Gələn il Gül bayramı üçün yeni park salınacaq

"Keçmiş Füzuli və Mirzağa Əliyev küçələrinin yerində - 7,5 hektar ərazidə salınacaq park 2013-cü ilin mayın 10-da – Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə keçirilən Gül Bayramı günü açılacaq". SİA-nın məlumatına görə, bu açıqlamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov verib.


O bildirib ki, artıq Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə xüsusi hazırlıqlar başlayıb: "Gələn il Gül Bayramı təkcə bu parkda olmayacaq. Heydər Əliyev Sarayının arxasında bu parkdan üç dəfə böyük bağ salınacaq. Gələn il mayın 10-da həmin parkın da açılışı olacaq və Gül Bayramı bundan daha möhtəşəm şəkildə orada keçiriləcək. Heydər Əliyevin 90 illiyinə elə bu gündən hazırlaşırıq".


H.Abutalıbov qeyd edib ki, həmin ərazidə "Qış bulvarı" adlı park olmayacaq: "Orada gözəl, musiqili fəvvarələri olan dünyanın ən gözəl parkı salınacaq. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında "Gözəl istirahət parkı salınacaq" yazılıb. Bir daha deyirəm, həmin ərazidə gözəl istirahət bağ-park kompleksi salınacaq. Parkın aşağısında isə 2 mərtəbəli, müasir tələblərə cavab verən avtomobil dayanacağı inşa ediləcək. Bu dayanacaq 4500 avtomobil üçün nəzərdə tutulub".


Hacıbala Abutalıbov qeyd edib ki, ərazidə yerləşən birmərtəbəli, acınacaqlı vəziyyətdə olan evlərin hamısı bir neçə il ərzində söküləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...