Hikmət Babaoğlu: “Hesab edirəm ki, bu bir ailə toplantısıdır” AÇIQLAMA

"Ümumiyyətlə Müsavat daxilində baş verənlərin Azərbaycanın ictimai-siyasi həyatına heç bir təsiri yoxdur". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Rövşən Qəmbərin Müsavat başqanlığına iddialıların İsa Qəmbərin ətrafında birləşməklə başqan yaratmağı təklif etməsinə dair fikirlərinə münasibət bildirərkən deyib.

Baş redaktorun sözlərinə görə, Rövşən Qəmbər ən yaxın ətrafı ilə bağlı müəyyən qrup yaradır: "Hesab edirəm ki, bu bir ailə toplantısıdır. Belə ki, burada qardaş təklif verir və qohumlarını ətrafına yığır. Ümumiyyətlə Müsavat daxilində baş verənlərin Azərbaycanın ictimai-siyasi həyatına heç bir təsiri yoxdur. Başqanlığa iddialılıq bir neçə ailə və qohum bazasında formalaşıb. Bu, sadəcə mətbuat vasitəsilə özünü ictimaiyyətə təqdim etməyə çalışan marginal bir qrupdur. Məhz buna görə də onlar Azərbaycan ictimaiyyətini bir o qədər də maraqlandırmır. Bir sözlə orada baş verənlər Azərbaycan siyasi palitrası üçün əhəmiyyətli deyil".

Hikmət Babaoğlu həmçinin müxalifət partiyalarının "Demokratiyanı Müdafiə Xartiyası" imzalanması məsələsinə də münasibət bildirib: "Bu məsələnin siyasi reallığa uyğun olmayan bir vaxtda gündəliyə gətirilməsi müxalifət partiyalarının qeyri-ciddi əsaslarda formalaşmasından xəbər verir. Bu gün artıq Azərbaycanda demokratiyanın uzun müddətli tarixi var. 1993-cü ildən bu günə kimi olan müddətdə Azərbaycanda demokratiya inkişaf və söz, mətbuat azadlığı bərqərar olub. Bununla belə, ölkəmiz Qərbə inteqrasiya edib və modern cəmiyyət formalaşıb və s. Bu mənada hesab edirəm ki, "Demokratiyanı Müdafiə Xartiyası"na heç bir ehtiyac yoxdur. Buna bəlkə də 25 il bundan əvvəl ehtiyac duyula bilərdi. Beləcə, düşünürəm ki, bütün bunlar Azərbaycanın siyasi gündəliyi ilə manipulyasiya etmək cəhdləridir ki, bu da baş tutmur".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...