"İsraildən “LORA” raketlərini alan ilk ölkə hesab edilə bilərik" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan raketləri İrəvanı darmadağın etmək gücünə malikdirlər. İsrailin yeganə dövlət olaraq bizə satdığı LORA raketlərinin İsrail ordusu tərəfindən dənizdə sınağı baş tutdu". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, The Jerusalem Post qəzeti yazır kı, İsrail ordusu LORA ballistik raketini dənizdə sınaqdan keçirib: "LORA maksimim 300-400 kilometr (döyüş başlığından asılı olaraq dəyişə bilir), minimum 30 kilometr mənzilə sahibdir. Atışdan hədəfə dəyənə qədərki uçuş vaxtının 10 dəqiqədən daha az olduğu bildirilir.

Öz göstəricilərinə görə “LORA” ABŞ-ın ATACMS operativ-taktiki raketlərinə və Rusiyanın “İsgəndər-E” operativ-taktiki raketlərinə yaxındır, yaxud onlarla eyni sinif raketlər hesab edilir.

Raketin işlənib hazırlanması böyük məxfilik şəraitində həyata keçirilib. Yalnız 2003-cü ildə İsrailin peyk telekanallarından biri təsadüfən raketin sınaqlarından görüntüləri sızdırıb. Bundan sonra “LORA” raket kompleksləri üzərindən məxfilik pərdəsi qaldırılıb, 2004-cü ildə raketlər İsrail ordusunun quru qoşunlarının, daha sonra hərbi dəniz qüvvələrinin silahlanmasına daxil edilib. Türkiyə və Hindistanın İsraildən bu raketləri almağa maraq göstərdiyi haqda məlumatlar var, lakin bu sövdələşmələr baş tutmayıb. Ona görə də Azərbaycan İsraildən “LORA” raketlərini alan ilk ölkə hesab edilə bilər.

“LORA” raketləri uçuş trayektoriyasına görə ballistikdir, ancaq raketdən müdafiə sistemlərindən yayınmaq üçün proqramlaşdırılmış və ya ixtiyari manevrlər edə bilir. Bu səbəbdən onu kvaziballistik raket də adlandırırlar. Raket həm GPS sistemi, həm operator tərəfindən idarə edilə bilər. Dörd konteynerdən ibarət buraxılış qurğusu adi yük maşınının və ya treylerin şassisində yerləşdirilir.

İsrail ordusu “LORA” raketlərini Suriyada İran hərbi bazalarını vurmaq üçün dəfələrlə istifadə edib.2017 -ci ilin sonlarında bu raketlərdən birinin Rusiyanın “Pantsir-S” artilleriya-raket kompleksi tərəfindən vurulduğu haqda məlumatlar yayılsa da İsrail tərəfi bu məlumatı şərh etməyib.

LORA -dan söhbət düşmüşkən, Belarusdan aldığımız Polonez -ləri də unutmamalıyıq. “Polonez” raket kompleksi Moskvanın Minskə “İsgəndər” raketləri satmaqdan imtina etməsindən sonra yerli müdafiə sənayesinin ekspertləri tərəfindən yaradılmışdı.

"Polonez" nəinki döyüş meydanında düşmən mövqelərini, həmçinin bütün Ermənistanın hərbi və strateji obyektlərini vurmaq imkanına malikdir. Düşmənə "Polonez" vasitəsilə 300 km məsafəyə qədər endirilən raket zərbələrinin qarşısını ala bilmədiyi çoxdan məlumdur. Silahın döyüş tətbiqi və raketin uçuş trayektoriyası bunu mümkünsüz edir. Həmçinin düşmənin belə zərbələrin qarşısını almağa heç bir imkanı yoxdur. ƏTR kompleksinin texniki xüsusiyyətləri ona 50 saniyə müddətində bir yaylımla, 8 ədəd döyüşə hazır raketlə maksimal uzaqlıqda yerləşən düşmənin hədəf və obyektlərinə 6 dəqiqədən gec olmayaraq zərbə endirməyə imkan verir.

Eyni zamanda, bundan əvvəl ordumuzun silahlanmasında İsrail istehsalı olan “Lynx” çoxfunksiyalı raket atəş sistemi var idi. ( Naxçıvandan İrəvanl vurmağa qadir olan) Müxtəlif kalibrli YARS raketləri ilə silahlanmış bu sistem üçün müasir ballistik LORA raketləri alınıb.

Alınan silahlar sahəsində Ordunun taktiki imkanlarının artırılması, Azərbaycanın raket-artilleriya qoşunlarının imkanlarını dəfələrlə artıraraq, dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatdırdı. Artıq ölkəmizi “İsgəndər” raketləri ilə hədələmək mümkün deyil. Bu hədələri edənlər və onlardan qorxanlar onsuz da hərbi işdən xəbərsiz adamlar idi. Bu tipli silahların effektiv tətbiqi yüksək keyfiyyətli texniki kəşfiyyat tələb edir ki, Ermənistan ordusunda heç buna oxşar bir şey də yoxdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesi əbədi deyil. Düşmənin danışıqlar prosesini uzatması, müxtəlif bəhanələr ilə danışıqlardan yayınması, onun məsələnin həllində maraqlı olmadığını göstərir. Elə isə, düşmən payızda ya ətraf rayonlarla bağlı addım atır, ya da yaxın bir il ərzində bizə başqa çıxış yolu qoymur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə