Rusiya və Amerika liderlərinin görüşü fonunda AVROPA ARXA PLANDA – TƏHLİL

Belə məlum oldu ki, Putin və Tramp qətiyyətlə görüşmək niyyətində olduqlarını bəyan etdilər və liderlər bu görüşü qətiyyən təxirə salınmaz hesab etdiklərini də gizlətmədilər. Təsadüfi də deyil ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriev görüşü “tarixi” adlandırıb. Putinin köməkçisi Yuri Uşakov da görüş planlarına laqeyid yanaşmayıb və onun özünəməxsus şəkildə dəyərləndirməsi təsdiq edir ki, artıq bu görüşlə bağlı gözləntilər böyükdür.

Doğrudur, görüşün hər halda hazırlıqsız mümkün olmaması zərrə qədər də şübhə doğura bilməz. İstənilən halda, tərəflər bu mühüm görüşə hazırlaşmağa vaxt tapıblar. Ən əsası odur ki, bu vaxta qədər hansısa qarşılaşmaya belə məhəl qoymayan Putin Trampla görüşməyin vaxtının çatdığına qərar verib və bunu ABŞ-da səfərdə olan Stiv Vitkoffa da hələ çoxdan deyib. Görünür, Vitkoff da bunu Trampa çatdırıb və hər halda ABŞ prezidenti də buna laqeyid, eləcə də etinasız yanaşmayıb.

Əgər Putinin görüşmək istəyi Trampa çatdırılan zaman dərhal buna ABŞ lideri tərəfindən reaksiya verilibsə, deməli, o, həqiqətən də Hindistan və Çinə qarşı sanksiyalar tətbiq etmək fikrində deyilmiş, çünki bu, ABŞ-ın özünün iqtisadiyyatını məhv etmək təhlükəsi kimi qəbul olunur. Ən azından Donald Tram özü bu qənaətdədir ki, hər halda sanksiyalar heç olmasa təhlükə də olsa yaradır və bir halda ki, bir çox dövlətlər bu ölkələrlə ticarətdən çox asılıdırlar, deməli, Amerika prezidentinin gəldiyi qənaət məntiqidir.

Onu da diqqətə çatdıraq ki, artıq görüş barəsində, bu görüşün necə bitə biləcəyi barədə dünya mediası artıq yazır. Bir-birinin ardınca proqnozlar da verirlər. Görəsən, həqiqətən də verilən proqnozlar inandırıcıdır, yoxsa, bu proqnozlara məhəl qoymağa belə dəyməz? İstənilən halda, nələrinsə baş verəcəyi, hansısa təsirlərin olacağı, ən azından planların belə mövcudluğu təkzib edilə bilməz. Amma görəsən nə barədə düşünmək daha məntiqi olar?

Əvvəla, xüsusilə vurğulamaq yerinə düşərdi ki, liderlərin görüşünün nə zaman keçirilməli olduğu, hazırki vaxtda baş verməsi heç də təsadüfdən yaranmayıb. Eyni zamanda, qeyd olunduğu kimi, buna hazırlıqlar da xüsusilə diqqəti cəlb etməyə bilməz. Əgər görüşdən söhbət gedirsə, görüş artıq baş tutubsa, deməli, hər iki tərəf bu görüşə yaxşıca hazırlaşıb. Eyni zamanda, əgər Putin Uitkoffa Trampla görüşməyə hazır olduğunu deyibsə, bu, o deməkdir ki, Rusiya institutları artıq Putinlə Trampın nə haqda danışmalı olduğunu bənd-bənd hazırlayıblar da, təsdiqləyiblər də.

Digər tərəfdən, maraq doğuran məqam həm də ondan ibarətdir ki, bu danışıqlarda Ukraynanın məsələsi ilə bağlı çoxlu fikirlər var. Ümumiyyətlə, Zelenski barədə də danışılması niyyəti çoxdan bəlli idi. Axı, hələ hakimiyyətə gəlmədən öncə belə Tramp bu barədə kifayət qədər vədlər də vermişdi. Bu səbəbdən də, bu nöqteyi-nəzərdən də deyə bilərik ki, bəli, Ukrayna və şəxsən Zelenskinin müzakirəsi tamamilə məntiqidir. Amma bilmək lazımdır ki, bu, hərbi əməliyyatların bitməsi də demək deyil. Yəni, bunun məhz hərbi əməliyyatların bitməsinə təsiri də inandırıcı görünmür və belə bir proqnoz vermək sadəlovhlük olardı. Ola bilsin ki, Rusiya Ukrayna və Rusiyanın dərinliklərində bombardmanları və pilotsuz təyyarələrin uçuşlarını dayandırmaq təklifini artıq edib. Yəni, sözdə hava atəşkəsi kimi bunu başa düşmək olar. Heç şübhəsiz ki, Tramp da insanların tələfatı baxımından buna qətiyyən narazılıq ifadə edə bilməz. Ən azından diplomatik görüş zamanı bunu etməz. Həm də axı, belə bir söz də verib. Lakin, bu danışıqlar, bu görüş heç də hərbi əməliyyatların sonu demək deyil. Ola bilsin ki, Tramp yenə də sülh prosesinin başlanmasına görə məsuliyyət daşıdığını deyə və yenə də “vaxt götürə” bilər. Təbii ki, Zelenski və onun kabinetinin istənilən müxalifəti tərəfindən bu görüş təklifi və görüşün özü şəxsən Trampa hansısa mənada hücum kimi də qiymətləndirilə bilər.

Heç də istisna edilmir ki, hava bombardmanlarından imtina, nəhayət, Kiyevdə yeni prezident seçkilərinin keçirilməsinə səbəb ola bilər. Ən azından iki hegemon ölkə rəhbərinin, ABŞ və Rusiya kimi iki ölkənin liderlərinin qərarından, niyyətindən belə “xoşlanmayan”, buna qarşı gələn qüvvə, obrazlı olaraq desək, mütləq şəkildə “dalana” dirənəcək. Bəli, bu görüşün təsiri birbaşa Zelenskiyə ola bilər. Hətta onun aqibətinin belə müzakirə mövzusu olması ilə bağlı çoxdan gözləntilər var idi. Ən azından Zelenski qarşısında kəskin şərt qoyulacağı ilə bağlı gözləntilər tamamilə məntiqidir.

Gözləntilər arasında Putinlə danışıqların Trampa Hindistan və Çinlə bağlı müəyyən qənaətə gəlməsi üçün də imkanlar verəcəyi də var. Ən azından vəd edilən 100 faizlik tarifləri tətbiq etməmək imkanı da diqqətdən yayınan deyil. Bu o deməkdir ki, onlar, yəni, tərəflər ticarəti qəzəb müstəvisindən çay kimi sakit axan bir müstəviyə daşımaq imkanlarından da istifadə edə bilərlər. Əlbəttə, Putinin danışıqlardan əvvəl Si Cinpin və Narendra Modin ilə telefon danışığı etməsi də maraqlı məqamdır. Doğrudur, liderlərin əslində, nədən danışdıqlarını tam təfsilatı ilə hələlik bilmirik, lakin, bu faktın özü belə, sadəcə maraqlıdır və həm də düşündürücüdür.

Daha bir məntiqi sual ondan ibarətdir ki, niyə məhz görüş yeri olaraq, Alyaska seçilib? Yəqin ki, həmin ərazi ilə bağlı sual doğuran və mübahisəli məqamları da bilməyən yoxdur və bunun fonunda məhz görüş üçün Alyaskanın seçilməsinin heç də diqqətdən yayınan olmadığını bildirmək tamamilə yerinə düşər. Sözsüz ki, özünün “rus-amerikan ənənələri” olan bu yerin seçilməsi də müəyyən məqsədlər üçündür. Hansısa məqsəd olmasa belə, ən azından bütün dünya ictimaiyyəti bunu səbəbsiz hesab etmir. Dünyaca məşhur nəşrlərin yazdıqlarından da görünür ki, bu məqam diqqət mərkəzindədir.

Sadalananlar heç də təsadüfi olaraq sadalanmır və bütün bunlar onu deməyə əsas verir ki, ortada bircə dənə də Avropa ilə bağlı fakt, bu qitə ilə bağlı bircə dənə də maraq yoxdur. Deməli, artıq bütövlükdə qitə tamamilə arxa plandandır. Belə çıxır ki, Avropa heç nəzərə də alınmır. Bu isə səbəbsiz deyil və hər kəs bilir ki, müüharibələrə, münaqişələrə verdiyi dəstəyin fonunda Avropa sadəcə olaraq, özünü bir növ, ləkələyib. Hətta neytrallıq belə müşahidə olunmur. Bir halda ki, Avropa birbaşa olaraq, Rusiya qazından imtina da etdi, deməli, münaqişəyə tamamilə fərqli yanaşır və müharibənin bitməsini qətiyyən arzulamır. Qızışdırılması lazım olan tərəfi kəskin şəkildə də qızışdırmaqdan əl çəkənə də oxşamır və bunun da Amerika tərəfinin diqqətindən yayınacağı ağıla belə gəlməz. İndi bu qitənin arxa plana niyə atıldığı məntiqi şəkildə bəlli olur.

Bir tərəfdən Amerika məhz Vaşinqtinda, Ağ Evdə aralarında müharibə, münaqişə olmuş iki qonşu ölkə liderlərinin görüşünü təşkil edir, onların sülh müqaviləsinə hazırlaşmaları üçün şərait yaradır, ardınca da Rusiya lideri ilə görüşə hazırlaşmaqla, Ukrayna məsələsinə aydınlıq gətirmək niyyəti güdür və bu münaqişənin də başa çatmasına çalışmaq istəyirsə, deməli, münaqişələri qızışdırmaq istəyən Avropa ilə “bir müstəvini” nəinki bölüşməz, heç hesaba belə almaz.

Bəli, həqiqətən də Avropanın arxa plana atılması çox maraqlıdır. Xüsusən də, Ukraynaya verdiyi dəstəklə özünü tamamilə ləkələyib. Bununla yanaşı neytrallıq vəziyyətindən də çıxıb. Üstəlik, Rusiya qazından belə imtina edib. Düşünürəm ki, Putin və Trampın yəqin ki, bu haqda da danışmalarını gözləyənlər azlıq təşkil etmirlər. Çünki ABŞ bütün razılaşmalara baxmayaraq, Avropaya lazım olan qədər qaz verə bilmir. Buna görə də, dövlətlər Rusiyadan daha ucuz qaz və neft alıb, sonra onu Avropaya baha sata bilərlər. Bu mümkündürmü? Əlbəttə ki, mümkündür. ABŞ Ukraynanın qaz sistemini tamamilə cibinə yığsa, bu, Avropadan başqa hamı üçün kifayət qədər yaxşı hal hesab olunur.

Bütün bu sadalananlardan da görünür ki, məhz bu görüş Aİ-ni narahat edir. Görünən odur ki, Avropa İttifaqı heç də bu görüşə görə sevinmir, əksinə, tamamilə “qısqanclıq” hissi keçirir. Çünki avropalılar görürlər ki, Qoca Qitə tamamilə arxa plana düşüb. Elə bu səbəbdən də haylar özləri belə qılınclarını qınlarına qoyan avropalılardan heç də razı deyillər. Əgər hələ də zəngəzur dəhlizi ilə bağlı spekulyasiyalar və eləcə də məsələnin həlli ilə əlaqədar müzakirələr davam edirsə, deməli, liderlər öz aralarında bunu Avropasız da edə bilirlər. Ən əsası da, belə məlum olur ki, daha bundan sonra avopalılara heç ehtiyac da duyulmur və ümumiyyətlə, bu vaxta qədər özünü ön plana dürtmək niyyətində olan Avropa istədə də, istəməsə də artıq arxa plandandır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə