər Paradı milli birliyimizin tarixdə qalacaq imzası oldu - ŞƏRH

Dekabrın 10-da Bakının Azadlıq meydanında 30 illik həsrətə 44 gün ərzində Qalib Liderimiz, Ali Baş Komandan, Prezident İlham Əliyev “Dəmir yumruq” siyasətinə əməl edən Güclü Azərbaycan Ordusunun əsgər və zabitlərimizin qəhrəmanlığı ilə Vətən müharibəsində əldə edilmiş Qələbəyə həsr olunmuş Zəfər Paradının keçirilməsinin bir ili tamam olur. 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradı Azərbaycan dövlətçiliyinin böyük təntənəsi və milli birliyimizin tarixdə qalacaq imzası oldu. Bu Parad qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının qürur və iftixar mənbəyinə çevrildi. Çünki bu, həm öz torpaqlarını işğaldan azad edən yenilməz dövlətin qüdrətinin, həm də xalqımızın böyük mübarizə əzminin bütün dünyaya nümayiş etdirilməsi idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni "dəmir yumruq"la əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi.

Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər Paradıdır. Bu, tarixi hadisədir”.

Azərbaycan Ordusunun Zəfər Paradı həm də dünya erməniliyinə, Ermənistanın havadarlarına verilən bir mesaj idi

Bu parad, eyni zamanda müzəffər Azərbaycan Ordusunun gücünü bir daha düşmənə, onun havadarlarına - ermənipərəst dairələrə göstərdi. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.

Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya erməniliyinə, Ermənistanın havadarlarına verilən bir mesaj idi. Bundan sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə cürəti çatmayacaq.

İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Ermənistanı döyüş meydanında darmadağın edərək onun işğal siyasətinə son qoydu. Ona görə bu müharibə müasir tariximizin Zəfər salnaməsinə çevrildi. Bu Qələbə Azərbaycanı qaliblər sırasına çıxardı, xalqımızı daha da böyütdü və daha güclü etdi.

“Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”

Prezident, Ali Baş Komandan İlham Əliyev Bakıda keçirilən hərbi paradda: «Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq», - deyə vurğulayıb.

Artıq o gün gəldi və o gündən bir il ötüb. Verdiyi bütün söz və vədlərin sahibi olan, onu həyata keçirən Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin vaxtilə səsləndirdiyi bu bəyanat gerçəkləşdi. Vətən müharibəsində böyük Qələbəmizə həsr olunmuş Zəfər paradında "mənim Ali Baş Komandanım, mənim əsgərim, mənim zabitim,"- deyə hər bir soydaşımız Müzəffər Azərbaycan Ordusu ilə qurur duydu. Azərbaycanın tarixi Zəfər Qələbəsinə həsr olunmuş parad ordu quruculuğunun Azərbaycan dövlətinin prioritetlərindən biri olduğunu göstərdi. Sözsüz ki, güclü ordu həm də güclü iqtisadiyyat tələb edir. Azərbaycanın hər il genişlənən beynəlxalq enerji layihələri, iqtisadi imkanları hərbi potensialının inkişafına zəmin yaratdı. Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirdi. Son illər ərzində 20-dən çox hərbi zavodun yaradılması, 1200 addan çox hərbi təyinatlı müxtəlif məhsulların istehsalı və ixracı, ordumuzun müxtəlif ölkələrdən alınan müasir silah və texnikalarla təmin edilməsi Azərbaycan dövlətinin uğurlu hərbi strategiyasının bariz nümunəsi olaraq Azərbaycan Ordusu "Dəmir yumruq" əməliyyatı ilə torpaqlarını erməni işğalından azad etdi. Ölkə Prezidenti 44 gün ərzində Azərbaycanın haqq səsini çatdırmaq üçün bütün beynəlxalq aləmə səsləndi 30-dan artıq müxtəlif ölkələrin jurnalist və ekspertlərinə verdiyi tutarlı cavablarla onların məkrli baxışlarını alt-üst etdi, informasiya blokadasını yardı. Bütün dünya lider-xalq-ordu vəhdətinin şahidi oldu. Məhz bu birliyin nəticəsində Böyük Qələbəmizə nail olduq. Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının dediyi kimi: «Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!»

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə