İndoneziyada Zəfər Gününə dair poçt markası və broşürlər çap olunub - FOTOLAR

Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən Zəfər Günü ilə bağlı təşviqat işləri aparılır. SİA xəbər verir ki, səfirliyin təşəbbüsü ilə Vətən müharibəsinin birinci ildönümü ilə bağlı İndoneziya Dövlət Poçt Şirkəti tərəfindən poçt markası nəşr etdirilib. Poçt markasının üzərində İndoneziya dilində Azərbaycan Prezidenti İlham Əliyevin qəhrəman Ordumuzun əsgərləri tərəfindən Şuşa azad olunarkən səsləndirdiyi fikirlərə istinadən “Şuşa, sən azadsan”, “Şuşa sən bizimsən” İlham Əliyev” sözləri yazılıb. Arxa planda Şuşa qalası və “Şuşa” sözü, habelə “Xarıbülbül” simvolu öz əksini tapıb.

İndoneziya Poçt Dövlət Şirkəti ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, həmin marka ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb. Poçt markası ölkənin filatelistləri tərəfindən böyük maraqla qarşılanıb.

Habelə Zəfər Günü ilə əlaqədar səfirlik tərəfindən ingilis dilində “44 day Patriotic War Road to Glorious Victory” broşürü nəşr olunub. Broşürün səfirliyimizin akkreditə olunduğu ölkələrin Xarici İşlər nazirliklərinə, Cakartada fəaliyyət göstərən səfirliklərə, beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilməsi nəzərdə tutulub.
Səfirliyin paytaxt Cakartada və eyni zamanda, ölkənin başqa şəhərlərində keçirdiyi görüşlərdə həmin broşürlər qarşı tərəfin məlumat xarakterli bazalarında, kitabxanalarda saxlanılması üçün hədiyyə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə