"Azərbaycan xalqı Sizi dəstəkləyir və Sizin ətrafınızda sıx birləşib” Minnətdarlıq məktubları

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər. SİA dövlətimizin başçısına ünvanlanan bir neçə məktubu təqdim edir.

Bakı şəhəri Nəsimi rayon sakini Malik Şirinlinin məktubunda deyilir: “Möhtərəm cənab Prezident. Şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizinlə fəxr edir, qürur duyuruq. Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz, dəstəyə ehtiyac duyan insanlara dəstək göstərdiniz. Sizin sayənizdə imkansız ailələrə ərzaq yardımı verildi, işsiz vətəndaşlara maddi kömək göstərildi. Ulu Tanrı koronavirusa yoluxan bütün xəstələrimizə şəfa, onlara xidmət göstərən həkimlərə səbir və güc-qüvvət versin. Əziz Prezidentimiz, Allah Sizə hər zaman kömək olsun. Siz Azərbaycanın işıq saçan günəşisiniz. Bütün Azərbaycan xalqı Sizi dəstəkləyir və Sizin ətrafınızda sıx birləşib”.

Laçın rayonundan məcburi köçkün Məmmədov Şirxan ölkə başçısına minnətdarlığını belə ifadə edir: “Möhtərəm cənab Prezidentimiz. Əvvəlcə Sizə minnətdarlığımı bildirirəm. Bütün dünyanı cənginə almış COVID-19 pandemiyasının Azərbaycana zəif təsirinin əsas səbəbi Sizin vaxtında verdiyiniz düzgün qərarlardır. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, əhalinin işlə təmin edilməsi, insanların təhlükəsiz yaşayışı üçün göstərdiyiniz hərtərəfli diqqət və qayğı danılmazdır. Dövləti yüksək peşəkarlıqla idarə etməyinizin, xalqın rifahının gündən-günə yaxşılaşmasının nəticəsidir ki, xeyli insan son aylarda işləməsə də, dövlətin qayğısı sayəsində rahat yaşaya və sağlam qala bildi. Möhtərəm Prezidentimiz, xalq Sizi həmişə dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Cənab Prezident, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də Sizi Azərbaycana bəxş etməsidir. Tanrı hər zaman köməyiniz olsun”.

Goranboy rayonunun Məşədiqaralar kəndinin sakini Nəsimi Süleymanov yazır: “Hörmətli cənab Prezident. Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün göstərdiyiniz səylərə görə təhsil işçisi olaraq ziyalılar adından və şəxsən öz adımdan Sizə minnətdarlığımı bildirirəm. Xüsusən də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr təqdirəlayiqdir. Cənab Prezident, yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi və ailənizi qorusun”.

Gədəbəy rayonunun Əyrivəng kənd sakini Əsgərov Altayın məktubunda qeyd edilir: “Hörmətli cənab Prezident. Bütün respublikamızda, o cümlədən Gədəbəydə aparılan abadlıq-quruculuq işlərinə görə Sizə təşəkkür edirəm. Uzun müddəti idi ki, sakinlərimiz yanacaq və işıq sarıdan əziyyət çəkirdi. Artıq bu çətinliyimiz aradan qaldırılır. Hazırda 3000 sakini, 17 şəhidi olan, sərhəd bölgəsində yerləşən Arıqıran və Əyrivəng kəndlərində təbii qaz xəttinin çəkilişinə və elektrik xətlərinin, transformatorların dəyişdirilməsinə başlanılıb. Cənab Prezident, bütün dünyanı ağuşuna alan COVID-19 pandemiyası səbəbindən yaranmış böhrana, iqtisadi və maliyyə çətinliyinə baxmayaraq, Siz diqqət və qayğınızı biz sakinlərdən yenə də əsirgəmədiniz. Hər bir Azərbaycan vətəndaşına, o cümlədən bizlərə göstərdiyiniz diqqət qayğıya görə Əyrivəng kəndinin bütün sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Allah Azərbaycanımızı, Sizi və ailənizi qorusun”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...