"Prezidentin müsahibələrinin hər biri tarixi əhəmiyyətə malikdir" ÖZƏL-MÜNASİBƏT

"Sentyabr ayının 27-dən bu günə qədər davam edən Vətən müharibəmizdə informasiya müharibəsi də öndə olub. Azərbaycan Prezidenti bu qurtuluş savaşımızda Ali Baş Komandan kimi döyüş meydanında qələbələr əldə etdiyi kimi, informasiya müharibəsində də, sözün əsl mənasında, diplomatiya tarixinə yazılacaq məzmunda, üslubda müsahibələr verir. Prezident İlham Əliyevin "RİA Novosti" agentliyinə verdiyi müsahibə də bu qəbildəndir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti sentyabrın 27-dən bu günə qədər, az qala, hər gün bir televiziya kanalına müsahibə verib: "Bu müsahibələrin hər biri tarixi əhəmiyyətə malikdir və Azərbaycan həqiqətlərinin dünyaya onun anladığı dildə çatdırılmasıdır. Dünya ictimaiyyətinin qəbul etdiyi hüquqi, diplomatik, siyasi dildə çatdırılmasıdır. Ona görə də düşünürəm ki, istər döyüş meydanındakı, istərsə də informasiya, diplomatiya savaşındakı qələbələrimizin tək memarı Azərbaycan Prezidentidir. Azərbaycan Prezidenti "RİA Novosti"yə bir daha diplomatiya tarixində nümunəvi çıxış kimi tədris olunacaq xüsusi bir məharətlə dolğun məzmunlu müsahibə verdi. Şübhəsiz ki, bu, Ermənistanın küçə səviyyəli baş nazirinin verdiyi rabitəsiz, məzmunsuz, şər-böhtan və yalanlarla dolu, həqiqəti əks etdirməyən müsahibəsi ilə əsla müqayisə edilməyəcək bir müsahibə idi. Çünki Azərbaycan Prezidenti həqiqəti deyirdi. Azərbaycanın haqlı davasını diqqətə çatdırırdı, onun hüquqi, beynəlxalq əsaslarını hər kəsin anlayacağı bir dildə bütün Rusiya auditoriyasına çatdırırdı. Ona görə düşünürəm ki, istənilən intellektual göstəriciyə malik olan geniş rus auditoriyası bütün səviyyələrdə ölkəmizin nə qədər haqlı olduğunu Azərbaycan Prezidentindən bir daha dinləmiş oldu. Xüsusən müsahibənin sonunda Azərbaycan Prezidentinin Rusiya ictimaiyyətinə müracətindəki məzmun tarixi önəmə malikdir. Eyni zamanda, bu, informasiya savaşında bəzi hallarda Ermənistanı müdafiə etməyə meyilli görünən, Rusiyada mövcud olan ayrı-ayrı siyasi qruplaşmalara, təşkilatlanmalara verilən əhəmiyyətli bir mesaj idi. Həmçinin, bu müsahibə bütövlükdə Rusiya informasiya məkanında Azərbaycana münasibəti köklü şəkildə dəyişdirə biləcək üslub və məzmunda idi. Çünki Azərbaycan Prezidenti qeyd etdi ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin səviyyəsi hər hansı qonşular üçün nümunə ola bilər. Ona görə də mən düşünürəm ki, bu müsahibə tarixi müsahibə hesab ediləcək qədər əhəmiyyətli idi. Bəhs olunan müsahibə xüsusən indiki həssas mərhələdə Azərbaycanın haqq səsinin bir daha Rusiya ictimaiyyətinə çatdırılması baxımından önəmli idi. Əlbəttə ki, bunun müqabilində Ermənistanın baş nazirinin isə rabitəsiz, məzmunsuz, şərə, böhtana əsaslanan qeyri-inandırıcı fikirləri olduqca sönük görünürdü".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə