"İmkanların genişləndirilməsi üçün kifayət qədər resurslar mövcuddur" - ŞƏRH EDİLDİ
"ABŞ ilə Azərbaycan arasında münasibətlərin, qarşılıqlı əlaqələrin tarixi əslində çox böyükdür. Azərbaycanın müstəqillik dönəmində uzun müddət bizim aramızda əməkdaşlıq olub. Xüsusilə, ABŞ-ın ən son prezidenti Donald Trumpın ilk dəfə hakimiyyətdə olduğu 2017-2020-ci illər ərzində Azərbaycanla ABŞ arasında münasibətlər çox yüksək templə inkişaf edirdi". Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, bir sıra məsələlərdə, enerji, təhlükəsizlik, sülhməramlı missiyalar, hüquqi azadlıqlar və digər sahələrdə Azərbaycan ABŞ ilə əməkdaşlıq edib. Biz bu əməkdaşlıq zamanı çox uğurlu addımlar atmışıq: "Bu sadəcə formal əməkdaşlıq olmayıb, hər iki tərəf üçün çox müsbət nəticələri olub. Baxmayaraq ki, ABŞ-ın Azərbaycana qarşı 907-civsaylı düzəliş hələ bü gündə tam aradan qaldırılmayıb, amma bütün bunlardan asılı olmayaraq qarşılıqlı əlaqələrimizi inkişaf etdirməkdə maraqlı olmuşuq.
Bu gün Azərbaycan həm ABŞ-la, həm dünyanın istənilən dövləti ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıqdan yana olduğunu bəyan edir. Ona görə də hazırda Donald Trump administrasiyası ilə Cozef Bidenin rəhbərlik etdiyi demokratlar administrasiyası arasında fərqli, daha adekvat və praqmatik yanaşma tərzi ortaya qoyulur. Mən düşünürəm ki, məhz bu əsas amillərdən biridir.
Çünki Donald Trump administrasiyasının rəhbərliyi altında ABŞ Azərbaycanın Cənubi Qafqazdakı rolunu, Azərbaycanın Şərqlə Qərbin, Asiya ilə Avropanın qoşulduğu regionda şərqdən qərbə, qərbdən şərqə həm xidmətləri, həm malların mübadiləsi baxımından önəmli dövlət olduğunu qəbul edir. Bu gün Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir və regionda bir sıra layihələr reallaşdırılıb, gələcəkdə də reallaşdırılması planlaşdırılır. ABŞ administrasiyası görür və anlayır ki, Azərbaycan özünün ənənəvi enerji resurslarının ixracı ilə bağlı bir sıra layihələrin həyata keçirilməsinə nail olub. Azərbaycan alternativ və bərpa olunan enerji resurslarının Avropa regionuna, qərb istiqamətində nəql edilməsinə nail olub və bu layihələr sıradan layihələr deyil. Bu layihələr həm Azərbaycanın müttəfiqi, qardaş ölkəsi olan, həm də ABŞ-ın əsas müttəfiqlərindən biri olan Türkiyə vasitəsilə həyata keçirilir".
Xəyal Bəşirov sözlərinə davam edərək bildirib ki,Mərkəzi Asiya dövlətləri də artıq transit ölkə kimi Azərbaycandan istifadə edərək enerji resurslarının Avropaya nəql edilməsi layihələrini nəzərdən keçirir: "Bu imkanların genişləndirilməsi üçün kifayət qədər resurslar mövcuddur və ABŞ bu məsələyə dəstək verir. Avropa dövlətlərinin də bir çoxu bu məsələdən yanadır. Əslində, Avropa ölkələri bu məsələdə daha çox maraqlı olmalıdır, amma bəzi Avropa ölkələri müəyyən maraqlara görə bu məsələnin üzərində tam dayanmaq istəmirlər və Azərbaycanın rolunu məhdudlaşdırmağa çalışırlar.
Bu böyük layihədir. Artıq Azərbaycan vasitəsilə həm öz enerji resurslarını ixrac edir, həm də tranzit ölkə kimi Avropa İttifaqı və Avropa regionuna enerji resurslarının ixracında böyük rol oynayır. Buraya həm qaz, həm neft, həm də yeni dövrün enerji resursları kimi alternativ və bərpa olunan enerji resurslarının ixracı daxildir. Həm Gürcüstan vasitəsilə, həm də Azərbaycanın İranla birgə həyata keçirdiyi “Araz dəhlizi” layihəsi vasitəsilə (yəni Zəngəzur dəhlizinə paralel şəkildə fəaliyyət göstərəcək olan Ağbən-Culfa yolu ilə) enerji nəqli işləri aparılır.
Bütün bunlar göstərir ki, Azərbaycan gələcəkdə daha böyük layihələrdə rol alacaq. Azərbaycan həmin layihələrin təşəbbüskarı kimi çıxış edəcək və onların həyata keçirilməsi istiqamətində addımlar atacaq. Mən düşünürəm ki, bu amillər Azərbaycanın rolunu həm Avropa, həm Amerika, həm də dünya üçün yalnız və yalnız artıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə