WUF13: Gələcəyin şəhərləri Bakıda qurulur - ANALİTİK

World Urban Forum 13 və ya qısaca WUF13, Birləşmiş Millətlər Təşkilatının şəhərsalma və davamlı urbanizasiya sahəsində ən böyük qlobal platforması olan UN-Habitat tərəfindən təşkil olunur. Forum 17–22 may 2026-cı ildə Bakıda keçirilir və əsas mövzusu belədir: “Housing the World: Safe and Resilient Cities and Communities” (“Dünyanın mənzil təminatı: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar”).

World Urban Forum 2001-ci ildə BMT tərəfindən yaradılıb. Forumun əsas məqsədi dünyada sürətlə artan urbanizasiya prosesinin yaratdığı problemləri müzakirə etmək və şəhərlərin daha yaşanıqlı, inklüziv və dayanıqlı inkişafı üçün həll yolları hazırlamaqdır. İlk forum 2002-ci ildə Keniyanın Nairobi şəhərində keçirilib.

UN-Habitat tərəfindən təşkil olunan World Urban Forum (WUF) yalnız konfrans və ya sərgi deyil. O, qlobal şəhər siyasətinin formalaşdığı, dövlətlərin və şəhərlərin təcrübə paylaşdığı, urbanizasiya problemlərinə həll yolları hazırladığı böyük beynəlxalq platformadır. WUF-un fəaliyyəti əsasən 7 böyük istiqamətdə cəmlənir:

1. Qlobal şəhər problemlərini müzakirəyə çıxarır
WUF dünyada şəhərlərin qarşılaşdığı əsas problemləri - mənzil böhranı, tıxac və nəqliyyat, iqlim dəyişikliyi, hava çirklənməsi, su və kanalizasiya problemi, qeyri-rəsmi yaşayış məhəllələri, sosial bərabərsizlik, enerji səmərəliliyi, urban yoxsulluq, miqrasiya və qaçqın axınları beynəlxalq gündəmə gətirir. Məsələn, Afrika şəhərlərində sürətli əhali artımı, Asiyada meqapolislərin yüklənməsi, Avropada yaşıl şəhər transformasiyası, müharibədən sonra şəhərlərin bərpası kimi məsələlər WUF-da müzakirə edilir.
Bu forum sayəsində urbanizasiya artıq yalnız memarlıq mövzusu deyil, iqtisadiyyat, ekologiya və sosial siyasətin əsas hissəsi kimi qəbul olunur.

2. Şəhər siyasətlərinin hazırlanmasına təsir edir
WUF qanun qəbul etmir, amma dünya şəhər siyasətinə böyük təsir göstərir. Burada, hökumətlər, meriyalar, BMT qurumları, urbanistlər, memarlar, investorlar, texnologiya şirkətləri birlikdə yeni şəhər idarəetmə modelləri hazırlayırlar. Forumdan sonra bir çox ölkələr yeni şəhər master-planları, yaşıl tikinti standartları, sosial mənzil proqramları, velosiped və ictimai nəqliyyat siyasətləri, iqlim adaptasiya proqramları hazırlayır.

3. “New Urban Agenda”nın icrasını izləyir
2016-cı ildə qəbul olunan New Urban Agenda adlı qlobal sənəd şəhərlərin necə inkişaf etməli olduğunu müəyyənləşdirir. WUF bu sənədin həyata keçirilməsi üçün əsas monitorinq platformasıdır. Burada ölkələr hesabat verir, hansı şəhər layihələri həyata keçirilib, hansı problemlər qalır, hansı innovativ həllər işləyib. Yəni WUF bir növ “qlobal urban inkişaf laboratoriyası” kimi fəaliyyət göstərir.

4. Uğurlu şəhər modellərini paylaşır
WUF-un ən vacib funksiyalarından biri “best practice” — uğurlu təcrübələrin paylaşılmasıdır. Məsələn, forumlarda Kolumbiyanın Medellin şəhərinin kriminal zonalarının urban yenilənməsi, Kopenhagenin velosiped infrastrukturu, Sinqapurun sosial mənzil sistemi, Seulun rəqəmsal şəhər idarəçiliyi, Amsterdamın yaşıl urbanizasiya modeli təqdim olunub. Bu təcrübələri digər ölkələr öyrənib tətbiq edir.

5. Şəhər texnologiyalarını nümayiş etdirir
WUF daxilində keçirilən “Urban Expo” sərgisi şəhər texnologiyalarının ən böyük beynəlxalq nümayiş platformalarından biridir. Burada smart city sistemləri, AI əsaslı şəhər idarəçiliyi, ağıllı nəqliyyat, enerji effektiv binalar, yaşıl tikinti materialları, rəqəmsal xəritələmə, su idarəetməsi texnologiyaları təqdim olunur. Bir çox şəhərlər burada investor və tərəfdaş tapır.

6. Şəhərlər arasında beynəlxalq əməkdaşlıq yaradır
WUF nəticəsində şəhərlər “sister city” əməkdaşlıqları qurur, beynəlxalq maliyyə əldə edir, texniki dəstək alır, urban layihələr üçün tərəfdaş tapır. Məsələn, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi qurumlar forumlarda şəhər layihələrini maliyyələşdirən tərəfdaşlarla görüşürlər.

7. Post-münaqişə və iqlim böhranı yaşayan şəhərlərə fokuslanır
Son illərdə WUF-un diqqətində xüsusi olaraq Ukrayna şəhərlərinin bərpası, zəlzələ bölgələrinin yenidən qurulması, iqlim riskləri altındakı sahil şəhərləri, su qıtlığı yaşayan regionlar, məcburi köçkün şəhərləri yer alır. Bu, WUF-u sadəcə memarlıq forumundan çıxarıb qlobal humanitar və inkişaf platformasına çevirib.

WUF-un konkret nəticələri varmı?

Bəli, birbaşa “qanun” qəbul etməsə də, forum beynəlxalq şəhər siyasətinə istiqamət verir, şəhər investisiyalarını sürətləndirir, urban standartların formalaşmasına təsir edir, iqlim və mənzil məsələlərini dövlət gündəminə çıxarır. Bir çox ölkələrin “smart city” proqramları, yaşıl şəhər strategiyaları, sosial mənzil siyasətləri, şəhər rəqəmsallaşması WUF müzakirələrindən sonra sürət qazanıb.

WUF niyə vacib sayılır, sualı da maraqlıdır. XXI əsrin əsas problemi artıq təkcə ölkələrin deyil, şəhərlərin idarə edilməsidir. Hazırda dünya ÜDM-nin böyük hissəsi şəhərlərdə formalaşır, karbon emissiyalarının əsas hissəsi şəhərlərdə yaranır, əhalinin böyük hissəsi şəhərlərdə yaşayır. Bu səbəbdən şəhərlərin necə tikilməsi, necə idarə olunması, necə enerji istifadə etməsi, necə nəqliyyat qurması qlobal iqtisadiyyat və iqlim üçün kritik sayılır. WUF məhz bu məsələlərin müzakirə olunduğu ən böyük beynəlxalq platformadır.

XXI əsrdə urbanizasiya dünyanın əsas transformasiya proseslərindən birinə çevrilib. BMT hesab edir ki, 2050-ci ilə qədər dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayacaq. Bu isə mənzil çatışmazlığı, nəqliyyat problemləri, iqlim dəyişikliyi, sosial bərabərsizlik, qeyri-formal yaşayış məntəqələrinin artması, infrastruktur təzyiqi kimi ciddi problemlər yaradır. Bu səbəbdən WUF şəhərlərin necə planlaşdırılması və idarə olunması ilə bağlı qlobal dialoq platformasına çevrilib.

WUF-un əsas məqsədlərindən biri davamlı urbanizasiya barədə məlumatlılığı artırmaqdır. Şəhər inkişafı mövzusunu həm dövlətlər, həm də ictimaiyyət üçün prioritet etmək, təcrübə və bilik mübadiləsi aparmaq, üçün uğurlu şəhərsalma modelləri, siyasətlər və texnologiyalar paylaşılır. Şəhərlərlə bağlı problemlərin qlobal əməkdaşlıq olmadan həll edilməsinin mümkün olmadığı vurğulanır və çıxış yolları araşdırılır. 2016-cı ildə Ekvadorun Quito şəhərində qəbul edilmiş Yeni Urban Gündəliyinin həyata keçirilməsinə dəstək vermək də bu qəbildəndir.

Tarixi inkişaf yolu

Forum hər iki ildən bir keçirilir və iştirakçı sayı illər keçdikcə sürətlə artıb. WUF1 2002-ci ildə Nairobidə (1200 iştirakçı), WUF2 2004-cü ildə Barselonada (4300), WUF3 2006-cı ildə Vankuverdə (10400), WUF4 2008-ci ildə Nankində (8000), WUF5 2010-cu ildə Rio-de-Janeyroda (13800), WUF6 2012-ci ildə Neapolda (8200), WUF7 2014-cü ildə Medellində (22000), WUF9 2018-ci ildə Kuala Lumpurda (23000), WUF10 2020-ci ildə Abu Dabidə (13,300), WUF11 2022-ci ildə Katovitsedə (17,000), WUF12 2024-cü ildə Qahirədə keçirilib. WUF13 isə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilir. İştirakçıların sayı da rekord sayda - 40 mindən çoxdur.
Bu statistika forumun urbanizasiya sahəsində ən böyük beynəlxalq platformalardan birinə çevrildiyini göstərir. WUF birbaşa layihə icra edən təşkilat deyil, lakin qlobal siyasət və şəhərsalma strategiyalarına ciddi təsir göstərir. Forum dayanıqlı şəhərlər, yaşıl nəqliyyat, sosial mənzil, ağıllı şəhərlər, iqlim davamlılığı, rəqəmsal urbanizasiya kimi mövzular üzrə beynəlxalq siyasətlərin formalaşmasına təsir edir.

2016-cı ildə qəbul edilən New Urban Agenda sənədi şəhərlərin gələcək inkişafı üçün əsas beynəlxalq çərçivədir. Bu sənəd əlçatan mənzil, inklüziv şəhərlər, ekoloji davamlılıq, sosial bərabərlik, ağıllı planlaşdırma kimi prinsipləri təşviq edir. WUF isə bu sənədin tətbiqi üçün əsas müzakirə platformasıdır. Forum çərçivəsində “Urban Expo” sərgiləri, texnoloji təqdimatlar, pilot layihələr, urbanist həllər, iqlim texnologiyaları təqdim olunur.

WUF13-də rekord sayda - 66 ölkədən 217 təşkilatın iştirak etdiyi Urban Expo təşkil olunur. 2026 forumunun əsas fokuslarından biri qlobal mənzil böhranıdır. BMT məlumatına görə, təxminən 3 milyard insan qeyri-adekvat mənzil şəraitində yaşayır. 1.1 milyard insan gecəqondu və qeyri-formal yaşayış məntəqələrində yaşayır, 300 milyondan çox insan evsizdir. Bu səbəbdən WUF13-də əlçatan mənzil siyasəti, iqlimə davamlı yaşayış məntəqələri, sosial infrastruktur, torpaq hüquqları, şəhər idarəçiliyi əsas müzakirə mövzularıdır.

WUF13 niyə Bakıda keçirilir?

Baku forumun ev sahibi kimi 2023-cü ildə seçilib. Azərbaycan tərəfi bunu şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi, post-münaqişə bölgələrinin bərpası, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin təqdimatı, yaşıl urbanizasiya təşəbbüslərinin nümayişi üçün mühüm platforma hesab edir. WUF13 həm də Cənubi Qafqaz regionunda keçirilən ilk Dünya Urban Forumudur. Forumda mənzil və sosial yaşayış, şəhər iqlim davamlılığı, ağıllı şəhərlər, dayanıqlı nəqliyyat, yaşıl enerji, şəhər idarəçiliyi, gənclərin urbanizasiya prosesində rolu, rəqəmsal şəhərlər, gender və inklüziv şəhər siyasəti, miqrasiya və urbanizasiya, post-münaqişə şəhərlərinin bərpası kimi istiqamətlər müzakirə olunur.

"Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır". Bunu Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib. Dövlətimizin başçısı Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladaraq orada hərtərəfli miqyaslı dağıntılar olduğunu bildirib. Ziyarətçilərin Ağdamı Xirosimaya bənzətdiklərini də vurğulayan Prezident qeyd edib: “Biz onu “Qafqazın Xirosiması” adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil”.

WUF13-ün Azərbaycan üçün əhəmiyyəti çoxdur. Forum Azərbaycanın beynəlxalq görünürlüğünü artırır, şəhərsalma sahəsində qlobal əməkdaşlığa çıxışını genişləndirir, urbanizasiya və memarlıq siyasətinin beynəlxalq standartlara uyğunlaşmasına təkan verir, Bakı və digər şəhərlərin urban inkişaf modelini təqdim etmək imkanı yaradır. 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması da WUF13 tədbirlərinə əlavə stimul, müzakirə imkanları qazandırıb.

V.VƏLİLİ

Bütün xəbərlər Facebook səhifəmizdə