Nümayişçilərin hədəfi hökumət binalarıdır İrəvan nəzarəti itirir

Müxalifət nümayişçiləri İrəvanın Mərkəzi Dairəsində rayon rəhbərliyinin binasına soxulublar. SİA TASS-a istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən onlarla insan binaya daxil olub.

"Nikol Paşinyanın mitinq iştirakçılarının siyahılarını düzəltmək üçün bu binada inzibati resursdan istifadə edirlər. Sizə xəbərdarlıq edirik ki, Nikol qaçacaq və siz qanun qarşısında cavab verəcəksiniz!", deyə etirazçılar şüarlar səsləndirdilər.

Xatırladılır ki, Paşinyan Rusiyanın İskəndər kompleksləri barədə danışdıqdan sonra Ermənistanda yeni bir siyasi böhran meydana gəlib. Bu sözlər Ermənistan Baş Qərargah rəis müavini tərəfindən tənqid olunub və bununla da Paşinyan onun vəzifəsindən azad edilməsi üçün tələb irəli sütüb. Eyni zamanda Ermənistan Silahlı Qüvvələri də Paşinyanın özünün istefasını tələb edən bir bəyanat yayıb. Ermənistan baş naziri isə silahlı qüvvələrin bu cür hərəkətlərini hərbi çevriliş cəhdi adlandırıb. Paşinyan Ermənistandakı vəziyyətin nəzarət altında olduğunu düşünür və tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Müxalifət tərəfdarları da öz növbəsində baş nazirin istefasına qədər meydanda qalmağa hazır olduğunu bildirib.

Bir sözlə, Ermənistanda təlatümlər get gedə artmaqdadır. Bu işğalçı ölkədə müxtəlif qüvvələr arasında qarşıdurmalar müşahidə edilir. Göründüyü kimi, xaos Ermənistan üçün xarakterik bir hala çevrilib. İndi Ermənistanda vətəndaş müharibəsinin başlaması gözlənilir. Əslində, vətəndaş müharibəsinin qığılçımları da göz qabağındadır. Əbəs yerə deyil ki, başda Ermənistan prezidenti olmaqla, səlahiyyətlilər narahatlıqlarını gizlətmirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə