Bizə belə sülhməramlılar lazımdırmı?! SİYASİ RAKURS

Qarabağın 30 illik işğalına son qoyan Azərbaycan kimin, hansı ölkənin tərəfindən edilən cəhdlərə baxmayaraq, öz hüquqlarının yenidən pozulmasına heç vaxt imkan verə bilməz!

Rusiya sülhməramlıları Ermənistandan Azərbaycanın ərazisinə daha bir rəsmi şəxsi buraxıblar – İrəvan şəhərinin meri Hayk Marutyanı. Özü də məhz Marutyanın Qarabağın dağlıq hissəsinə qanunsuz səfərindən öncə dediyi “Stepanakertdə iki erməni paytaxtları arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi aparılacaq” fikirlərindən sonra..!

Beləliklə, 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanata rəğmən, Rusiya sülhməramlıları kontingentinə həvalə, hətta etibar edilmiş Azərbaycan ərazilərində məhz bu kimi oyunbazlıqların qurulması heç də xoş olmayan ənənəyə çevrilməkdədir. Azərbaycanın rəsmi icazəsi olmadan Ermənistanın rəsmi şəxsləri mütəmadi olaraq Xankəndiyə və rus SM-nın nəzarətində olan digər ərazilərə səfərləri reallaşdırılır. Ermənistan rəsmilərinin həmin ərazilərimizi səfər meydanına çevirmələri qalsın bir yana, düşməndir və onun 44 günlük müharibədən əvvəlki həyasızlığı hələ də qalmaqda davam edir.

Ruslar Ermənistan rəsmilərinin tanınmayan, qondarma “respublikaya” getmələri, oradakı quldur rejim rəhbərləri ilə görüşmə fürsətini niyə və hansı əsaslara söykənərək yaradırlar?!

Ancaq bu zaman növbəti sual yaranır ki, Rusiya SM-ı onlara nəyə görə bu imkanı yaradır, məgər onlar bilmirlərmi ki, həmin vasitələrlə məhz Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı kobud qanunsuzluqlar törədirlər?! Üstəlik, Rusiyanın prezidenti Vladimir Putin də hüquqi cəhətdən Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etmişdisə, bu zaman ruslar Ermənistan rəsmilərinin tanınmayan, qondarma “respublikaya” getmələri, oradakı quldur rejim rəhbərləri ilə görüşmə fürsətini niyə və hansı əsaslara söykənərək yaradırlar?! Belə olanda isə istər-istəməz daha bir fikir yaranır: ya Putin sözünə sahib olmağı bacarmayan və ya etibarsız dövlət başçısıdır, ya da Kremldə XİN və prezidentlik arasında hökm sürən dərin parçalanma faktoru sözügedən məsələyə də təsirlərini göstərir. Biz bu kimi mövzularda Kremlin hər iki subyektinin – Rusiya prezidentinin köməkçisinin və XİN mətbuat katibinin bir-birinə zidd olan fikirlərinin şahidləri olmuşuq. Amma bunun da bir siyasi oyun olub-olmadığını zaman-zaman öyrənəcəyik...

Rusiya SM-nın Qarabağda “mələk” qismində boy göstərmələrinə görə Azərbaycanda heç kimin gözü atmır!

Fəqət, bu məsələdəki bütün hallarda etinasızlıq, həmçinin göstərilən etibara qarşı etimadsızlıq bilavasitə Rusiyanın üzərində məsuliyyət qoyur. Rusiya Ermənistanı özünə müttəfiq, strateji dost və s. kimi qəbul edə bilər, amma Moskva unutmamalıdır ki, Qarabağ Azərbaycandır və orada yaşayan ermənilər Ermənistanın deyil, Azərbaycanın vətəndaşları hesab olunurlar. Əgər onlar həqiqətən də Xankəndi və s. ermənilərinin dərdlərinə bu qədər yanırlarsa, buyursunlar çəkilsinlər kənara və Azərbaycanın müvafiq dövlət qurumlarının strukturlarının Xankəndiyə gedərək oradakı problemləri yerindəcə həll etmələrinə şərait yaratsınlar. Yoxsa ki, Rusiya SM-nın Qarabağda “mələk” qismində boy göstərmələrinə görə Azərbaycanda heç kimin gözü atmır!

Özlərini “sülh göyərçini” kimi göstərib regiondakı vəziyyətin yenidən pozulmasına tərəf yönələn, ya da qəsdən yönləndirilən hadisələrdə rol almaqdadırlar

Yeri gəlmişkən, daha bir detalı da qeyd etmək mümkündür. Misal üçün, rus SM kontingentinin hərbçiləri hətta Azərbaycan qanunları ilə axtarışda olan və cinayət məsuliyyəti daşıyan şəxsləri də rahat qaydada ərazilərimizə buraxırlar. Laçın dəhlizindən Xankəndiyə keçən ermənilərdən biri də Vova Vartanovdur. O, 44 günlük müharibə zamanı terror təşkilatı yaradaraq, könüllü batalyon adı altında hərbi cinayətlər törədib, sonradan isə Ermənistan silahlı qüvvələrində ştata götürülüb. Elə quldur rejimin başçısı Araik Arutyunyan, rejimin “təhlükəsizlik şurasının” rəhbəri Vitali Balasanyan da Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib və rusiyalı SM-lar heç onların da saxlanılaraq bizə təhvil verilməsində nəinki maraqlı görünmürlər, ümumiyyətlə bu barədə düşünmürlər belə! Əksinə, özlərini “sülh göyərçini” kimi göstərib regiondakı vəziyyətin yenidən pozulmasına tərəf yönələn, ya da qəsdən yönləndirilən hadisələrdə rol almaqdadırlar.

“İskəndər-M” raketləri kimi ciddi və çoxlu suallar doğuran bu məsələnin də izahı niyə verilmir?!

Halbuki, üçtərəfli bəyanatda əksini tapan və Azərbaycanın rəsmi icazəsi olmadan Qarabağı dağlıq ərazisinə daxil olmağa izin verməyən bir olay buna qədər yaşanmışdı. Belə ki, həmin vaxt bir qrup fransız jurnalisti İrəvanın verdiyi qeyri-qanuni akkreditasiya səbəbindən əraziyə buraxılmamışdı. Rusiya SM-ı icazə üçün onların məhz Azərbaycan dövlətindən icazə almalarını istəmişdi. Bu zaman nə baş verir? Ruslar sözügedən oyunbazlıqları ilə nə deməyə çalışırlar? Və ya Xankəndiyə daxil olmaq üçün Rusiya və Ermənistan vətəndaşları hansı əsasla istisna olunurlar? Çünki yalnız Ermənistan rəsmiləri deyil, eləcə də Rusiyanın vətəndaşları, xüsusilə hərbi adamları dəfələrlə İrəvan-Xankəndi marşrutu ilə hərəkət ediblər. “İskəndər-M” raketləri kimi ciddi və çoxlu suallar doğuran bu məsələnin də izahı niyə verilmir?!

Azərbaycan Prezidenti İlham Əliyev: “Rusiya sülhməramlılarının xarici vətəndaşları gizli şəkildə Dağlıq Qarabağa buraxdığını görəndə təəccüblənirik”

Elə Rusiya da yaxşı bilir və dərk edir ki, Ermənistanın rəsmi şəxsləri, dövlət məmurları Azərbaycanın ayrılmaz və əbədi ərazisi olan Qarabağa təmiz dağ havası udmağa gəlmirlər, əksinə! Məqsəd növbəti illərdə də münaqişə ocağını qızışdırmaqdan, regionu sabitlik mərhələsindən uzaqlaşdırmaqdan ibarətdir və ruslar da bunu yaxşı bilirlər, özü də belə planlar haqqında tam şəkildə məlumatlıdırlar.

Laçın dəhlizi müvəqqəti olaraq rus SM-nın nəzarətinə verilib və burada məqsəd yalnız və yalnız humanitarlıq məsələlərindən ibarətdir. Digər başqa məsələlər Laçın dəhlizinin istismarına bağlı hədəflərdir ki, burada da qeyd etdiyimiz kimi, siyasi təxribatlara yol açılır. Bunun isə qarşısı dərhal alınmalıdır, çünki nəticəsi yaxşı heç nə vəd etmir.

Vurğulamaq yerinə düşərdi ki, mövzu ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə qətiyyətli fikirlərini irəli sürüb. Misal üçün, fevral ayının sonunda yerli və xarici KİV nümayəndələri üçün təşkil edilən konfrans zamanı dövlətimizin başçısı deyib: “İndi Rusiya sülhməramlılarının xarici vətəndaşları gizli şəkildə Dağlıq Qarabağa buraxdığını görəndə təəccüblənirik. Rusiya tərəfi ilə razılaşdıq ki, xaricilər ora yalnız bizim razılığımızla daxil ola bilərlər. Və müqavilə pozulur...”

Əks halda, Azərbaycanın torpağında qeyri-müəyyən sülhməramlılıq prinsiplərinə son qoyulacaq

Həqiqətən də belədir və indi də bu cür davam etməkdədir. Bakının narazılığına baxmayaraq, rus sülhməramlılarının Qarabağa Ermənistan vətəndaşlarını buraxmaları Azərbaycanın suverenliyini pozur. Təbii ki, belə bir qanunsuz praktika bundan sonra davam edə bilməz və etməməlidir. Çox ehtimal ki, əlavə xüsusi sənədin hazırlanması başlaya və üçtərəfli bəyanatdan başqa həmin sənəddə sözügedən məsələ bütün detalları ilə, eləcə də Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşılması amilləri müəyyən edilə bilər. Əks halda, Azərbaycanın torpağında qeyri-müəyyən sülhməramlılıq prinsiplərinə son qoyulacaq. Daha dəqiq desək, 44 günlük Vətən müharibəsində Qarabağın 30 illik işğalına son qoyan Azərbaycan kimin, hansı ölkənin tərəfindən edilən cəhdlərə baxmayaraq, öz hüquqlarının yenidən pozulmasına heç vaxt imkan verə bilməz!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə