“İlk növbədə qeyd edim ki, Kəlbəcər və Laçınla yanaşı, Ağdam da döyüşsüz alınıb. Nəzərə alsaq ki, Ağdamda olan istehkamlar, yəni ermənilərin əvvəlcədən hazırlıqlı olması və uzun müddət burada istehkamlar düzəltməsi Ağdamın da alınması üçün çox ciddi problemlər yaradacaqdı. Yəni, Ağdamsız Kəlbəcər və Laçını qeyd etmək bir qədər haqsızlıq olar. İkincisi, Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2008-ci ildə müharibəyə hazırlaşırdı. Əvvəlcə Azərbaycan ordusunun təchizatı yaxşılaşdırıldı, təminatı gücləndirildi, texnika, hərbi silah-sursatlar alındı və sonra 10 il ərzində Azərbaycan bu müharibəyə ardıcıl olaraq hazırlaşdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, 44 günlük müharibənin ilk baş məşqi 2016-cı ilin aprelində, 4 gün ərzində gündəmə gəldi: “Bildiyimiz kimi, o vaxt da Azərbaycan çox böyük əraziləri almışdı. Amma, cənab Prezident çox ağıllı bir addım atdı. O, bir neçə təpəni əldə saxlamaqla, nisbətən ordunu geri çəkdi. Bu, birincisi düşməni arxayın saldı, ikincisi Rusiya ilə qarşıdurma yaranmasına imkan vermədi və onlar tamamilə əmin oldu ki, “Azərbaycan ordusunun doğrudan da gücü yoxdur və qorxub geri çəkildilər”. Bu həm Ermənistanı, həm də onun tərəfdarlarını arxayın saldı. Amma Azərbaycan Prezidenti artıq 2019-cu ilin sonundan başlayaraq, yavaş-yavaş profesional anonslar verdi. Həmin anonsların arxasında sətiraltı olaraq, Azərbaycan xalqına da bir sıra mesajlar verdi. Yəni, əsl siyasətçilər bu mesajları anladı. 2020-ci ilin ikinci yarısında isə artıq Azərbaycan çox ciddi iddialarını ortaya qoymağa başladı. İyul ayında Tovuzda baş verən hadisələr artıq müharibəni qaçılmaz etdi”.
Politoloq sözlərinə belə davam edib: “Tovuz hadisələrində Azərbaycan artıq öz gücünü ortaya qoydu. Məhz, həmin döyüşlərdən sonra Azərbaycanın verdiyi itki və cənab Prezidentin müraciəti milli oyanışa səbəb oldu. Yəni, burada generalın və hərbiçilərin ölməsi ermənilərin sevincinə səbəb oldusa, əslində onlar heç gözləmədiyi halda Azərbaycan xalqının birləşməsinə şərait yaratdı. Əgər, ermənilər bilsəydilər ki, generalın ölümü belə bir vəziyyətə gətirib çıxaracaq, onlar heç vaxt o addımı atmazdılar. Yəni, bu onun göstəricisidir ki, Azərbaycan Prezidenti peşəkar diplomat kimi hərəkət etdi. Yəni, həm qısa bir müddətdə hazırlıq görüldü, həm o müddət ərzində silah-sursatlar həmin bölgəyə daşındı, həm də digər məsələlər həll olundu. Artıq Azərbaycan Ermənistanın növbəti təxribatını gözlədi. Ermənilər də ki, bunu etdi. İndi də həmin təxribatlar davam edir. Azərbaycan həmin təxribatları dünyaya bəyan etdi. Bundan sonra ermənilərin gözləmədiyi halda Azərbaycan hücuma keçdi. Onlar Azərbaycanı şimaldan gözləyirdilər. Şimalda döyüşlər başlasa da, Azərbaycan cənubdan hücuma keçdi və qısa bir zamanda Çəbrayılı, Füzulini və daha sonra Hadrutu azad edəndən sonra Ordumuz artıq ermənilərin alınmaz qala hesab etdikləri Şuşaya doğru istiqamət götürdü və qısa müsdətdə bu şəhəri aldı. Bu həm ermənilərin, həm onların havadarlarının həm siyasi, həm də iqtisadi iflasına səbəb oldu”.
Politoloq bildirib ki, Prezident İlham Əliyevin ağıllı diplomatiyası birincisi Azərbyacan oğullarının, şəhidlərin, gözü yaşlı anaların, ikincisi qazilərimizin sayını azaltdı: "Yəni, daha çox adam yaralanacaqdı və bu çox ciddi problem yaradacaqdı. Üçüncüsü, Azərbaycanın silah-sursat məsələsində itkilər olacaqdı. Bütün bunların fonunda Azərbaycan Prezidentinin atdığı uğurlu addımlar ölkəmizə çox böyük dividentlər gətirdi. İnanıram ki, bu uğurlu diplomatiya hələ də davam etdiriləcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB