Qələbə Günü Azərbaycanda daha böyük coşqu ilə qeyd ediləcək - EKSPERT RƏYİ

“Azərbaycanda İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qeyd olunmasında sevinc əhval-ruhiyyəsinin olmamasının səbəblərindən birincisi may ayının 8-də Şuşanın işğal olunması idi”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ramin Məmmədli deyib.

Ekspert bildirib ki, Şuşa şəhərinin məhz həmin tarixdə işğal olunması Azərbaycan xalqına ruh düşkünlüyü, narahatlıq, gərginlik yaşadırdı və bu gərginlik də faşizm üzərində qələbə günü ab-havasına təsir edirdi: “Buna baxmayaraq Azərbaycan xalqı hər zaman faşizm üzərində qələbəni qeyd edib və bu gün də qeyd edir. Lakin bu il keçiriləcək 9 May Qələbə günü tamam fərqli bir ab-havada olacaq”.

R.Məmmədli vurğulayıb ki, Azərbaycan xalqı güclü xalqdır və öz torpaqlarını xilas etmək üçün bütün imkanlarında istifadə etməklə mübarizəsindən bir an belə geri durmayıb: “Hesab edirəm ki, artıq bu tipli bayramların Azərbaycanda keçirilməsi daha böyük coşqu və şadyanalıqla qeyd ediləcək. Vətən müharibəsindəki qələbəmiz bu cür məsələlərdə ruh yüksəkliyi yaradır. Əvvəllər biz bəzi bayramları qeyd etməyi özümüzə sığışdırmırdıq. Lakin bu problem artıq arxada qalıb və Azərbaycan xalqı hərbi yolla bu problemi həll edib”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...