Ermənilər Livandakı dayaqlarını itirirlər ANALİTİK + FOTOLAR

Beyrutdakı güclü partlayış Yaxın Şərq regionundakı erməni maraqlarını da məhv edib

Livanın paytaxtı Beyrutda - ermənilərin kompakt yaşadığı Bürc Hamud adlı ərazidə baş verən və çoxsaylı insan tələfatına səbəb olan güclü partlayışdan sonra dünyanın diqqəti Yaxın Şərq regionunun geosiyasi cinahına tərəf yönəlməyə başlayıb. Bu xüsusda, Ermənistanın təlaşı daha çox qabarıq görünməkdədir. Çünki qeyd etdiyimiz kimi, partlayışın baş verdiyi ölkədə 400 minə qədər erməni yaşayır və onların əksəriyyəti məhz Bürc Hamud adlı qəsəbədə məskunlaşıblar.

Lakin məsələ yalnız bunda deyil. Daha dəqiq desək, sirr deyil ki, ermənilər tarixlər boyu təcavüzkar baxışları və işğalçılıq siyasətləri ilə dünyanın hər yerinə səpələnməklə yanaşı, həm də terror və s. bu kimi siyasi-hərbi təşkilatlanmalarını aparıb, o cümlədən, anti-türk siyasətindən çıxış edərək, yeni ərazi iddialarını reallığa çevirməkdən ötrü fəaliyyət istiqamətlərinin dinamikliyini qoruyub-saxlayıblar. Məhz belə mərkəzlərini Yaxın Şərq regionunda quran erməni lobbisinin əsas dayaq nöqtələrinən biri də Livan olub.

ASALA terror təşkilatının, habelə Daşnaksyutunun Yaxın Şərq qolunun təməlləri məhz Livanda qoyulub

Düzdür, Suriyada, İordaniyada, Misirin bəzi nöqtələrində də bənzər təşkilatlanmalar, məskunlaşmalar mövcud olsa da, Livandakı dayaq nöqtəsinin onlar üçün xüsusi rolu və yeri vardır. Əbəs deyil ki, günü-bu gün də ermənilərin fəxrlə adlarını çəkdikləri ASALA terror təşkilatının, habelə Daşnaksyutunun Yaxın Şərq qolunun təməlləri məhz Livanda qoyulub. Habelə, digər kiçik hərbi təşkilatlanmaların da bu ölkədə aparılması sirr deyil. Ötən əsrin 70-80-ci illərindən başlayaraq, ASALA terror təşkilatı Qərb ölkələrində türk diplomatlarına qarşı terror küləyi əsdirərkən də, xeyir-duasını Livandakı mərkəzindən almışdı.

“Böyük Kilikiya Evni”nin rəhbəri, erməni katolikosu I Aram Qarabağın Ermənistana birləşdirilməsi tələbini irəli sürən Livan ermənilərindəndir

Yeri gəlmişkən, daha bir faktı da xatırlatmaq olar. Bu gün Livanda ermənilərin “Böyük Kilikiya Evi” adlandırdıqları kilsə mərkəzləri fəaliyyət göstərir və həmin mərkəzə rəhbərlik edən erməni katolikosu I Aramdır. Bu, həmin Aramdır ki, “YouTube” sosial şəbəkəsində onun Qarabağın Ermənistana birləşdirilməsi tələbi, habelə dünyanın ermənilərə məxsus olması (???) barədə çoxsaylı iddiaları var. Qeyd edək ki, məhz ASALA-nın yaradılmasının xeyir-duasını da Livanda erməni dini mərkəzi kimi fəaliyyət göstərən “Böyük Kilikiya Evi” və onun katolikosları veriblər. Belə olan halda, Livanın ermənilər üçün nə qədər vacib və əhəmiyyətli ölkə olması artıq özünü bütün çılpaqlıqları ilə göstərir. Nəzərə alarsaq ki, ermənilər bu gün Livanın hakimiyyət dairələrinə qədər gedib-çıxıblar, bu zaman əlavə şərhə də ehtiyac qalmır. Amma...

