Büdcəmiz yeni perspektivlər vəd edir - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Respublikasının müstəqillik tarixinin ən iri maliyyə tutumlu büdcəsi 2022-ci il üçün ayrılan büdcə oldu. Nəzərə alsaq ki, bu büdcə həm də postmüharibə və pandemiya məhdudiyyətləri kontekstində formalaşdırılıb. O zaman belə bir büdcənin ortaya çıxmasını mühüm iqtisadi-maliyyə uğuru kimi görə bilərik”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, dövlət büdcəmizdə sosial yönümlü xərclərin ötən illə müqayisədə daha da artırılması isə Azərbaycan dövlətinin aztəminatlı sosial təbəqənin rifahı üçün qəbul etdiyi qərar kimi nəzərə alınmalıdır: “Büdcə xərcləri içərisində ən iri seqment təqribən 13 milyard manat olmaqla məhz əməkhaqqı və sosial xərcləri əhatə edir. Buna paralel olaraq icbari tibbi sığortanın təşkili, elm və təhsil sferası kimi sahələrə ayrılan xərclərdə artımın müşahidə edilməsi də mühüm əhəmiyyətli məsələlərdən birini təşkil edir”.

H.Babaoğlu vurğulayıb ki, ən əsas məsələlərdən biri isə Böyüş Qayıdış üçün 2022-ci il büdcəsində nərədə tutulan 2,2 milyardlıq xərclər paketidir ki, bu da xalqımızn 30 illik arzusunun reallaşması baxımından əlamətdar tarixi hadisədir: “Təhlükəsizlik və müdafiə xərcləri üzrə də dövlət büdcəmizdə artım qeydə alınıb ki, bu da tarixi qələbəmizdən sonra yeni yaranmış strateji reallıqların qalıcı olmasını təmin etmək baxımından olduqca vacibdir. Bütövlükdə isə 2022-ci il dövlət büdcəsi ölkəmizin inkişafının bütün istiqamətləri üzrə mühüm perspektivlər vəd etməklə əsas hədəflərə çatmağın maliyyə əsaslarını təşkil edir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə