“Ermənilər ona görə, Paşinyanı seçdilər ki,...” - MÜSAHİBƏ

SİA deputat Elman Məmmədovun müsahibəsini təqdim edir:

- Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər etdi və ən əlamətdar hadisə isə Şuşaya səfəri ilə bağlı oldu. Həmçinin, burada Şuşa bəyannaməsi imzalandı. Bu səfərin əhəmiyyəti, iki qardaş ölkə arasındakı münasibətlər və bu Bəyannamənin mahiyyəti haqqında nə deyə bilərsiniz?

- Türkiyə Prezidentinin Şuşa səfəri tarixi, əlamətdar və möhtəşəm bir səfərdir. Şuşanın bünövrəsi qoyulandan indiyə qədər ilk dəfə idi ki, xarici dövlət başçısı bura dostluq, qardaşlıq münasibəti ilə səfər edirdi. Bu səfərdə düşmənə və onun havadarlarına çox ciddi mesaj verildi ki, Şuşa qədim və tarixi Azərbaycan şəhəridir. Şuşada imzalanan Bəyannamə bu günə qədər olan əməkdaşlıq və tərəfdaşlıq müqavilələrinin zirvə nöqtəsidir. Yəni müttəfiqlik haqqında bir sənəddir. Şuşa bəyannaməsi iki dövlət arasında müttəfiqlik sənədinin imzalanmasıdır. Bu çox vacibdir, ona görə ki, bu gündən sonra müdafiəmiz, təhlükəsizliyimiz, gücümüz birlikdə olacaq. Yəni, təhlükələrə qarşı bir-birimizin yanında olacağıq. Şuşa Bəyannaməsi çox mühüm tarixi sənəddir və bunun bu gün olması bizim gələcək münasibətlərimiz və inkişafımız üçün çox vacibdir.

- Bu yaxınlarda Ermənistanda erkən seçkilər baş tutdu. Bu seçkilər sizin istədiyiniz nəticəni ortaya qoydumu? Paşinyanın seçilməsini Xocalı cəlladları Robert Köçəryan, Serk Sarkisyan üzərində qələbə də adlandırmaq olarmı?

- Bu seçkilərin nəticələrini mən belə gözləyirdim. Nə üçün ümid edirdik ki, Paşinyan seçiləcək? Bu o deməkdirmi ki, Paşinyan yaxşı rəhbərdir, Paşinyan xalqın etimadını doğruldur? Xeyr, Paşinyan məğlub rəhbərdir. Paşinyan məğlub ali baş komandan və məğlub baş nazir oldu! Ona görə xalq ona etimad etmədi. Birinci, başda Koçaryan-Sarkisyan cütlüyü olmaqla Paşinyanla birlikdə seçkiyə gedənlərə nəzər salaq. Kimdir bunlar? Bunlar qatillər, hərbi canilər, Ermənistanda uzun illər kriminal aləmin qanunları ilə gedən cinayətkarlardır. Bunlar müharibə generalları, erməni xalqının düşmənidir. Bunların kimliyini götür-qoy edən erməni xalqı başa düşməlidir ki, Qarabağdan gəlmiş iki dılğır gədə, iki Xocalı qatili Ermənistanı bu günə salıblar. Əgər 44 günlük müharibə məğlubiyyətində günahkarlar axtarsaq, Paşinyan bəlkə də on, on beş faiz günahkar hesab olunacaq. Əsas günahkarlar Koçaryan-Sarkisyan cütlüyü olub. Ermənistanı onlar bu günə salıb. Erməni xalqı bu məğlubiyyətdən dərs alaraq, nəticə çıxartdı. Doğrudur, hamısı yox, amma çox hissəsi nəticə çıxarmağı bacardı. Ermənilər müharibədən bezməsəydilər, ölümdən qorxmasaydılar, təbii ki, Paşinyana səs verməyəcəkdilər. Üçüncü məqam nə idi? Uzun illər Koçaryan, Sarkisyan və onların ətrafında olan, rəhbərlik etdikləri "Qarabağ klanı" Ermənistanı bu gün faciəvi bir vəziyyətə gətirib çıxarıb. Qarşıdurmalar, quldurluq, cinayətkarlıq baş alıb gedirdi. Bunlar rəhbər olduğu bir müddətdə Ermənistanı çapıb, talayıb çox acınacaqlı bir hala gətiriblər. Bu səbəbdən ermənistanlı və Qarabağlı ermənilər arasında sanki düşmən mövqeyi yaranıb. Bu da ciddi amil idi və seçkilərə də təsir etdi. Sağlam düşüncəyə malik erməni xalqının bir hissəsi Nikol Paşinyanın şəxsiyyətinə və fəaliyyətinə yox, sülhə, əmin-amanlığa, əməkdaşlığa səs verdi ki, müharibə çağırışları yox, əməkdaşlıq, sülh olsun və onlar normal yaşasınlar. Bu səbəbdən Paşinyan seçkilərdə qalib gəldi. Onlar tarixən bu xəyalla, murdar fikirlə yaşayıblar və hələ də yaşayırlar. Hələ də başlarına dəyən bu dəmir yumruqlardan düzgün nəticə çıxara bilməyiblər. Sadəcə özlərinin rahatlığı üçün, övladlarının Azərbaycan torpağında ölməsinin qarşısını almaq üçün Paşinyana səs verdilər ki, Ermənistanı bu vəziyyətdən çıxarsın.

- Bundan sonra Paşinyan Rusiya, yoxsa qərbə yönəlmiş siyasət yürüdəcək?

- Bu seçkilərdə Rusiya da müəyyən mənada erməni cəmiyyəti tərəfindən payını alıb və mövqelərində müəyyən zəifləmə olub. Çünki Koçaryanla Rusiya Federasiyasının rəhbərliyinin isti münasibətləri, Koçaryanın sevinə - sevinə namizədliyini verməsi və seçki kompaniyasında ağzına gələnləri çərənləməsi ilə əslində Moskvanın dəstəyinə arxayın olurdu. Amma bu belə olmadı. Erməni xalqı müharibəyə yox, sülhə və əməkdaşlığa səs verdi. Rusiya da bundan düzgün nəticə çıxartmalıdır ki, yəni, yenidən fitva verib, şirnikləndirici vədlərlə bunları nəyəsə hazırlamaq alınmayacaq. Çünki Koçaryan Şimalın namizədi olduğu kimi, Paşinyan da Qərbin namizədidir.

- Koçaryan artıq bu seçkinin nəticələri ilə barışmaq istəmir və Qarabağda olan ermənilərin iştirakı ilə mitinqə hazırlaşır. Belə mitinqlərlə terrorçu dəstənin başçısı nəyə nail olmaq istəyir?

- Artıq "Qarabağ klanı" Koçaryan, Sarkisyan tərəfdarlarına Qarabağda komanda verdilər. 3-cü tərəf - sülhməramlılar da orada rol oynadı. Arayikin getməsi məsələsi də gündəmdədir. Qarabağdakı cinayətkar qurum sülhməramlı adı ilə fəaliyyət göstərən Rusiya kontingentinin tam nəzarətindədir. Onlar istəsələr Arayik qalacaq, istəməsələr yerinə başqası gələcək.

- Ermənistanın yenidən dirçəlməsi, nicat yolunu tutması üçün Azərbaycanla əməkdaşlıqda hansı istiqamətlər əsas götürülməlidir ki, bir növ özlərinə gələ bilsinlər?

- Ermənistan yaşamaq üçün qonşularla münasibəti yaxşılaşdırmalı, Zəngəzur dəhlizini açmalı, dəmiryolu, quru yolu işləməli, kommunikasiyalar açılmalı, qonşularla əməkdaşlıq şəraiti olmalıdır. Bu bölgənin 6 dövlətinin içərisində bu, ən çox Ermənistana lazımdır. Ermənistan bütün bunlardan nəticə çıxarmağı bacarmalıdır. Əgər Ermənistan səfalət içərisində, böhran vəziyyətlərində, aclıq halında yaşamaq istəyirsə, yenə əvvəlki o murdar əməllərini davam etdirsinlər. Əgər, normal yaşamaq istəyirsə bu dövlətlərlə əməkdaşlıq etsin. Çünki başqa yolu yoxdur.

- Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra bunun ölkəmiz üçün gətirəcəyi dividentlər nə ola bilər?

- Bu gün Azərbaycan şərq-qərb, cənub-şimal nəqliyyat dəhlizinə malikdir. Biz artıq bu dəhlizdən istifadə edirik. Bu dəhlizin açılması Türkiyə ilə Azərbaycanı birləşdirir, İranın özünü də, Ermənistanı da, bütün Asiya dövlətlərini də şimalla, cənubla, şərqlə birləşdirir. Bu dəhlizin açılması nəqliyyat əlaqələrinin gedişinə, iqtisadiyyatın inkişafına çox ciddi təkan verəcək. Bütün altı dövlət bundan istifadə edəcək. Cənab Prezidentin dediyi kimi, çox düzgün siyasət yeridərək Ermənistanı hər şeydən məhrum etdik. Ermənistan iqtisadiyyatı bu gün sıfır vəziyyətindədir.

- Böyük sülh sazişinin imzalanması planlaşdırılır. Qeyd olunur ki, Qazaxın 7 kəndi, Naxçıvanın isə 1 kəndi həmin sənədə əsasən azad edilə bilər. Ümumiyyətlə, bu sənədlərdən başqa daha hansı məsələlərin bu sənəddə öz əksini tapması vacibdir?

- Birinci növbədə, Azərbaycan ərazisində 1991-ci ildə separatçılar tərəfindən yaradılmış qeyri-qanuni cinayətkar qrup ləğv olundu və cinayətkarlar cəzalarına çatdılar. Ermənistan dövlətinə aid olan terrorçu dəstələri hələ bu gün Azərbaycan ərazisində qalmaqdadır. Onların kökü kəsilməli və cəzalandırılmalıdır. Azərbaycan ərazisi tamamilə bunlardan təmizlənməlidir. Laçın dəhlizinə Azərbaycan özü nəzarət etməlidir. Biz sülh sazişinə getməliyik. Çünki, əbədi düşmənçilik olmur.

- Artıq neçə vaxtdır ki, Ağdamda Rusiya-Türkiyə monitorinq mərkəzi fəaliyyət göstərir. Sülhməramlıların fəaliyyəti sizi qane edirmi?

- Sülhməramlılar gəldikləri gündən öz missiyasından çox erməni maraqlarını qorumaqla məşğuldurlar. Əgər, Azərbaycan Arutunyanı, Balasanyanı və digərlərini Azərbaycan qanunları ilə cinayətkar elan edib axtarışa verirsə və orda olan bütün sülhməramlıların rəhbərliyi, başda Rüstəm Muradov olmaqla, bunlarla öpüşüb, görüşüb, əməkdaşlıq edib, oturub-durursa mən onların fəaliyyətindən necə razı qalaram?!

- Azərbaycanın qələbəsi ilə barışmayan dövlətlər var. Onların niyyəti nədir?

- Bu dövlətlərə belə gəlir ki, müsəlman dövlətləri normal yaşamamalıdır. Müsəlman dövlətləri həmişə bunlardan asılı olmalı, bunların istəyi, göstərişi ilə fəaliyyət göstərməlidir. Sərbəst, müstəqil olmamalıdır. Bunlar tarix boyu belə istəyiblər. Azərbaycan müstəqillik qazanandan bunların Azərbaycana təzyiqləri olub və Azərbaycanı həzm edə bilməyiblər.

- Neçə vaxtdır ki, erməni terrorçularının məhkəmə prosesi gedir. Ümumiyyətlə onlara qarşı daha hansı cəza tətbiq olunmalıdır?

- Onların məhkəməsi Azərbaycan qanunları çərçivəsində aparılır. Çünki onlar Azərbaycanın hüquqlarını pozublar. Azərbaycan dövlətinə və xalqına qarşı cinayət ediblər. O səviyyədə də onlar mühakimə olunur və layiqli cəzalarını alırlar.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə