"Baş verən proseslər Azərbaycanın yerləşdiyi regiona çox yaxın məsafədə cərəyan edir" - SHAM sədri

"İran ilə İsrail arasında baş verən hadisələr hazırda qlobal informasiya gündəmini tamamilə zəbt etmişdir. Belə ki, bu vaxta qədər beynəlxalq diqqət mərkəzində olan Rusiya-Ukrayna müharibəsi belə arxa plana keçmiş, dünyanın diqqəti İran-İsrail qarşıdurmasına yönəlmişdir. Tərəflər qarşılıqlı şəkildə bir-birlərinə raket zərbələri endirməklə və hava hücumlarından istifadə etməklə hərbi əməliyyatlar aparırlar". Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, təəssüflə qeyd edilməlidir ki, baş verən bu proseslər Azərbaycanın da yerləşdiyi regiona çox yaxın məsafədə cərəyan edir və bu, ölkəmizi faktiki olaraq münaqişə zonasına bir addımlıqda yerləşdirir: "Bu hadisələr klassik anlamda müharibə formatında deyil, daha fərqli – uzaq məsafədən həyata keçirilən raket və hava zərbələri ilə müşayiət olunur. Müasir münaqişə forması kimi bu hücumlar nəticəsində qısa zaman kəsiyində əvvəlki ənənəvi müharibələrdən daha ciddi dağıntılar baş verə bilmişdir.

Hazırda müşahidə edilən proseslərin dayandırılması ilə bağlı heç bir perspektiv görünmür. Tərəflərin qarşılıqlı hücumları, sanki mövcud raket və zərbə potensialları tükənənə qədər davam edəcək. Eyni zamanda, bu münaqişədə birbaşa iştirak etməsələr də, müəyyən xarici güclərin dolayı yollarla tərəflərdən birinə dəstək göstərməsi müşahidə olunmaqdadır.

İsrailə ABŞ, Böyük Britaniya və digər bir sıra Qərb dövlətləri tərəfindən göstərilən dəstək, uzun illərdir formalaşmış strateji ittifaqlara əsaslanır və bu, hazırkı proseslərdə də özünü açıq şəkildə büruzə verir. Eyni zamanda, İran tərəfinə Rusiya, Pakistan və Çin kimi dövlətlərin müxtəlif səviyyələrdə dəstək verdiyinə dair məlumatlar mövcuddur. Müşahidələr də göstərir ki, İranın fasiləsiz şəkildə raket hücumları həyata keçirməsi və bu resursların tükənməsi ilə bağlı narahatlıq nümayiş etdirməməsi, onun xarici dəstək aldığı ehtimalını daha da gücləndirir.

Mövcud vəziyyət onu göstərir ki, tərəflər qarşıdurmanı dayandırmaq niyyətində deyillər. Raket hücumlarının intensivliyi azalmır və proses səngimək əlamətləri göstərmir. Bununla yanaşı, tərəflərin strateji müttəfiqləri – xüsusilə İsrailin və Böyük Britaniyanın bəzi nümayəndələri – açıq şəkildə prosesə qoşulmaq ehtimalını dilə gətirirlər. Lakin bu təhdid və bəyanatlara baxmayaraq, hələlik heç bir dövlətin rəsmi şəkildə birbaşa hərbi əməliyyatlara cəlb olunması baş verməmişdir. Bu isə vəziyyətin hələlik regional səviyyədə saxlanıldığını göstərsə də, potensial olaraq daha genişmiqyaslı qarşıdurmaya çevrilmə riskini istisna etmir".

Siyasi şərhçi qeyd edib ki, bu gün müşahidə edilən vəziyyət qismən müsbət tendensiya kimi qiymətləndirilsə də, qarşıdakı müddətdə tərəflərin münaqişəyə birbaşa qoşulmayacağına dair qəti bir əminlik və ya təminat yoxdur: "Yəni, bu proseslərin daha genişmiqyaslı müharibəyə çevrilməməsi ilə bağlı hər hansı beynəlxalq təminat və ya “sığorta mexanizmi” mövcud deyil. Əgər tərəflərin müttəfiqləri qarşıdurmaya birbaşa şəkildə cəlb olunarsa, bu, artıq təkcə regional yox, qlobal səviyyəli bir müharibə – yəni faktiki olaraq dünya müharibəsi anlamına gələcək və bu da bütün regionu, o cümlədən Azərbaycanı ciddi təhlükə ilə üz-üzə qoyacaq.

Azərbaycan üçün İran qonşu dövlətdir və coğrafi reallıq baxımından bu qonşuluğun dəyişdirilməsi mümkün deyil. Heç bir rasional düşünən dövlət və ya fərd qonşuluğunda xaosun, müharibənin və qeyri-sabitliyin olmasını istəmir. Çünki belə vəziyyətlərin nəticələri çox zaman sərhədləri aşaraq qonşu ölkələrə də sirayət edir. Bu baxımdan Azərbaycan regionda sabitliyin qorunmasında maraqlıdır.

Azərbaycan ilə İsrail arasındakı strateji əməkdaşlıq beynəlxalq ictimaiyyətə məlumdur. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə İsrailin Azərbaycana göstərdiyi dəstək, o cümlədən hərbi-texniki əməkdaşlıq çərçivəsində münasibətlərin dərinləşməsi bu əlaqələrin möhkəm təmələ söykəndiyini göstərir. Bir sıra məsələlərdə Azərbaycanın və İsrailin yanaşmaları və mövqeləri üst-üstə düşür.

Bununla yanaşı, Azərbaycan-İran münasibətləri də geosiyasi və tarixi baxımdan xüsusi önəm kəsb edir. İkinci Qarabağ müharibəsindən sonra bu münasibətlərdə müəyyən gərginliklər yaşansa da, son dövrlər normallaşma istiqamətində müsbət dinamika müşahidə olunur. Bu isə qarşılıqlı anlaşmanın və regional sabitliyə yönəlik səmimi niyyətin göstəricisidir. Azərbaycanın xarici siyasəti balanslaşdırılmış və praqmatik xarakter daşıyır və ölkəmiz regionda sülhün və sabitliyin qorunmasına yönəlmiş siyasət yürütməkdə davam edir".

Xəyal Bəşirov bildirib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi səfərlər, qurulan yüksək səviyyəli təmaslar və verilən bəyanatlar göstərir ki, Azərbaycan regionda sülhün və sabitliyin qorunmasına, dövlətlərarası münasibətlərin normallaşması və inkişaf etməsi istiqamətində siyasət yürüdür. Bu, Azərbaycan Respublikasının müstəqil, balanslaşdırılmış və prinsipial xarici siyasət kursunun bariz nümunəsidir: Azərbaycan, heç bir hərbi-siyasi bloka qoşulmayan bir dövlət kimi, mövcud münaqişədə də tərəf seçmir və müharibəyə, silahlı qarşıdurmalara qarşı olduğunu açıq şəkildə bəyan edir. Bu məsələdə Azərbaycanın mövqeyi birmənalı və prinsipialdır: Azərbaycan münaqişənin həllində müharibə yox, danışıqlar və diplomatik vasitələrin üstün tutulmasını dəstəkləyir.

Hesab olunur ki, bu prosesin gələcək istiqamətini böyük ölçüdə münaqişəyə digər aktorların – xüsusilə ABŞ, Qərb dövlətləri və İsrailin birbaşa cəlb olunub-olunmaması müəyyən edəcək. Əgər bu qüvvələr qarşıdurmaya açıq şəkildə qoşularsa, bu, qarşıdurmanın daha geniş miqyas almasına, İran tərəfindən də müttəfiqlərin aktiv şəkildə prosesə cəlb olunmasına və nəticədə uzunmüddətli, dağıdıcı nəticələrə səbəb ola bilər"- deyə o əlavə edib.

Lakin əgər tərəflər birbaşa qarşıdurmadan yayınaraq, diplomatik kanallar vasitəsilə məsələnin həllinə üstünlük verərlərsə, bu halda danışıqlar üçün yetərincə imkanın mövcud olduğu nəzərə alınaraq daha yumşaq və nəzarət olunan bir nəticənin əldə olunması mümkündür. Azərbaycan bu baxımdan, bölgədəki sabitliyin qorunması, silahlı münaqişələrin yayılmasının qarşısının alınması və beynəlxalq hüquqa əsaslanan yanaşmaların tətbiqi üçün səylərini davam etdirir.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə