Mübariz Qurbanlı: \"Azərbaycan ABŞ dövlət katibinin regiona səfərinə böyük əhəmiyyət verir\" - MÜNASİBƏT

\"Hesab edirəm ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz ölkələrinə səfəri bütövlükdə regionda sülh, əminamanlıq və təhlükəsizlik üçün əhəmiyyətli olacaq. Azərbaycan bu səfərə böyük əhəmiyyət verir. Çünki Azərbaycan bu gün şərq-qərb, şimal-cənub dəhlizində ən əsas ölkədir. Azərbaycanın iştirakı olmadan bölgədə hər hansı layihəni həyata keçirmək mümkün deyil. Bu mənada hesab edirəm ki, səfər zamanı aparılan danışıqlar və müzakirələr Azərbaycanın mövqeyini möhkəmləndirir\". Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Hillari Klintonun Cənubi Qafqaz dövlətlərinə səfəri ABŞ-ın bu bölgədə həyata keçirdiyi siyasətlə bağlı bu və digər məsələlərin həllinə yönəlib. ABŞ dövlət katibinin Ermənistan və Gürcüstanda səfərdə olduğunu xatırladan M.Qurbanlının sözlərinə görə, keçirilən görüşlərdə Amerikanın bu ölkələrlə münasibətləri barədə fikir mübadiləsi aparılıb.

\"ABŞ dövlət katibinin növbəti səfəri Azərbaycana olacaq. Azərbaycanla Amerika arasında ikitərəfli əlaqələr bir sıra sahələri özündə əks etdirir. Bunların sırasında enerji təhlükəsizliyi, regional əməkdaşlıq, geopolitik baxımdan ABŞ və Azərbaycanın maraqlarına uyğun birgə fəaliyyət, eyni zamanda, Birləşmiş Ştatların bu bölgədəki iqtisadi maraqları və digər məsələlər dayanır. ABŞ-la Azərbaycan arasında enerji sahəsində çox ciddi əməkdaşlıq mövcuddur. Xəzər hövzəsində Azərbaycan çox mühüm bir ölkədir. Təbii ki, bütün bunlar ABŞ-ın Cənubi Qafqazdakı siyasətində Azərbaycana xüsusi yer ayırmasına gətirib çıxarıb. Qeyd etmək lazımdır ki, xanım Klintonun səfəri gedişində Cənubi Qafqazla bağlı ən ciddi müzakirə olunan mövzu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Yerevanda olduğu zaman da, H.Klinton bu məsələ ətrafında müzakirələr aparıb. Bakıda isə bu müzakirələr xüsusi diqqət mərkəzində olacaq. Prezident İlham Əliyevin münaqişənin həlli ilə əlaqədar mövqeyi ATƏT-in Minsk qrupunun həmsədri, dünyanın aparıcı dövləti olan ABŞ-ın dövlət katibinin diqqətinə çatdırılacaq\", - deyə YAP İcra katibinin müavini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə