“Ermənistanda konkret bir həll variantı yoxdur” Artur Vanesyan

Ermənistan Prezidenti Armen Sarkisyan müxalifətə Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı məsləhətləşmələrə davam edəcəyini söyləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyan söyləyib.

O, qeyd edib ki, hələ konkret bir həll yolu yoxdur. Müxalifətçilər bu gün respublikanın başçısı ilə görüşüblər və baş nazir Nikol Paşinyanın Qasparyanın istefası ilə bağlı əmrinin təsdiqlənməməsini tələb ediblər.

Xatırladaq ki, İrəvanda müxaliflərin və mövcud hökumətin tərəfdarlarının mitinqləri davam edir. Sərkisyanın Paşinyanın təklifi ilə Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatriyanı istefaya göndərməsindən sonra ölkədə başqa bir siyasi böhran başlayıb. Mətbuatda yer alan məlumatlara görə, general, hökumət başçısının İskəndər kompleksləri ilə bağlı sözlərini lağa qoyub.

Ordu da öz növbəsində Paşinyanın istefasını tələb edir. Baş nazir isə baş verənləri dövlət çevrilişi cəhdi adlandırıb və Qasparyanı qovacağına söz verib. Müxalifətçilər də Paşinyan vəzifəsindən getməyincə küçələri tərk etməyəcəklərini söyləyiblər.

Göründüyü kimi, Ermənistanda vəziyyət heç zaman olmadığı kimi qarışıb və bu ölkənin yaxın gələcəyi üçün heç də optimiz proqnozlar verməyə imkan vermir, əksinə, çox ciddi problemlərdən xəbər verir. Artıq aksiya iştirakçılarının Paşinyanın istefasına nail olmadan küçə və meydanlardan çəkilməyəcəkləri barədə fikirlər səsləndirməsi də təsdiq edir ki, İrəvanda ara çox qarışıb və bu hələ davam edəcək. Eləcə də Paşinyanın tərəfdarlarının da küçəyə çıxması və əleyhidarları ilə qarşıdurması, toqquşması daha böyük təlatümlərdən, daha dəqiq desək, vətəndaş müharibəsinin belə olma ehtimalından xəbər verir. Əbəs yerə deyil ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan vətəndaş müharibəsi təhlükəsi barədə həyəcan təbili çalıb və qeyd edib ki, vətəndaş müharibəsi erməni xalqının sonunun başlanğıcı deməkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə