AKP "Yol xəritəsi"ni PKK ilə razılaşdırıb?

Türkiyədə 12 sentyabr tarixində keçiriləcək referendum yaxınlaşdıqca Konstitusiya dəyişikliklərin lehinə və əleyhinə olan tərəflərin bir-birinə qarşı səsləndirdiyi ittihamlar da daha sərt xarakter alır. Rəqibinin xalq arasında nüfuzunu aşağı salmaq üçün həm müxalifət, həm də iqtidar bütün vasitələrdən yararlanmağa çalışır. SİA-nın bu ölkənin mətbuatına istinadən verdiyi məlumata görə, Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı baş nazir Rəcəb Tayyıb Ərdoğanın pərdəarxası gördüyü işlərini Konstitusiya dəyişiliyi ilə örtmək istədiyini bildirib.

 

MHP lideri "SKYTÜRK" kanalında referendumla bağlı xüsusi proqramda çıxışı zamanı Konstitusiya dəyişikliyində böyük tələlərin olduğunu, iqtidarın gərginlik strategiyası ilə ölkəni düşərgələrə böldüyünü və PKK-nın tələbləri ilə ölkənin idarə edildiyini bildirib. Görünür, MHP lideri xalqın PKK məsələsinə olduqca həssas yanaşmasından təbliğat prosesində də istifadə etməyə çalışır. Minlərlə şəhid verən xalq yəqin ki, terror təşkilatı ilə yaxınlıq edən iqtidarın "bəli" çağırışına müsbət cavab verməz.

 

D.Baxçalı qeyd edib ki, PKK probleminin ortadan qaldırmaq üçün həyata keçirilən "Yol xəritəsi"nin özü də terror təşkilatının İmralı həbsxanasında olan lideri Abdulla Öcalan tərəfindən hazırlanıb: "Bu planın heç bir hissəsi ictimaiyyətlə razılaşdırılmayıb. 13-20 Avqust arasında atəşkəsin PKK tərəfindən qəbul edildiyi deyilən zaman Öcalanın vəkilləri vasitəsilə İmralı həbsxanasında olan şəxs 15 Avqust tarixində bir yol xəritəsini Mudanya prokurorluğuna verdiyini söyləyib. Mudanya prokurorluğuna verilmiş olan yol xəritəsi isə mütləq Ədliyyə Nazirliyinə təqdim edilməli idi. Bu məsələdə də bir açıqlama yoxdur".

 

MHP liderinin fikrincə, iqtidar yeritdiyi gərginlik strategiyasına söykənərək ölkəni cəbhələrə bölür. D.Baxçalı hesab edir ki, bu siyasət heç də referendum öncəsi deyil, AKP-nin 8 illik hakimiyyəti dövründə tədbiq olunub: "Bu gərginlik strategiyası Türkiyəni ictimaiyyətində bir zehniyyət dəyişməsi yaratmağı qarşısına məqsəd qoyub. Görürük ki, inananlar-inanmayanlar, dünyəvilər-antidünyəvilər kimi bir qütbləşmə yaranıb. Son günlərdə də ölkə devrimçilər-demokratlar, hətta "bəli" və "xeyr" səsinə görə, coğrafi ərazilərə də bölünüb".

Bütün xəbərlər Facebook səhifəmizdə