"Beynəlxalq ictimaiyyət tərəfləri real siyasi dialoqa qaytarmalıdır" - Deputat

"Beynəlxalq ictimaiyyət tərəfləri real siyasi dialoqa qaytarmalıdır" - Deputat

"İranın ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə zərbələr endirməsi regionda onsuz da gərgin olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, son hadisələr göstərir ki, tərəflər arasında qarşıdurma artıq yalnız İran və İsrail münasibətləri kontekstindən çıxaraq daha geniş regional təhlükəsizlik məsələsinə çevrilməkdədir:

"Bu baxımdan əsas suallardan biri ondan ibarətdir ki, hadisələrin inkişafı Yaxın Şərqdə genişmiqyaslı müharibə riskini nə dərəcədə artırır və beynəlxalq təşkilatlar bu prosesin qarşısını almaq üçün real təsir imkanlarına malikdirmi?

İranın ABŞ hərbi obyektlərini hədəfə alması münaqişənin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.

Əgər indiyədək əsas hərbi qarşıdurma İran və İsrail arasında müşahidə olunurdusa, artıq ABŞ-ın da birbaşa hədəfə çevrilməsi regional eskalasiya riskini əhəmiyyətli dərəcədə artırır. Bu isə o deməkdir ki, münaqişə ayrı-ayrı dövlətlər arasında lokal qarşıdurmadan çıxaraq bütövlükdə Yaxın Şərqin təhlükəsizlik arxitekturasına təsir göstərən prosesə çevrilə bilər.

Hazırkı mərhələdə əsas təhlükə münaqişənin "domino effekti" yaratmasıdır. ABŞ-ın regiondakı hərbi bazaları yalnız İraq və Qətərdə deyil, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə də yerləşir.

Bu obyektlərin hədəfə çevrilməsi həmin dövlətləri də faktiki olaraq təhlükəsizlik riskləri ilə üz-üzə qoyur. Eyni zamanda, Hörmüz boğazı ətrafında gərginliyin artması dünya enerji bazarlarına, neft qiymətlərinə və qlobal ticarət marşrutlarına ciddi təsir göstərə bilər. Məhz buna görə də söhbət artıq yalnız regional deyil, həm də beynəlxalq iqtisadi təhlükəsizlikdən gedir.

Lakin eskalasiyanın genişmiqyaslı regional müharibəyə çevriləcəyini indidən qəti şəkildə söyləmək də doğru olmazdı. Çünki həm Vaşinqton, həm də Tehran üçün açıq və uzunmüddətli müharibənin qiyməti olduqca yüksəkdir.

ABŞ regionda genişmiqyaslı hərbi əməliyyatlara cəlb olunmasının siyasi və iqtisadi nəticələrini yaxşı anlayır. İran isə daxili iqtisadi problemlər, beynəlxalq sanksiyalar və sosial gərginlik fonunda uzunmüddətli hərbi qarşıdurmanın yaratdığı riskləri nəzərə almağa məcburdur.

Buna görə də tərəflər sərt ritorika nümayiş etdirsələr də, müəyyən mərhələdə eskalasiyanın idarə olunmasına üstünlük vermələri ehtimalı kifayət qədər yüksəkdir. Digər mühüm məsələ beynəlxalq təşkilatların roludur.

Təəssüf ki, son illərin təcrübəsi göstərir ki, BMT-nin belə böhranlarda təsir imkanları kifayət qədər məhduddur. Təhlükəsizlik Şurasında daimi üzvlər arasında mövcud olan ciddi fikir ayrılıqları təşkilatın operativ və effektiv qərarlar qəbul etməsini xeyli çətinləşdirir.

Veto mexanizmi bir çox hallarda BMT-ni siyasi bəyanatlar səviyyəsində saxlayır və praktik vasitəçilik imkanlarını zəiflədir.

Eyni vəziyyət digər beynəlxalq aktorlar üçün də xarakterikdir. Avropa İttifaqı diplomatik təşəbbüslərlə çıxış etsə də, regionun təhlükəsizlik məsələlərinə birbaşa təsir imkanları məhduddur. NATO isə yalnız üzv dövlətlərin təhlükəsizliyi kontekstində fəaliyyət göstərir və hazırkı böhranın həllində əsas rol oynayan siyasi platforma deyil.

Körfəz Əməkdaşlıq Şurası ölkələri və digər regional oyunçular gərginliyin azaldılmasında maraqlı olsalar da, onların vasitəçilik imkanları da tərəflərin siyasi iradəsindən asılıdır.

Bununla belə, diplomatik kanalların tam bağlandığını söyləmək düzgün olmazdı. Tarix göstərir ki, ABŞ və İran arasında ən gərgin dövrlərdə belə dolayı danışıqlar müxtəlif vasitəçilər – Oman, Qətər və digər tərəfdaşlar vasitəsilə davam etdirilib.

Məhz bu qeyri-rəsmi diplomatik kanallar böhranın tam nəzarətdən çıxmasının qarşısını alan əsas mexanizmlərdən biri hesab olunur.

Hazırkı vəziyyət bir daha göstərir ki, müasir beynəlxalq münasibətlərdə hərbi üstünlük münaqişələrin həlli üçün kifayət etmir. Uzunmüddətli sabitlik yalnız diplomatik dialoq, beynəlxalq hüquqa hörmət və qarşılıqlı təhlükəsizlik maraqlarının nəzərə alınması əsasında mümkündür.

Əks halda, Yaxın Şərqdə baş verən hər bir yeni eskalasiya təkcə region dövlətlərini deyil, qlobal enerji bazarlarını, beynəlxalq ticarəti və ümumilikdə dünya təhlükəsizlik sistemini sarsıtmağa davam edəcək.

Mövcud şəraitdə ən real ssenari tərəflərin müəyyən müddət ərzində qarşılıqlı hərbi təzyiq siyasətini davam etdirməsi, eyni zamanda vasitəçilər üzərindən diplomatik təmasların qorunmasıdır.

Lakin hər hansı yanlış hərbi qərar və ya nəzarətdən çıxan insident vəziyyəti qısa müddətdə daha geniş regional müharibəyə çevirə bilər.

Məhz buna görə də beynəlxalq ictimaiyyətin əsas vəzifəsi yalnız atəşkəs çağırışları ilə kifayətlənmək deyil, tərəfləri real siyasi dialoqa qaytara biləcək mexanizmlərin formalaşdırılması olmalıdır".

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə