"Koronavirusun gələcəyi müəyyən edilməyib” Həsən Ruhani

İran prezidenti Həsən Ruhani, hakimiyyət orqanlarının ölkədə xəstəliyə yoluxma rekordunu qeydə almasından sonra koronavirusun yayılması ilə bağlı vəziyyəti qeyri-müəyyən adlandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, cümə axşamı günü İran hakimiyyəti 19 fevraldan bu günə qədər bütün dövr ərzində ölkədə 3574 nəfər olmaqla, ən çox gündəlik koronavirusa yoluxma halını aşkarlayıb.

Qeyd edək ki, əvvəlki rekord 3186 nəfər olmaqla 30 mart tarixində qeydə alınıb. "Cəmiyyət başa düşməlidir ki, koronavirusun gələcəyi müəyyən edilməyib. Bu səbəbdən insanlar koronavirus ilə yanaşı hər hansı bir vəziyyətdə həyata uyğunlaşdırmalıdırlar", deyə Ruhaninin ifadəsi rəsmi saytında yayımlanıb.

Prezidentin sözlərinə görə, vətəndaşların sağlamlığı hakimiyyət üçün prioritet məsələdir, lakin hökumət əhalinin sağlamlığını qoruyaraq sosial və iqtisadi fəaliyyətlər apara bilməsi üçün tədbirlər planı hazırlamalıdır.
Ruhani, ölkənin bir neçə əyalətində artan infeksiya fonunda sağlamlıq qaydalarına ciddi riayət edilməsinin vacibliyini də bildirib.

İran Prezidenti bunu, Koronavirusla Mübarizə üzrə Baş Qərargahın ixtisaslaşdırılmış komitələrinin nümayəndələri ilə görüşü zamanı söyləyib.

Xatırladaq ki, ümumilikdə hazırda İranda 164,3 minə yaxın koronavirus xəstəliyi aşkarlanıb, eyni zamanda təqribən 127,5 min insan sağalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə