15 İyun – Azərbaycanın Qurtuluş Günü: Dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olunmuş 15 İyun – Milli Qurtuluş Günü müasir müstəqil Azərbaycan dövlətçiliyinin xilası, sabitlik və inkişaf yoluna qədəm qoymasının başlanğıcı kimi tariximizə əbədi yazılıb. Bu günün mahiyyəti həm də xalqın iradəsinin, milli birlik və həmrəyliyin, azadlıq və müstəqillik uğrunda səfərbərliyinin rəmzidir. Zaman ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycanın xilaskarı, müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı və gördüyü böyük işlər xalqımızın qəlbində əbədi yaşayacaq. Çünki onun müdrikliyi, siyasi uzaqgörənliyi və xalqına olan sonsuz sevgisi sayəsində Azərbaycan dağılmaqdan xilas oldu, dünya birliyində layiqli yerini tutdu. Bu gün təkcə keçmişin xatırlanması deyil, həm də gələcəyə inamla baxmaq günüdür.
SİA xəbər verir ki, bu barədə açıqlamasında Milli Məclisin Komitə sədri professor Hicran Hüseynova bildirib.
Deputat qeyd edib ki,1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi ciddi təhlükə altında idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkədə siyasi xaos, iqtisadi tənəzzül, vətəndaş qarşıdurmaları hökm sürür, dövlət təsisatları fəaliyyətini itirmiş, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Belə bir böhranlı dövrdə xalqın israrlı tələbi ilə 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun hakimiyyətə dönüşü Azərbaycanı yalnız xaosdan xilas etmədi, həm də ölkənin gələcək inkişafı üçün möhkəm təməllər yaratdı. Dahi Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, qanunçuluq və hüquq qaydaları bərpa olundu, iqtisadi islahatlara start verildi, beynəlxalq əməkdaşlıq əlaqələri quruldu. Bu səbəbdən 15 iyun tarixi yalnız bir liderin qayıdışı deyil, bütöv bir xalqın dirçəlişidir və bu gün haqlı olaraq xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi böyük qürurla qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin təməl prinsiplərindən ən mühüm olanı ölkədə sabitliyin təmin olunması idi. O deyirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Tarix bir daha Ulu Öndərin haqlı olduğunu sübut etdi! Məhz onun zəngin siyasi təcrübəsinin və dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını təmin edən əsas amillərdir.
Bir məsələni də unutmaq olmaz ki, müstəqilliyə nail olmuş digər postsovet respublikalarından fərqli olaraq 1991-1993-cü illərdə Azərbaycan Respublikası iqtisadi böhranla yanaşı, siyasi böhranla da üzləşmişdi. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda mübarizə dövləti dərin böhran vəziyyətinə salmışdı. Bu daxili amillərlə yanaşı, Azərbaycan Respublikası həm də geosiyasi mövqeyinə görə dünya dövlətlərinin gərgin mübarizə və maraq obyektinə çevrilmişdi. Bu vəziyyətin əsas səbəblərindən biri Azərbaycanın zəngin neft ehtiyatları idi. XIX əsrin ikinci yarısından etibarən xarici şirkətlər Azərbaycanın “qara qızıl”ının əsl qiymətini bilirdilər. Belə bir çətin dövrdə Ulu Öndər Heydər Əliyev təzyiqlərə baxmayaraq, tam sərbəst və bərabərhüquqlu tərəfdaş kimi müqavilənin imzalanmasına nail oldu. Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası” Azərbaycanın öz milli sərvətlərinin sahibinə çevrilməsinin, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının, ölkənin 90-cı illərin əvvəllərindəki siyasi, iqtisadi və sosial böhranlardan çıxmasının rəmzidir. Ən əsası isə XXI əsrin astanasında yüksək inkişaf etmiş, güclü və demokratik Azərbaycan dövlətinin yaradılmasıdır. Bu, əsas vəzifə idi, iqtisadi artım sayəsində Azərbaycan üçün yeni imkanlar yarandı.
1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində Azərbaycan cəmiyyətinin sabitliyə, milli birliyə və əmin-amanlığa ehtiyacı var idi. Bu zərurətdən doğaraq, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası yaradıldı. Ziyalıların təşəbbüsü və Heydər Əliyevin rəhbərliyi ilə formalaşan bu siyasi təşkilat qısa müddət ərzində xalqın etimadını qazandı və ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Yeni Azərbaycan Partiyasının formalaşması bütövlükdə ölkədə siyasi sistemin demokratik əsaslarla qurulmasına, çoxpartiyalı sistemin inkişafına, vətəndaşların ictimai-siyasi proseslərə cəlb olunmasına böyük təkan verdi. Eyni zamanda, bu partiya cəmiyyətin bütün təbəqələrini birləşdirərək, milli ideologiyanın daşıyıcısına və dövlətçilik təfəkkürünün yayılmasında aparıcı rola malik qüvvəyə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən dövlət siyasətindən danışan professor Hicran Hüseynova bildirib ki, ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin yaşadılması, qadın hüquqlarının qorunması və onların cəmiyyətdə fəal mövqe tutması daim diqqət mərkəzində olub, bu sahələr dövlət quruculuğunun mənəvi dayaqlarından biri kimi ön plana çəkilib. Ulu Öndər qeyd edirdi ki, “qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Məhz onun təşəbbüsü ilə 1995-ci ildə qəbul olunmuş Konstitusiyada qadınların hüquq bərabərliyi təsbit olunub, Azərbaycan Respublikası BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” barədə Konvensiyasına qoşulub. 1998-ci ildə isə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması qadın siyasətində yeni mərhələnin əsasını qoyub. Bu təşəbbüs Azərbaycanda qadınların daha fəal şəkildə cəmiyyətin bütün sahələrində iştirakına, onların hüquq və maraqlarının müdafiəsinə mühüm töhfə verib.