Amma daha bir maraqlı məqam məhz partlayışdan sonra ermənilərin keçirdikləri təlaşla bağlıdır. Daha dəqiq desək, bu barədə elə onların KİV-ləri yazırlar. Misal üçün, Ermənistanın tanınmış siyasi yazarlarından olan, 1in.am saytının redaktoru Aram Amatuni məqaləsində qeyd edir ki, Livanda baş vermiş fəlakət regionda yeni siyasi vəziyyəti formalaşdırır.

Aram Amatuni: “Ermənistanın Livanın itkisi qarşısındakı yardımı simvolikdir”

“De-fakto söhbət Livanın yeni dövlət qismindəki başlanğıc prosesinə doğru istiqamət almasından gedir”, yazan müəllif, güclü partlayış qurbanlarının yalnız insanlar olmadığını, həm də dövlətin olduğunu qeyd edir. Bildirir ki, onsuz da daxili siyasi çətinlikləri ilə yanaşı, çoxsaylı insan tələfatı və milyardlarla dolların havaya sovrulması vəziyyətin daha da gərginləşməsinə doğru istiqamət almaqdadır. SİTAT: “Livan hökuməti dünya ölkələrinə kömək üçün müraciət edib. Böyük hesabla paytaxt Beyrutun Livan üçün çox əhəmiyyətli olan liman infrastrukturu tamamilə dağılıb”.

Lakin erməni siyasi şərhçisi bu məsələdə Ermənistanın da mövqeyini ortaya çıxararaq yazır ki, ölkəsi dost Livan xalqı ilə birgə baş verən hadisənin kədərini bölüşür və yardım etməyə hazırdır. Ancaq bunun ardınca qeyd edir ki, Ermənmistanın Livana yardımı dənizdə bir damladır. SİTAT: “Ermənistanın Livanın itkisi qarşısındakı yardımı simvolikdir, lakin sözsüz ki, burada münasibətlərin qorunub-saxlanılması daha vacibdir. Baxmayaraq ki, Livan tək qalmayacaq...”.

Erməniləri təlaşlandıran və düşündürən yeganə amil - Livanla ənənəvi sıx siyasi təmasları itirməmək, buradan sızan siyasi və hərbi-siyasi imkanlardan istifadə etmək

Aram Amatuni bu məsələdə Livanda yaşayan erməniləri nəzərdə tutaraq davam edir: “Eyni zamanda Ermənistanın yardım etmək məsələsi həm də orada yaşayan yüz minlərlə ermənilərə dəstək ola bilər. Hansı ki, onların bir hissəsi mümkündür ki, Ermənistana gəlmək istəyindədirlər...”.

Ancaq daha bir məqam budur ki, erməni müəllif bir tərəfdən Livanda yaşayan ermənilərin bir hissəsinin Ermənistana gətirilməsini, bu ölkədə yurd salmasını ümummilli vəzifə kimi təqdim edirsə, digər tərəfdən, Livanın mövcud vəziyyətdə əldən çıxmasından da təlaş keçirdiyini gizlətmir. SİTAT: “Vəziyyət Livanın mərkəzində siyasi güc təsirlərinin artması ilə müşahidə olunmağa başlayır və bu mübarizə amansız olacaq. Və burada Ermənistan üçün öz növbəsində siyasi və hərbi-siyasi (?!-R.N.) çağırış yaranır – Livanla ənənəvi sıx siyasi təmasları itirməmək, buradan sızan siyasi imkanlardan istifadə etmək”.



Göründüyü kimi, bu təlaş heç də əbəs deyil və əgər adıçəkilən erməni siyasi şərhçisi artıq siyasi və hərbi-siyasi tipli maraqlar barədə yazırsa, demək onun narahatlığı da əbəs deyil. Çünki həqiqətən də, erməni məhəlləsində baş vermiş güclü partlayış Livanın siyasi və s. maraqlarına toxunub. Əbəs deyil ki, artıq ermənilər Livanı dayaq mərkəzi olaraq itirmək qorxusu ilə yaşamağa başlayıblar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...