Bəhruz Quliyev: "Çarəsiz qalan Ermənistan yeni himayədarlar axtarışındadır" - MÖVQE

Ermənistanın törətdiyi son təxribatlar dünya birliyinə və beynəlxalq hüquqa tam sayğısız yanaşdığını bir daha göstərdi. Uzun illərdir ki, işğal etdikləri torpaqları azad etmək əvəzinə erməni hakimiyyəti müxtəlif bəyanatlar verməklə danışıqlar prosesini əngəllədilər və bu gün Azərbaycan öz hüquqlarından istifadə edərək torpaqlarını güc yolu ilə geri qaytarır. SİA-nın verdiyi məlumata görə, bu fikirləri SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, Azərbaycanın əks-hücum əməliyyatı və törədilən bütün təxribatların məsuliyyəti tam şəkildə Ermənistan rejiminin üzərindədir: “Onların düşüncələrində heç nə dəyişməyib - mülki şəxslərin qətlləri, şantaj, təxribat - bütün bunlar Ermənistan hakimiyyəti üçün normaya çevrilib. İşğalçı Ermənistan indi də Azərbaycan Silahlı Qüvvələrinin guya F-16 qırıcılarından istifadə etməsi barədə yalan, təxribat xarakteri məlumat yayıblar və bunu tirajlamaqla məşğuldurlar. Ümumiyyətlə qeyd edim ki, Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil. Digər tərəfdən bu gün Ermənistan dövləti Suriyadan, İraqdan, Livandan terrorçuları və muzdluları işğal edilmiş qondarma Dağlıq Qarabağ ərazisinə köçürür. Bu bir daha sübut edir ki, ermənilər Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilmir. Bu gün Azərbaycan Ordusu düşmən sədlərini yarır və çaşqınlıq içində qalan işğalçı ölkə başını itirməkdədir. Onların xaricdən gətirdikləri muzdlular belə rəşadətli ordumuz tərəfindən məhv edilir”.

B.Quliyev bildirib ki, hazırkı beynəlxalq münasibətlər şəraiti də Ermənistan üçün getdikcə daha əlverişsiz xarakter almaqdadır: “İşğalçı dövlətin təcavüzkar və faşist-diktatura mahiyyəti dünya üçün getdikcə daha aydın şəkildə açılır, Azərbaycan diplomatiyasının ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyi Ermənistanı daha təklənmiş vəziyyətə salır. Azərbaycanla sərhəddə törədilən son təxribatlar Ermənistan rejiminin ölkə daxilindən və beynəlxalq miqyasdan gördüyü təzyiqlərə məcburi və uğursuz cavab reaksiyasıdır. Paşinyan hakimiyyəti yaxşı başa düşür ki, getdikcə ondan narazı düşən erməni cəmiyyətinin diqqətini başqa tərəflərə yönəltməsə, onun üçün çıxılmaz vəziyyət daha tez yetişəcək.

Azərbaycanın Dağlıq Qarabağ məsələsində Ermənistanı daha təklənmiş duruma salması onu kənarlarda yeni himayədarlar axtarışına sövq edir. Heç bir şübhə yoxdur ki, Ermənistan rejimi sərhəd təxribatları ilə özünün üzv olduğu hərbi-siyasi təşkilatları Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb etmək istəyir. Azərbaycanla sərhəddə Ermənistanın son təxribatları mövcud rejimin ölkədaxili siyasi və beynəlxalq diplomatik uğursuzluqlarının məntiqi davamıdır. Bu gün ordumuzun döyüş və vətənpərvərlik ruhu, təmas xəttində düşmənin təxribat xarakterli hərəkətlərinə vaxtında layiqli cavab verilməsi hər birimizdə qürur hissi doğurur. Ölkəmizdə dövlət-xalq-ordu birliyinin möhkəmliyi belə deməyə əsas verir ki, Azərbaycan əsgərinin xalqımıza qələbə sevincini yaşadacağı, üçrəngli bayrağımızın işğal altında qalan torpaqlarımızda da dalğalanacağı gün yaxındadır”.

Bütün xəbərlər Facebook səhifəmizdə