Hər bir xalqın varlığını davam etdirən, sabahını təmin edən ən böyük sərvəti onun uşaqlarıdır. Məhz bu səbəbdən uşaq hüquqlarının qorunması və onların sağlam böyüməsi dövlət siyasətinin əsas istiqamətini təşkil edir. Müstəqilliyin ilk illərində iqtisadi və mənəvi böhran, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkə daxilində yaranmış gərginlik uşaqların da taleyinə təsirsiz ötüşməmişdir. Həmin dövrdə uşaqlar arasında təhsildən yayınma, dilənçilik halları cəmiyyətdə ciddi narahatlıq doğurmuşdu. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, daha sonra “Uşaq hüquqları haqqında” Qanun qəbul olunmuşdur. Hazırda bu sahədə formalaşmış müasir qanunvericilik bazası və dövlət proqramları uşaq siyasətində strateji inkişafın təməlidir. Bu istiqamətdə Prezident İlham Əliyevin sərəncam və fərmanları ilə imzalanan onlarla qanun və dövlət proqramları uşaq hüquqlarının müdafiəsinə və rifahının yüksəldilməsinə yönəlmiş dövlət qayğısının bariz nümunəsidir. Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr – məktəblərin, uşaq bağçalarının, səhiyyə ocaqlarının inşası və bərpası – bu qayğının praktiki təzahürüdür.
Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə xalqın gələcəyinə böyük qayğı ilə yanaşıb, ailənin cəmiyyətdəki rolunu yüksək qiymətləndirib. Onun “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir” fikirləri bu istiqamətdə atılan addımların ideoloji əsasını təşkil edib. Müstəqil dövlətimizin Konstitusiyasında ailə institutunun mahiyyəti, ailə üzvlərinin hüquq və vəzifələri xüsusi olaraq qeyd olunub, 2000-ci ildə qəbul olunmuş Ailə Məcəlləsi isə bu istiqamətdə hüquqi mexanizmlərin təkmilləşdirilməsində mühüm rol oynayıb.
Deputat ailə siyasətində mühüm aspektlərdən birinin də ailə üzvlərinin, xüsusilə ana və uşaqların sağlamlığının qorunması məsələsi olduğunu vurğulayıb: “Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmiş “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun bu istiqamətdə hüquqi və institusional çərçivəni müəyyən edib. Çünki sağlam ailə – sağlam nəsil, sağlam gələcək deməkdir.
Bu siyasətin ardıcıl və məqsədyönlü davamı olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunmuş “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Ailə Məcəlləsində qadın və kişilər üçün nikah yaşının bərabərləşdirilməsi (18 yaş) və nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halının aradan qaldırılması, qohum nikahların qadağan edilməsi, nikah yaşının 18 olduğu nəzərə alınaraq yetkinlik yaşına çatmayanlarla qeyri-rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yaradan valideynlər barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət tədbirlərinin əks olunması, yetkinlik yaşına çatmayanların dini nikaha daxil olmasına şərait yaradan din xadimləri üçün məsuliyyətin müəyyən edilməsi, belə toy məclislərinin təşkil olunduğu məkan sahibləri üçün məsuliyyətin nəzərdə tutulması gender bərabərliyi və qadın hüquqlarının müdafiəsində ciddi irəliləyişlərin göstəricisidir.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-humanitar layihələr ailə, qadın və uşaq hüquqlarının qorunmasına və sosial rifahın yüksəldilməsinə xidmət edir.
Azərbaycan Respublikasında müstəqillik əldə olunandan sonra cəmiyyətin mühüm təməl prinsiplərindən biri olan ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qorunması daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu davamlı və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan regionda ailə, qadın və uşaq məsələləri üzrə qabaqcıl mövqedə dayanır, müasir və dayanıqlı qanunvericilik bazasına, institusional mexanizmlərə və sosial siyasətə malikdir”.
“Müasir, müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımıza və dövlətimizə vəsiyyət etdiyi ən böyük arzu – Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın azad olunması – artıq reallığa çevrilib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq Qarabağda tarixi ədaləti bərpa edib. Azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən nəhəng bərpa-quruculuq işləri Azərbaycan dövlətinin və xalqının yenilməz iradəsini və inkişaf potensialını bir daha sübut edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz qurub-yaradan xalqıq və azad Qarabağda həyat yenidən canlanır.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı, vətəndaş cəmiyyətinin banisi kimi özündən sonra qoyduğu böyük siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın regional lider kimi mövqeləri daha da möhkəmlənir, qlobal miqyasda nüfuzu artır. Ümummilli Liderin müəyyən etdiyi strategiya ölkəmizi sabitlik, inkişaf və tərəqqi yolunda inamla irəli aparır. Dövlətimizin sosial-iqtisadi inkişafı, beynəlxalq layihələrdə iştirakı, ordu quruculuğu sahəsində qazandığı uğurlar məhz 15 iyunda başlayan siyasi iradənin nəticəsidir. Ümummilli Lider Heydər Əliyev vaxtilə deyirdi: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”. Bu gün Azərbaycan müstəqil dövlət, XXI əsrdə ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edən bir ölkə olaraq möhkəm, sağlam təməllər üzərində inkişaf edir. Əminik ki, Azərbaycan dövlətinin dirçəlişinə rəhbərlik edən tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri daim qürurla yad olunacaq, onun irsi Azərbaycan dövlətinin möhkəmlənməsi və daha da inkişaf etməsi üçün əsas yol göstərici olacaq” , - deyə professor Hicran Hüseynova fikrini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə