QALİB XALQIN QƏLƏBƏ ƏZMİ TƏHLİL

08 noyabr 2020-ci il - bu tarix Qarabağ torpaqlarında yeni təqvimin başlanmasına vəsilə oldu. 27 ildən mənfur düşmən tapdağına məruz qalan Qarabağ torpağının hər kiçik kəndi, qəsəbəsi və şəhəri işğaldan azadlığa qovuşduqca bu torpaqlarda şanlı üçrəngli bayrağımız dalğalanırdı. Nəticədə Azərbaycan xalqının psixologiyasında Qalib Ordu, Qalib Sərkərdə, Qalib Xalq anlayışı formalaşdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev hələ Vətən müharibəsi başlamazdan əvvəl çıxışlarının birində bildirirdi: "Azərbaycan güclü ölkədir. Azərbaycanın güclü Ordusu var. Bütün silahlı qüvvələrimiz istənilən halda və zamanda işğal edilmiş ərazilərimizi düşməndən azad edə bilər. Məsələnin sülh yolu ilə həll etməkdə məqsədimiz qan tökülməsinin qarşısını almaqdır. Lakin onu da unutmamalıyıq ki, Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Biz bu məsələni həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bu məsələni həll etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun".

Və nəhayət, o gün gəlib çatdı...

2020-ci il 12 iyul tarixində Ermənistan-Azərbaycan dövlət sərhədində Tovuz rayonu ərazisində atəşkəsin pozulması ilə başlanan, Azərbaycan tarixinə “Tovuz döyüşləri” olaraq yazılan döyüş başladı. Bu döyüşdə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə bərabər düşmən hücumunun qarşısını alan hərbçilərimiz şəhidlik zirvəsinə yüksəldilər. Bu xəbərdən sonra 14 iyul tarixində “Ya Qarabağ, ya ölüm” və digər şüarlar ilə əksəriyyəti gənclərdən ibarət olan insan izdihamı Azadlıq meydanına üz tutaraq Azərbaycan Ordusuna dəstək yürüşü keçirməyə başladı. Yürüşdə xalqımız bir yumruq kimi birləşərək Azərbaycan Ordusunun və Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu, onları hər zaman dəstəklədiyini nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər zaman canından keçməyə hazır olan on minlərlə gənc Ali Baş Komandan İlham Əliyevin müraciət çağırışına səs verərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları şöbələrinə müraciət etməklə döyüşlərdə könüllü olaraq iştirak etmək arzularını bildirdilər. Beləliklə, xalq-dövlət-ordu birliyi Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açdı.

Ordumuz 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə başa çatdı. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Azərbaycan son iki əsrlik tarixində ilk dəfə olaraq müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək, adını tarixə qızıl hərflərlə yazdırdı. Orta məktəb gündəliklərində qara hərflərlə “Qanlı Yaddaşımız, UNUTMA!” başlığı altında yazılan Vətənimizin dilbər güşələrinin erməni qəsbkarları tərəfindən işğal olunma tarixləri artıq dəyişdirilərək torpaqlarımızın azad olunması tarixləri ilə bərabər “ŞANLI ZƏFƏR TARİXİMİZ” olaraq qeyd olunmağa başlanıldı.

Böyüməkdə olan gənc nəsildə bu qələbənin yaratdığı milli düşüncə, milli mənlik şüuru, milli ideologiya əsasında Vətən sevgisininformalaşmasında böyük rol oynayır. Gənc nəsil ata-babalarımızın dilindən eşitdiyi qəhrəmanlıq dastanlarının canlı şahidi olmaqla yanaşı, onların psixologiyasına vətənə, torpağa məhəbbət hissi aşılandı. Həmçinin, bu tarixi zəfər dövlət və xalqımızın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi, ilk növbədə, Azərbaycan xalqının özünə olan güvənini geri qaytardı, xalqın öz ordusunun gücünə inamını və ona olan etibarını daha da möhkəmləndirdi. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandırdığı qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı. Bu müddət ərzində Ermənistan ordusu haqqında ermənilərin özlərinin yaratdıqları "məğlubedilməz ordu" mifi darmadağın oldu. Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Düşmənlərimizin illərlə qurduğu, qürurla öyündükləri "yarılmaz istehkam"lar, "keçilməz sədd"lər Azərbaycan ordusunun qarşısında aciz qaldı. İşğal altında olan torpaqlarımız - Cəbrayıl, Füzuli, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Laçın rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər qəsəbələr, yüzlərlə kənd, strateji yüksəkliklər işğaldan azad edildi. Nəinki ermənilərin özləri, hətta onlara bu müharibədə havadarlıq edən, silahlandıran qüvvələr də tez bir vaxtda igid hərbçilərimizin, ağır texnikasız, bıçaqla, süngü ilə Şuşaya qalxmasını və üçrəngli bayrağımızı Şuşada dalğalandırmasını güman belə edə bilməmişdi.

Bəli, biz bu gün Azərbaycan xalqı olaraq çox qürurluyuq. Ona görə ki, ordu və xalq olaraq tarixin böyük sınağından, imtahanından üzüağ çıxdıq. 30 ildir böyük salonlardan, kürsülərdən Qarabağ məsələsinin hərbi yolla həlli yoxdur deyənlərə layiqli cavab verdik. Dövlət, xalq olaraq sübut etdik ki, bu məsələnin həlli yolu elə hərbi yolla mümkündür. Biz bu 44 gün ərzində təkcə Ermənistana qarşı vuruşmadıq. Bu qələbəni təkcə Ermənistan üzərində qazanmadıq, həm də ona havadarlıq edən təxribatçı qüvvələrə, ikili siyasət aparanlara qarşı qazandıq. Ermənistanı öz əlində alət edən mütəşəkkil dairələr isə məqsədlərinə nail ola bilmədilər. Haqq-ədalət gec-tez öz yerini tapdı. Azərbaycan bu mübarizədə layiqli qələbə qazanaraq həmin mütəşəkkil dairələrə, həm də öz mesajını vermiş oldu. Qarabağ zəfəri müstəqil Azərbaycanın əldə etdiyi ən böyük qələbə kimi şanlı tariximizə yazıldı. Bu, həm öz torpaqlarını işğaldan azad edən yenilməz dövlətin qüdrətinin, həm də xalqımızın böyük mübarizə əzminin bütün dünyaya nümayiş etdirilməsi idi. Müharibənin insan psixologiyasına təsirlərini araşdıran psixoloq Villiam Ceymsin “Savaşın əxlaqi dəyəri” mövzusunda yazdığı məqalədə müharibənin həm ayrı-ayrı fərdlər, həm də bütöv bir xalq üzərindəki psixoloji təsirlərini ön plana çəkmiş və onun fikrincə, müharibə kollektiv təhdid qarşısında birlik duyğusunu oyandırır, nəticədə, insanları bir-birinə bağlayır. Həm də yalnız müharibədə iştirak edən ordunu deyil, bütövlükdə bütün xalqı bir-birinə bağlayır və bu hiss insanlarda Villiam Ceymsin “disiplin” olaraq adlandırdığı “kütləvi hədəflər”ə bağlılıq duyğusu yaradır. Həqiqətən də II Qarabağ müharibəsi bizim üçün bir hədəf idi. Qələbəyə, zəfərə doğru olan bu mübarizə dolu yolda xalqımızı bir daha bir-birinə bağlayan, birlik duyğusunu oyandıran hədəf. Bu müharibə həm də bizə vətənpərvərlik ruhunda böyüyən, Ana Vətəni canlarından da çox sevən qəhrəman oğullarımızı tanıtdırdı. Belə ki, hələ Tovuz döyüşlərindən sonra, minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, heç vaxt Qarabağda olmayan, amma ürəyi vətən eşqi ilə döyünən qəhrəman hərbçilərimizin igidliyi, mərdliyi Azərbaycan gəncliyinin vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişdiyini bir daha sübut edirdi. 44 günlük Vətən müharibəsi Azərbaycanda formalaşmış milli həmrəyliyin təcəssümü idi. Bu müharibədə Azərbaycan xalqının üzvləri eyni vətənpərvərlik və birlik içində vətənimizin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad olması yolunda öz canlarını sipər etdilər. Onlar Şəhidlik zirvəsinə ucaldılar, Qazi oldular, Qəhrəman oldular.

Vətən müharibəsi zamanı təkcə ön cəbhədə deyil, arxa cəbhə döyüşçüləri kimi kütləvi informasiya sahəsində çalışan əməkdaşlar, həkimlər, aptek sahibləri, marketlərdə çalışan, iri və xırda ticarətlə məşğul olan şəxslər və ürəyi Azərbaycan xalqı ilə döyünən dinindən, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ordumuza əllərindən gələn köməyin ən yaxşısını etmək üçün çalışdı. 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarını, gözünü qırpmadan torpaqlarımızın azadlığı uğrunda Qazi ünvanını qazanan oğullarımızın şücaətini xalqımız heç vaxt unutmayacaq, unutdurmayacaq və onların sayəsində qazandığımız bu zəfər hər bir azərbaycanlını daim qürurlandıracaqdır.

Narın Əbilova,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Məhkəmə Ekspertizası Mərkəzinin

Psixoloji ekspertiza şöbəsinin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...