Ermənilər üçün istənilən tədbir utancvericidir - ŞƏRH ÖZƏL

“Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Qarabağda Rusiya sülhməramlılarının kontingenti faşizm üzərində qələbənin 76 illiyi münasibətilə Xocalıda keçiriləcək parada hazırlıq işləri aparır. Bu xəbər, əsasən sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı olmayan reaksiyaya səbəb oldu və bu da başadüşüləndir – Xocalı, erməni faşizminin birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlılara qarşı ən qanlı cinayəti hesab olunur. Eyni zamanda, Qarabağın tarixində yeni bir dövrün başlanğıcını simvollaşdıran qarşıdakı paradın digər elementləri də mənfi ictimai reaksiya doğurur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Fikirlərini tezislər formasında formalaşdıran Politoloq qeyd edib ki, birincisi, bu təntənəli hadisə faşizmin məğlubiyyəti ilə əlaqələndirilir: “Müasir Ermənistanda Qələbə günü haqqında uzun-uzadı danışmamağa üstünlük verirlər. Məhz müasir erməni dövlətçiliyinin faşist simvolları ilə dərin ləkələnməsi səbəbindən Ermənistanda faşizm üzərindəki qələbəni sükutla qarşılayırlar. Sözügedən siyasəti irqçi üstünlük nəzəriyyələrini partiyaların fəaliyyətinə qəbul etməkdən tutmuş, faşist əlaltıların xatirəsinin əbədiləşdirilməsinə qədər görmək olar. Üstəlik, yuxarıda deyilənlər rəsmi Rusiya hakimiyyəti orqanlarının - Xarici İşlər Nazirliyindən Rusiya Federasiyasının Müdafiə Nazirliyinə qədər erməni reallığına verdiyi qiymətlə üst-üstə düşür. Sadalanan fikirləri məntiqi ardıcıllıqla düzsək, Rusiya sülhməramlıları müasir tsexakronistlərin Xocavənddə gizlətdikləri Q.Njdenin abidəsini mayın 9-da sındırmalıdırlar”.

Ekspert əlavə edib ki, ikincisi, 44 günlük müharibədən sonra ermənilər üçün “hərbi qələbənin” qeyd olunması ilə bağlı istənilən tədbir utancverici olmalıdır: “Hərbi Qələbənin istənilən formada xatırlanması, pafoslu təbliğatla az qala “erməni sivilizasiyası”nın beşiyi kimi təqdim olunan Qarabağdakı məğlubiyyətlə tərs mütənasiblik təşkil edir. Nəhayət, üçüncüsü, Qələbə Günü faşizmlə mübarizə aparan bütün xalqlar üçün ənənəvi və müqəddəs bir simvoldur. O, uzun illər azərbaycanlılar üçün Şuşa şəhərinin işğalını göstərən Qarabağ torpaqlarında ermənilərin təşkil etdiyi şadyanalıqla hidddət doğururdu. Ermənilər qəsdən təxribat törədir və “8 may” ilə 9 may tarixlərini birlikdə qeyd etməyə üstünlük verirdilər. Qarabağın ürəyinin azad edilməsi ilə bu “qara tarix” həm Azərbaycan, həm də erməni tarixlərindən həmişəlik silindi, onun kölgəsi də faşizm üzərində parlaq qələbədən əbədi yoxa çıxdı. Qarabağda yaşayan ermənilər də – (hələlik pasportsuz Azərbaycan vətəndaşları üçün) ənənəvi təqvimə alışmalıdırlar”.

İ.Hüseynov vurğulayıb ki, Qarabağda hazırkı qələbə paradında simvolizm çoxdur: “Azərbaycan üçün bu simvolizm, bir tərəfdən, Qarabağda hələ çox iş görüləcəyini xatırladır. Digər tərəfdən, Xocalıya qayıdış da bu işlərin ən mühüm hissəsini təşkil edir. Bununla yanaşı, bu, Qarabağ torpağındakı bütün rəmzlərin orijinal mənalarını almağa başladığının müjdəçisidir. Qarabağ Azərbaycandır!”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə