Fəaliyyətində ciddi nöqsanlar görə Ədliyyə Nazirliyinin bir neçə əməkdaşı işdən çıxarılıb

Ədliyyə Nazirliyində icra xidmətinin Bakı şəhəri və ətraf bölgələrin yerli qurumlarının bütün əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib. SİA-nın Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov korrupsiya ilə mübarizədə mühüm önəm kəsb edən məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə tədbirləri vurğulayıb, korrupsiyaya şərait yaradan halların, o cümlədən süründürməçiliyin, vətəndaşların get-gələ salınmasının əhalinin çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğu və ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir göstərdiyini qeyd edib.

Qeyd olunub ki, ötən il 120 minə qədər artan icra sənədlərindən 85%-nin icra olunmasına, habelə 209 nəfər barədə cinayət işinin başlanılmasına baxmayaraq, bu sahədə hələ də problemlər qalmaqdadır. Aparılan yoxlamalar nəticəsində bir sıra yerli qurumlarda korrupsiyaya şərait yaradan halların, o cümlədən işlərin hərəkətsiz saxlanılması, icra ödənişlərinin alınmasında nöqsanlar, vətəndaşların şikayətlərinə, onların qəbuluna lazımi diqqət yetirilməməsi, icra məmurları tərəfindən əmək və icra intizamının, etik davranış qaydalarının pozulması aşkar edilib, bir sıra yerli icra qurumlarının fəaliyyəti kəskin tənqid olunub.

Müşavirənin yekunları üzrə ədliyyə nazirinin əmri ilə göstərilən kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiklərinə görə Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru M.Əhmədov ədliyyə orqanlarından xaric olunub, Nəsimi və Nizami rayon icra şöbələrinin icra məmurları X.Yaqubov və N.Qasımov tutduğu vəzifədən azad edilib, Səbail, Yasamal rayonları və Sumqayıt şəhəri icra qurumlarının rəhbərlərinə şiddətli töhmət verilib, bəzi digər məsul işçilərə xəbərdarlıq edilməklə işdə dönüş yaradılması üçün 6 ay vaxt verilib.

Sonda İcra baş idarəsinə korrupsiya ilə mübarizənin gücləndirilməsi, bununla əlaqədar xidmətin işinin düzgün təşkili və yerli qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin artırılması, məhkəmə qərarlarının vaxtında və dürüst icrasına nail olunması, neqativ faktlar üzrə təxirəsalınmadan zəruri tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə