“Yeni tələblər sosial şəbəkə platformalarının məsuliyyətini də artırır” -DEPUTAT DANIŞDI

“Yeni tələblər sosial şəbəkə platformalarının məsuliyyətini də artırır” -DEPUTAT DANIŞDI

“Rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqların internet və sosial media ilə daha erkən yaşlardan təmasda olmasına səbəb olub. Bununla yanaşı, kibertəhlükələr, zərərli məzmun, şəxsi məlumatların qorunması və onlayn zorakılıq kimi risklər də artmaqdadır”.

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, məhz bu səbəbdən uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi bu gün dünyanın əksər ölkələrində dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur:

“Azərbaycan da bu istiqamətdə mühüm hüquqi addım ataraq uşaqların rəqəmsal mühitdə daha etibarlı şəkildə qorunmasına yönəlmiş yeni tənzimləmələri qəbul edib. Milli Məclisdə sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın yoxlanılması ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərin üçüncü oxunuşda qəbul olunması ölkədə rəqəmsal təhlükəsizlik siyasətinin yeni mərhələsinin başlanğıcıdır.

Bu dəyişikliklərin məqsədi sosial şəbəkələrdən istifadəyə qadağa qoymaq deyil. Əsas hədəf uşaqların yaş xüsusiyyətlərinə uyğun olmayan məzmunlardan, zərərli təsirlərdən və müxtəlif rəqəmsal təhlükələrdən qorunmasını təmin edən müasir hüquqi mexanizmlərin yaradılmasıdır.
Yeni qaydalara əsasən, 16 yaşınadək uşaqlar sosial şəbəkə platformalarında müstəqil hesab yarada bilməyəcəklər. 16–18 yaş arasında olan yeniyetmələr isə yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında qeydiyyatdan keçə biləcəklər. Bunun üçün sosial şəbəkələrdə yaşın təsdiqlənməsi mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
Bu yanaşmanın əsas məqsədi uşaqların sağlam fiziki, psixoloji və sosial inkişafını dəstəkləməkdir. Yaş məhdudiyyətinin tətbiqi onların zorakılığı, nifrət nitqini, dezinformasiyanı və digər zərərli məzmunları ehtiva edən paylaşımlarla qarşılaşma riskini əhəmiyyətli dərəcədə azalda bilər. Eyni zamanda, uşaqların təhsil, idman, mütaliə, yaradıcılıq və ailə ilə ünsiyyətə daha çox vaxt ayırmasına müsbət təsir göstərəcək.
Qanunvericilikdəki yeniliklər valideynlərin məsuliyyətini də artırır. Xüsusilə 16–18 yaşlı yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi üçün valideyn razılığının tələb olunması ailələrin övladlarının rəqəmsal davranışlarını daha yaxından izləməsinə, onlarla internet təhlükəsizliyi, şəxsi məlumatların qorunması və onlayn etik davranış qaydaları barədə açıq dialoq qurmasına imkan verəcək.
Bu dəyişikliklər yalnız hüquqi tənzimləmə deyil, həm də maarifləndirici əhəmiyyət daşıyır. Valideynlər rəqəmsal mühitdə mövcud riskləri daha yaxşı dərk edəcək, uşaqlarda isə təhlükəsiz və məsuliyyətli internet istifadə mədəniyyəti formalaşacaq.
Yeni tələblər sosial şəbəkə platformalarının məsuliyyətini də artırır. Platformalar yaş məhdudiyyətlərinin effektiv tətbiqini təmin etməli, yaşın yoxlanılması mexanizmlərini təkmilləşdirməli və uşaqların hüquqlarının qorunmasına yönəlmiş təhlükəsizlik standartlarını gücləndirməlidirlər. Bu, rəqəmsal xidmət təminatçılarının sosial məsuliyyətinin artırılması baxımından da mühüm addımdır.
Azərbaycanda uşaqların informasiya təhlükəsizliyi sahəsində hüquqi baza artıq mövcuddur. 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun bu sahədə əsas hüquqi çərçivəni müəyyənləşdirib. Hazırda qəbul edilən yeni dəyişikliklər isə həmin hüquqi bazanı rəqəmsal dövrün yeni çağırışlarına uyğun şəkildə daha da təkmilləşdirir.

Bənzər hüquqi tənzimləmələr dünyanın bir çox ölkəsində də həyata keçirilir. Avstraliya, Fransa, Böyük Britaniya, Almaniya, İrlandiya, Norveç, İspaniya, Kanada, Türkiyə, Hindistan və digər dövlətlər uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yaş məhdudiyyətlərinin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi və rəqəmsal platformaların məsuliyyətinin artırılması istiqamətində ardıcıl addımlar atırlar. Bu isə göstərir ki, uşaqların rəqəmsal hüquqlarının və təhlükəsizliyinin qorunması artıq qlobal gündəliyin əsas mövzularından biridir.
Mən daha bir vacib məqamı qeyd etmək istərdim. Belə ki, sosial şəbəkələrin fikir mübadiləsi, məlumat paylaşımı və ictimai müzakirələr üçün mühüm platformaya çevrilməsindən təəssüf ki, məsuliyyətsiz istifadə halları da mövcuddur. Bu neqativ davranışlar sağlam dialoqa zərbə vurur. Xüsusilə təhqir, söyüş, nifrət dili üzərində qurulan paylaşımlar heç bir halda qəbuledilən deyil.
Fərqli siyasi baxışlara malik insanlar arasında müzakirələr qarşılıqlı hörmət, faktlar və arqumentlər əsasında aparılmalıdır. İstənilən şəxs və ya qrup sosial şəbəkələrdən istifadə edərkən hüquqi və etik məsuliyyət daşıyır. Dezinformasiya yayılması, təhqir və böhtan ictimai mühitə mənfi təsir göstərir, xüsusilə gənclər üçün yanlış davranış nümunəsi yaradır. Sağlam ictimai müzakirələrin inkişafı üçün sosial şəbəkələrdə qarşılıqlı hörmət, məsuliyyətli ünsiyyət və faktlara əsaslanan fikir mübadiləsi təşviq olunmalıdır. Tənqid heç bir halda etik normaları və qanunun çərçivəsini aşmamalıdır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə