"ABŞ və İsrail İranı vurmaq üçün bir bəhanə axtarırlar" - ŞƏRH EDİLDİ

"Uzun müddətdir ki, ABŞ və İsrail İranı vurmaq üçün bir bəhanə axtarırlar. İranın uran zənginləşdirməsi və nüvə silahı əldə etmə ehtimalı isə bu məqsəd üçün əlverişli vasitədir. Əslində, bu bir bəhanədir, əsas məqsəd ABŞ-ın (və ümumilikdə Qərb dövlətlərinin) strateji planını həyata keçirməkdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

O bildirib ki, ABŞ dünyada birqütblü sistem, yəni yalnız bir gücün hökmran olduğu bir düzən qurmaq istəyir: "Bu düzəndə əsas hakimiyyət və nəzarət Amerika imperatorluğunun əlində qalmalıdır. Bunun üçün isə ABŞ bütün mümkün vasitələrdən istifadə edir, diplomatik təzyiq, iqtisadi sanksiyalar, informasiya savaşı və lazım gəldikdə, hərbi müdaxilə.

ABŞ-ın bu strateji planına görə dünyada onun maraqlarına təhlükə yarada biləcək üç əsas güc mövcuddur: Rusiya – hərbi gücünə və nüvə potensialına görə; Çin – iqtisadi gücünə və texnologiyada irəliləyişinə görə; Avropa İttifaqının vahid valyutası – avro – ABŞ dollarına alternativ kimi maliyyə hegemonluğunu sarsıtmaq gücünə görə.

Bu üç qüvvə ABŞ-ın dünyadakı mövqeyini zəiflədə bilər. Ona görə də, ABŞ müxtəlif bölgələrdə süni qarşıdurmalar yaratmaqla, xaos mühitini alovlandırmaqla rəqiblərinin güclənməsinin qarşısını almağa çalışır. Qərbin bu siyasətinin bir nümunəsi də Orta Şərqdir. Bu bölgədə uzun illərdir davam edən münaqişələr, çevrilişlər, vətəndaş müharibələri və xarici müdaxilələr təsadüfi deyil. ABŞ bölgədə nəzarəti əlində saxlamaq, enerji resurslarına çıxışı təmin etmək və öz hərbi mövcudluğunu qanuniləşdirmək üçün burada sabitlikdən çox, qeyri-sabitlik yaratmağa üstünlük verir. Bütün bu proseslər göstərir ki, Qərb dövlətləri, xüsusilə ABŞ, dünyanı öz maraqları əsasında formalaşdırmağa çalışır. İran məsələsi isə bu böyük planın sadəcə bir hissəsidir. Uran zənginləşdirmə iddiası yalnız görünən tərəfdir. Dərinlikdə isə qlobal güc savaşları, iqtisadi maraqlar və geosiyasi hesablamalar dayanır. Bu baxımdan, Rusiya-Ukrayna münaqişəsinin alovlandırılması da təsadüfi deyil. Buradakı məqsəd Rusiyanın hərbi gücünü zəiflətmək və onun Avropa ilə əlaqələrini kəsmək planının bir hissəsidir. ABŞ və Qərb bu yolla Rusiya kimi güclü hərbi rəqibi zəiflədərək öz qlobal hegemonluğunu qorumağa çalışır. Rusiya uzun illərdir ki, Qərbin nəzərində əsas təhlükə mənbəyi sayılır və bu səbəbdən onun həm qərb, həm də cənub istiqamətlərində hərəkət imkanlarını məhdudlaşdırmaq hədəf götürülür. İran məsələsində də oxşar strategiya izlənilir. İranı hədəf almaqla Qərb üç əsas istiqamətdə planını həyata keçirməyə çalışır:

1. Rusiyanın cənub cinahını bağlamaq – Rusiya hazırda Avropa ilə siyasi, iqtisadi və enerji sahəsində əlaqələrini böyük ölçüdə itirib. Onun üçün cənub istiqaməti – yəni Azərbaycan üzərindən İrana, oradan isə Hind okeanına çıxış – strateji baxımdan həyati əhəmiyyət daşıyır. Bu dəhliz, yəni Şimal-Cənub Nəqliyyat Dəhlizi, Rusiyanın qlobal ticarətə açıq qalmasının alternativ yoludur. İranın zəiflədilməsi və ya Qərbə bağlı hakimiyyətin qurulması ilə Rusiya bu cənub marşrutunu da itirmiş olacaq.

2. İranda hakimiyyət dəyişikliyi – Qərbin əsas hədəflərindən biri İranda rejim dəyişikliyidir. Məqsəd, Qərbə loyal və ABŞ-ın maraqlarına uyğun hərəkət edən bir hakimiyyəti iş başına gətirməkdir. Bu da həm İsrailin təhlükəsizlik narahatlıqlarını aradan qaldıracaq, həm də ABŞ-ın bölgədəki hərbi və siyasi üstünlüyünü təmin edəcək.

3. Geosiyasi nəzarətin bərpası – İranın zəiflədilməsi ilə ABŞ həm Orta Asiyada, həm də Yaxın Şərqdə balansı öz xeyrinə dəyişəcək. Bu, həm Rusiya, həm Çin, həm də Avropanın müstəqil siyasət yürütmə imkanlarını məhdudlaşdıracaq. Beləliklə, ABŞ-ın “bir güclü dünya” strategiyası daha real bir formaya bürünəcək.

İkinci əsas təhlükə mənbəyi isə ABŞ üçün Çindir. Çin son illərdə sürətlə inkişaf edərək iqtisadi baxımdan dünyanın əsas güclərindən birinə çevrilib. Bu isə Amerikan imperatorluğu üçün ciddi təhdid sayılır. Bildiyiniz kimi, İran öz xam neftinin təxminən 70-80 faizini Çinə satır. Bu əlaqə həm İran iqtisadiyyatını ayaqda saxlayır, həm də Çin üçün ucuz və stabil enerji mənbəyi yaradır. Qərbin yanaşmasına görə, Çin iqtisadiyyatını zəiflətməyin yollarından biri İranla olan enerji ticarətinə zərbə vurmaqdır. Bunu reallaşdırmaq üçün İranda rejim dəyişikliyi vacib hesab olunur. Əgər Qərb İranda öz maraqlarına uyğun, loyal bir hakimiyyət qura bilsə, bu zaman: İranın xam neft ixracatı daha ciddi nəzarət altına alınacaq, neftin əsas alıcısı olan Çinlə əlaqələr məhdudlaşdırılacaq, beləliklə, Çin iqtisadiyyatının mühüm enerji dayaqlarından biri kəsilmiş olacaq.

Bununla yanaşı, ABŞ-ın uzunmüddətli məqsədlərindən biri də dünyada iqtisadiyyatın “şah damarı” hesab olunan nəqliyyat infrastrukturuna nəzarət etməkdir. Bu nəzarət həm karbohidrogen resurslarının daşınması, həm də malların qlobal dövriyyəsi baxımından həyati əhəmiyyət daşıyır. Bu strategiya çərçivəsində, ABŞ müxtəlif bölgələrdə hərbi və siyasi xaos yaratmaqla alternativ nəqliyyat dəhlizlərini zərərsizləşdirməyə çalışır:

1. Şimal dəhlizi – Yəni Çinlə Avropa arasında Rusiya üzərindən keçən yol. Ukrayna müharibəsi və Rusiya ilə münasibətlərin kəskinləşməsi bu dəhlizi böyük ölçüdə bağlayıb. Avropa artıq Rusiya ərazisindən keçən yüklərə qarşı sanksiyalar tətbiq edir və bu yol istifadədən çıxmağa başlayıb.

2. Cənub dəhlizi – Bu isə Çindən çıxaraq Mərkəzi Asiya və İran üzərindən keçib Hind okeanına, oradan isə Avropaya yönələn yoldur. İranın zəiflədilməsi və mümkün qarşıdurmalar bu dəhlizin də bağlanması ehtimalını artırır.

Beləliklə, Qərb tədricən həm Rusiya, həm Çin, həm də İran vasitəsilə mümkün nəqliyyat marşrutlarını sıradan çıxararaq qlobal logistika sisteminə nəzarəti öz əlində saxlamağa çalışır. Bu isə ABŞ-ın iqtisadi, siyasi və hərbi hegemonluğunu qorumaq üçün həyata keçirdiyi çoxşaxəli və uzunmüddətli planın bir hissəsidir. Bu baxımdan, Birləşmiş Ştatlar və Qərb gücləri (tez-tez "Birləşmiş Millətlər" adı altında simvolik şəkildə göstərilən) dünyanın nəqliyyat infrastrukturunu öz nəzarətinə keçirmək üçün İranı hədəfə alırlar. İranın zəiflədilməsi və orada hakimiyyət dəyişikliyi bu məqsədə xidmət edir. Çünki qlobal nəqliyyat damarlarına nəzarət edən tərəf, dolayısı ilə dünya iqtisadiyyatının istiqamətini və güc balansını da tənzimləyə bilir. Bu da ABŞ-ın dünya üzərində öz siyasi-iqtisadi hökmranlığını davam etdirmək üçün əlində cəmləşdirmək istədiyi əsas alətlərdən biridir.

Üçüncü strateji hədəf – Türkiyənin gücünün qarşısını almaqdır. Bu siyasətin üçüncü əsas hədəfi isə İranı nəzarətə almaqla, Türkiyənin regional gücdən qlobal gücə çevrilməsinin qarşısını almaqdır. Çünki son illərdə Türkiyə və Azərbaycan öncüllüyündə Türk Dövlətləri Təşkilatı ətrafında formalaşan güclü ittifaq tədricən yeni bir güc mərkəzinə çevrilməkdədir. Bu birlik sadəcə siyasi yox, həm də iqtisadi, mədəni və strateji baxımdan dünyanın diqqət mərkəzinə düşür. Bu baxımdan, İran coğrafi və geosiyasi baxımdan bu türkdilli dövlətlərin düz mərkəzində yerləşir. Əgər İran Qərbin nəzarətində olan bir ölkəyə çevrilərsə, o zaman Türk Dövlətləri İttifaqının (bəziləri bunu "Turan İttifaqı" da adlandırır) yaranması və güclənməsi prosesinə ciddi əngəl yaradıla bilər. Yəni, İran bu inteqrasiya yolunun üzərində yerləşdiyi üçün onun vasitəsilə bu birliyin qarşısını almaq mümkündür. Başqa sözlə, Qərbin və xüsusilə də İsrailin məqsədi sadəcə İranın nüvə proqramını dayandırmaq deyil. Əsas hədəf İranda rejim dəyişikliyi edərək, onu Qərbə bağlı bir rejimə çevirmək və bu yolla həm Rusiya, həm Çin, həm də Türk dünyasının gələcək birliyinə qarşı strateji nəzarət nöqtəsi əldə etməkdir. İranın nüvə proqramı və uranın zənginləşdirilməsi məsələsi əslində bir bəhanədir. Uzun müddətdir ki, Qərb, xüsusilə də ABŞ və İsrail, İranı vurmaq üçün bu tip bəhanələr axtarırdı. Sadəcə olaraq, bu məsələ beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək və hüquqi əsas formalaşdırmaq üçün ön plana çıxarılır. Xatırlatmaq yerinə düşər ki, bu siyasətdə xüsusilə Donald Trump dövründə ciddi fəallıq müşahidə olunurdu. Trampın prezidentliyi dövründə ABŞ-İsrail münasibətləri daha da yaxınlaşdı. Hətta o, İsrailin Qüdsü paytaxt kimi tanımasını rəsmi şəkildə təsdiqlədi, bu isə Yaxın Şərqdə vəziyyəti bir qədər də gərginləşdirdi. Müşahidəçilərin fikrincə, Trampın hakimiyyətə gəlməsində ABŞ-dakı yəhudi diasporasının ciddi təsiri olmuşdu. Bu dəstək təkcə siyasi yox, həm də iqtisadi səviyyədə baş tutmuşdu. Beləliklə, Trampın üzərində bu dəstəyə qarşı bir öhdəlik, bir “borc” formalaşdı. Məhz bu səbəbdən də onun administrasiyası İsrailə güclü siyasi dəstək göstərdi və bölgədə İsrailin maraqlarını açıq şəkildə müdafiə etdi".

"İsrailin məqsədi: “Böyük Yəhudi Dövləti” ideyasıdır. İsrailin uzunmüddətli strateji məqsədlərindən biri də "Böyük Yəhudi Dövləti" ideyasını reallaşdırmaqdır. Hazırkı İsrail dövləti, bildiyimiz kimi, Fələstin torpaqları hesabına qurulub. Amma bəzi radikal siyasi dairələr və yəhudi lobbiləri İsrailin sərhədlərini daha da genişləndirmək niyyətindədir. Bu, xüsusilə Yaxın Şərqdə qeyri-sabitlik yaratmaq və bölgədəki digər gücləri zəiflətmək yolu ilə həyata keçirilə bilər. İran isə həm coğrafi mövqeyi, həm də siyasi mövqeyi baxımından bu planın qarşısında ciddi bir əngəl kimi görünür. Ona görə də İranın zəiflədilməsi, hakimiyyət dəyişikliyi və bölgədən təcrid olunması həm ABŞ-ın, həm də İsrailin strateji maraqlarına xidmət edir. Yəhudi dövləti ideyası sadəcə Fələstin torpaqları ilə məhdudlaşmır. Bu plan daha geniş coğrafiyanı – Suriya, Liviya, İran və hətta Türkiyənin bəzi torpaqlarını əhatə edir. Bu baxımdan, İsrail ilə Birləşmiş Ştatların maraqları üst-üstə düşür, çünki hər iki tərəf bu planın gerçəkləşməsi üçün müxtəlif yollarla bir-birini dəstəkləyir. Birləşmiş Ştatlar Yaxın Şərqdə İsrail vasitəsilə xaos yaradır, Avropada Ukrayna üzərindən, Cənubi Qafqazda Ermənistan üzərindən, Uzaq Şərqdə isə Tayvan mövzusu ilə qarşıdurmalar yaradaraq dünyanın müxtəlif bölgələrində qeyri-sabitlik mühiti formalaşdırır. Bu xaos siyasəti ilə ABŞ həm siyasi, həm də iqtisadi məqsədlərinə çatmağa çalışır. Əslində, bu proses zəncirvari şəkildə işləyir, hərbi xaos iqtisadi xaosa gətirib çıxarır. Gərginlik olan bölgələrdə ticarət zəifləyir, enerji bazarlarında qiymətlər qalxır, logistika şəbəkələri pozulur. Bütün bunlar isə dolların və ABŞ iqtisadi təsirinin güclənməsinə səbəb olur. Məsələnin bir başqa vacib tərəfi İranın vurulması planıdır. Bildiyimiz kimi, bu plan artıq uzun müddətdir ki, gündəmdədir. İranın ətrafında hərbi və siyasi təzyiqlər artdıqca, dünya birjalarında enerji qiymətlərində ciddi dalğalanmalar müşahidə olunur, qlobal sabitlik pozulur. Eyni zamanda, İran tərəfi Hörmüz boğazının bağlanmasını elan edib. Bu isə olduqca ciddi bir xəbərdarlıqdır. Çünki Hörmüz boğazı dünya neft ticarətinin əsas yollarından biridir və hər gün milyonlarla barrel neft bu boğazdan keçir. Əgər bu yol bağlanarsa, qlobal enerji bazarında dərin böhran yaşana bilər, bu isə dolayısı ilə dünya iqtisadiyyatına zərbə vuracaq. Hörmüz boğazının bağlanması dünyada böyük bir iqtisadi və enerji böhranı yarada bilər. Bu boğaz qlobal neft ticarətinin əsas marşrutlarından biridir və onun bağlanması həm enerji bazarlarında, həm də beynəlxalq ticarət sistemində ciddi sarsıntılara səbəb ola bilər. Ümumilikdə, hərbi xaos iqtisadi xaosu doğurur. Hesab edirəm ki, Yaxın Şərqdə, xüsusilə İran-İsrail qarşıdurması təkcə iki ölkənin deyil, bütün bölgənin siyasi, iqtisadi və hərbi baxımdan xaosa sürüklənməsinə səbəb ola bilər. Xüsusilə də, İranın nüvə obyektlərinin vurulması bu prosesdə çox təhlükəli nəticələr doğura bilər. Belə bir hücum: təkcə siyasi yox, ekoloji fəlakətə də yol aça bilər; nüvə radiasiyası (RADEXA) atmosferə yayıla bilər; bu isə təkcə İran üçün deyil, bütün bölgə üçün təhlükə yaradar.

Əgər bu radiasiya yayılarsa, bölgəyə yaxın olan ölkələr, xüsusilə də, Azərbaycan birbaşa təsir altına düşə bilər. Belə bir ssenari nəinki regional, hətta qlobal miqyasda humanitar və ekoloji fəlakətə səbəb ola bilər. Hesab edirəm ki, Birləşmiş Ştatlar və İsrailin bu istiqamətdə apardığı siyasət təkcə müəyyən dövlətlərin maraqlarına xidmət etmir, bütövlükdə bəşəriyyət üçün real təhlükə yaradır. Hərbi üsullarla problemlərin həlli, xüsusilə də nüvə texnologiyası ətrafında oynanılan riskli oyunlar gələcək nəsillər üçün dağıdıcı nəticələr verə bilər. Eyni zamanda, bu proses beynəlxalq hüququn köklü şəkildə pozulması deməkdir. Əslində, belə addımlar beynəlxalq hüququn məhvinə yol açır və dünya siyasətinin artıq beynəlxalq hüquq prinsiplərinə deyil, güc və qüvvə balansına əsaslandığını göstərir. Bu baxımdan, Birləşmiş Millətlər Təşkilatı (BMT) indi daha çox siyasi diskussiya klubu rolunu oynayır. Onun qərarları və qanunları faktiki olaraq dünyada əhəmiyyətini itirib və real siyasətdə ciddi təsir göstərmir. Bu da göstərir ki, BMT-nin apardığı hegemon siyasət, əksinə, bəşəriyyət üçün ciddi təhlükə yaradır. Hesab edirəm ki, bu vəziyyət uzunmüddətli perspektivdə böyük fəsadlara gətirib çıxara bilər. Əgər İranda hakimiyyət dəyişikliyi baş verərsə və orada BMT-nin maraqlarına uyğun yeni bir rejim qurularsa, bu, bölgədə və qlobal səviyyədə tamamilə yeni siyasi reallığın yaranması demək olacaq. Belə bir dəyişiklik həm bölgədə, həm də dünya siyasətində yeni bir tutaşma, yeni güc balansının formalaşmasına səbəb ola bilər. Bu isə dünya nizamında ciddi dəyişikliklər və yenidənqurma prosesləri deməkdir. İran bölgədə böyük və strateji əhəmiyyətə malik dövlətdir. İran həm Rusiya, həm Çin ilə sıx strateji əməkdaşlıq əlaqələri qurub. Bu səbəbdən də bölgədə baş verən münaqişənin uzanması ehtimalı yüksəkdir. Əgər İran özünü müttəfiqləri və dostlarından, xüsusilə, böyük dövlətlərdən davamlı dəstək alsa, bu münaqişə daha da dərinləşə və uzun müddət davam edə bilər. Belə bir vəziyyət isə dünya siyasi mənzərəsində yeni, mürəkkəb və təhlükəli gərginliklərə səbəb olacaq. İranın gələcək hakimiyyətinin formalaşması yalnız Yaxın Şərq regionuna deyil, həmçinin Birbaşa Cənubi Qafqaz, xüsusilə Azərbaycan üzərində də ciddi təsir göstərəcək. Bu səbəbdən, İranın siyasi gələcəyi yalnız regional deyil, həm də qlobal güc balansı üçün önəmli faktor olaraq qalır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə