Nikolay Silayev: “Siyasətdə əbədi dostluq və ya əbədi düşmənçilik yoxdur” - MÜSAHİBƏ

Möskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Nikolay Silayev “Caliber” analitik mərkəzinə müsahibəsində regiuonda yaranmış güc balansı ilə bağlı maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ekspert dairələrində belə bir fikir var ki, “Rusiya sülhməramlılarına münaqişə zonasında qaldıqları müddət üçün dəqiq və detallı mandat lazımdır”. Bu fikirlə razısınızmı?

- Bəli, bu məsələ müzakirə olunur. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatında sülhməramlıların sayı, silah-sursat və qalma müddətindən bəhs edilib. Onların məsuliyyətinin coğrafi ərazisi ümumi şəkildə müəyyən edilmiş və bəyanat imzalandıqdan sonra iş qaydasında dəqiqləşdirilmişdir. Bununla yanaşı, həm Azərbaycanın, həm də Ermənistanın mətbuatında zaman-zaman sülhməramlıların konkret səlahiyyətləri, onların vəzifələri ilə bağlı müzakirələr gedir. Bəzən bu məsələlərdə əminliyin olmaması gərginlik yaradır. Sülhməramlılar üçün təfərrüatlı mandat bunun qarşısını ala bilərdi.

Ümumiyyətlə, hər iki tərəf sülhməramlılara güvənir və bəzən yaranan anlaşılmazlıqları aradan qaldırmaq olar. Amma razılaşdırılmış mandatın ortaya çıxması vəziyyəti daha qəti, şəffaf və proqnozlaşdırıla bilən edəcək.

- Tarixin göstərdiyi kimi, bütün bu “planlar” və “prinsiplər” Ermənistan-Azərbaycan qarşıdurmasının həlli üçün işləmir. Bir tərəfin şərtləri digər tərəf üçün qəbuledilməzdir. Bəlkə həll formulu və ya ən azı bu istiqamətdə bütün tərəflərə uyğun olacaq ilk addımları bilirsiniz?

- “Planlar” və “prinsiplər” öz-özünə işləyə bilməz. İnsanlar işləyir, ya onları qəbul edir və beləliklə, öhdəlik götürür, ya da qəbul etmir. Həqiqətən də bir çox məsələlərdə Azərbaycan və Ermənistanın mövqeləri bir-birini istisna edir. Düşünmürəm ki, müxtəlif ölkələrin ən yaxşı diplomatlarının artıq təklif etdiyi və təklif etməkdə davam etdiyindən sonra mən heç bir yeni formula təklif edə bilərəm. Ola bilsin ki, indi ümumən “formulalar”ın deyil, dialoqun özünün mümkünlüyünü tədricən və ehtiyatla bərpa etməyin vaxtıdır.

O da mümkündür ki, hər kəsə uyğun bir həll yoxdur. Amma bu o demək deyil ki, danışıqlar faydasızdır. Əksinə. Beynəlxalq münasibətlərin çoxəsrlik təcrübəsi göstərir ki, müəyyən situasiyada bütün iştirakçılara uyğun olan həllər işlərin böyük əksəriyyətində qeyri-mümkündür. Və bu cür həllər işləyir və davamlıdır, təxminən eyni dərəcədə hər kəsə uyğun gəlmir.

Və daha bir şey - beynəlxalq siyasətdə əbədi düşmənçilik yoxdur. Əbədi dostluq da yoxdur.

- Ötənilki müharibədən sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər dəyişibmi?

- Mütləq dəyişilib. Azərbaycan xaricdən gələn etirazlara baxmayaraq, özünü hərbi cəhətdən güclü, bu qüvvədən istifadə etməyə hazır ölkə kimi göstərdi. Azərbaycanla Türkiyə arasında münasibətlər yeni səviyyəyə çatıb: onların ittifaqı müharibə ilə möhürlənib. Rusiyadakı bir çox müşahidəçilər belə nəticəyə gəliblər ki, Türkiyə daha əvvəl Rusiyanın hərbi cəhətdən üstünlük təşkil etdiyi regionda Rusiyaya meydan oxuyub.

Digər tərəfdən, Azərbaycanla Rusiya arasında münasibətlərdə təhlükəsizlik məsələlərinə, Azərbaycan-Ermənistan münasibətlərinə, Rusiyanın sülhməramlılığına aid olan geniş yeni gündəm var. Bütün bunlar yeni və dinamik vəziyyət yaradır. Moskva və Bakı münasibətlərin inkişafında maraqlıdır və bu, ən yüksək səviyyədə siyasi prioritetdir.

- Rusiya-Azərbaycan-Türkiyə formatına necə baxırsınız? Bu formatın effektivliyi və perspektivləri nədən ibarətdir?

- Hələlik bu formatdan yalnız hipotetik danışmaq olar. Baxmayaraq ki, əslində əməkdaşlıq var: Azərbaycan ərazisində birgə monitorinq mərkəzi fəaliyyət göstərir. Əməkdaşlıq səviyyəsinin artıb-artmayacağı açıq sualdır. Amma istənilən halda Cənubi Qafqaz yaxın illərdə Rusiya-Türkiyə gündəmində mühüm yer tutacaq və Azərbaycan hər iki ölkənin regional siyasətində mühüm rol oynayacaq.

Tərcümə - Elçin bayram

Bütün xəbərlər Facebook səhifəmizdə