Kreml İrəvana qulaqburması verəcək TƏRS BAXIŞ

Nökəri onun sözünə baxmır və şuluq edir

Moskva ilə İrəvan arasında növbəti “dalan siyasəti” yaşanmağa başlayıb. Belə ki, artıq KİV-lərdə də getmiş məlumata görə, İrəvanda Ermənistanın müxalifətçi “Sasna srer” adlı radikal və terror ab-havası əsdirən partiyasının “Milli-demokratik qütb” radikal-millətçi hərəkatı ilə birgə anti-Rusiya xarakterli mitinq-yürüşü keçirildi. Üstəlik, Rusiyanın, rusların, əsasən də, ölkə prezidenti Vladimir Putinin ünvanına ağır təhqirlər, söyüşlər şüar olaraq səsləndirildi. Lakin maraqlısı budur ki, Ermənistanın mövcud hakimiyyəti həmin mitinqə qarşı hər hansı ciddi tədbir görmədi, halbuki sözügedən aksiya sanksiyalaşdırılmamış idi. Bu baxımdan da hesab etmək olar ki, Paşinyan hökuməti, əslində, Moskvaya olan əsəbini dolayısı ilə müxalifətçilərlə əlbir olmaqla, daha doğrusu, bu vasitə ilə çıxıb.

Ermənistandakı revanşçılar hələ də anlamırlar ki...

Yəni sirr deyil ki, Ermənistan 44 günlük Qarabağ müharibəsində müttəfiqi Rusiyadan istədiyi dəstəyini ala bilmədi, hansı ki, Moskva İrəvanı köhnə də olsa silahla-sursatla təmin edirdi. Nəticədə, Arazboyudan başlayaraq Şuşaya qədər torpaqların işğaldan azad edilməsi, bunun ardınca ermənilərin Kəlbəcərdən, Ağdamdan, dəhlizi çıxmaqla Laçının böyük qismindən rədd edilmələri günü bu gün də Ermənistan rəhbərliyini qıcıqlandırmaqdadır.

Ancaq Ermənistandakı revanşçılar hələ də anlamırlar ki, onların ölkə olaraq tamamilə xəritədən silinmələrinin qarşısını alan, yəni onları xilas edən də məhz Rusiyadır.

Maraqlıdır ki, ermənilər buna görə öz “təşəkkürlərini” İrəvanın mərkəzində, Rusiya səfirliyi yaxınlığında və RF prezidentini söyməklə, nümayişkəranə qaydada bildirdilər.

Əslində, bu gün kənardan baxanda elə sanılır ki, Moskva ilə İrəvan arasından “su da keçmir”, əsl müttəfiqlik mövcuddur və s. Amma reallığa qalanda hər şey tamamilə əksinə cərəyan edir.

Ermənistana veriləcək qulaqburmanın Azərbaycana hansı səmərələr verəcəyini zaman göstərəcək

Məsələn, MDB sammiti ərəfəsində erməni tərəfi azərbaycanlı hərbçini snayper silahından açılan atəş nəticəsində qətlə yetirməklə yanaşı, bir neçə təxribatlar seriyasını həyata keçirdi, özü də Rusiya sülhməramlıları kontingentinin Qarabağda məsul olduqları ərazilərdə. Eləcə də feyk xəbərlər yayıldı ki, guya Azərbaycan Silahlı Qüvvələri ilə Rusiya sülhməramlıları arasında “atışma” baş verib, nəticədə ruslardan bir neçə nəfər öldürülüb və s. !

Bəli, bu, həm də Azərbaycana qarşı açıq-aşkar təxribat məqsədli plan idi, lakin Paşinyan və onun komandası daha çox və məhz radikal müxalifətin əli ilə Rusiyaya, onun sülhməramlılarına qarşı təxribat törətdi. Moskva isə onun sözünə qulaq asmayan nökərlərini bağışlamır, belədirsə, onda Kremlin Ermənistana köklü qulaqburması verəcəyini indidən demək mümkündür. Bu qulaqburmanın isə Azərbaycana hansı səmərələr verəcəyini yəqin ki, çox yaxınlarda zaman özü göstərəcək. Gözləyirik...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...