"Bu gün Azərbaycan tarixinin ən şanlı və şərəfli dövrlərini yaşayır" ÖZƏL-MÜNASİBƏT

"Bu gün Azərbaycanın nüfuzu günü-gündən beynəlxalq aləmdə artmaqdadır. Son 30 ildə Azərbaycan qısa müddətdə böyük inkişaf yolu keçib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirdi, ölkəmizin inkişafına mühüm töhfə verərək bölgədə yeni siyasi reallığın yaranmasında xüsusi rol oynadı". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan qısa müddətdə bütün sahələrdə böyük inkişaf yolu keçdi, bir sıra regional layihələri uğurla icra etdi: "Azərbaycanın Ermənistan üzərində əzmkar qələbə çalmasında Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməsi, Azərbaycan xalqının ona inamı xüsusi rol oynadı.

Məhz buna istinad edərək Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilərkən verdiyi vədləri uğurla yerinə yetirdiyini söyləyə bilərik. Bu gün Azərbaycan tarixinin ən şanlı və şərəfli dövrlərini yaşayır. Azərbaycan heç zaman torpaqlarının işğal altında qalması ilə razılaşa bilməzdi.

Azərbaycanda həyata keçirilən uğurlu və müdrik siyasət sayəsində bu gün Azərbaycan ordusu dünyanın 50 güclü ordusu sırasına daxil olub, ən müasir texnika və avadanlıqlarla təchiz olunub, Azərbaycan bütün sahələrdə o cümlədən, ordu quruculuğu sahəsində böyük uğur qazanıb. İşğal altında olan torpaqlarımızın azad olunmasında, Ermənistan üzərində həlledici qələbədə bu amil xüsusi rol oynadı.

Prezident İlham Əliyev bəyan etmişdi ki, nəyi nə zaman etmək lazımdır bunu mən bilirəm. Son baş verənlər bu fikri bir daha təsdiq etdi. Azərbaycan diplomatik zəmin yaratdıqdan sonra Qarabağın işğaldan azad olunması üçün düşmənin cavabını layiqincə verdi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə