Sülhə əngəl olan İKİÜZLÜLÜK – TƏHLİL

Dəfələrlə şahidi olmuşuq ki, Ermənistanın baş naziri Nikol Paşinyan diplomatik görüş zamanı bir cür mövqe sərgiləyib, görüşdən sonra isə özünü başqa cür aparıb, tamamilə fərqli, təzadlı fikirlər səsləndirib. O, danışıqlar masasında sülh təşəbbüsü ilə bağlı ciddi qərar sahibi olduğunu, rəhbərlik etdiyi ölkəsinin də belə bir niyyətdə olduğunu göstərdiyi halda, bunun ardınca tamamilə başqa bir mövqe sərgiləyib. Bu dəfə də Münxendə erməni baş nazirinin eyni şəkildə davranması təsdiq edir ki, onun üçün belə mövqe, yaxud sifət dəyişkənliyi adi ənənə halını alıb və əlsində, sülh təşəbbüsünə mane olan məqamlardan biri də elə məhz budur.

Bildiyimiz kimi, Münxendə rəsmi görüş zamanı erməni baş nazir Nikol Paşinyan özünü danışıqların, razılaşmaların, sülhün tərəfdarı kimi göstərib. Bir çox erməni siyasətçiləri, politoloqları onu Münxen səfəri ilə bağlı tənqid də edib. “Paşinyan Ermənistanın sərhəddə 4 itki verdiyi haqda Münxendə danışmadı, yalnız Rusiyanın əleyhinə danışmaq üçün ora getmişdi. Əliyev, Paşinyan və Şoltsun görüşü isə müəmmalı məqamlarla doludur. Ümumiyyətlə, Şolts orada vasitəçi idi, yoxsa sadəcə, görüşün təşkilatçısı? Paşinyanın Əliyevə daha böyük vədlər verməsindən ciddi şəkildə qorxuram”, - deyə Ermənistanda ədliyyə general-mayoru olan Tatul Petrosyan öz həyəcanını da gizlətməyib, Paşinyana olan etirazını da. Daha dəqiq desək, ədliyyə general-mayoru onun həmin Münxen görüşündə məğlub duruma düşməsini, qarşı tərəf qarşısında susqunluğunu həzm edə bilmədiyini və buna görə narahatlığını ifadə edib. O, hətta Nikolun belə uğursuzluqlarına görə Ermənistanın artıq uçurumda olduğunu da bildirib və heç çəkinmədən bunu söyləyib. Bu, artıq onu deməyə əsas verir ki, Ermənistan tərəfi belə erməni baş naziri ilə bağlı ciddi narahatçılıq keçirir və ikiüzlülüyünə görə ona inanmır.

Münxendə erməni icması ilə görüşü zamanı “Qarabağın” öz müqəddəratını təyinetmə prinsipindən danışan Ermənistanın baş naziri Nikol Paşinyan, həm də danışıqlar prosesinə zidd baxışlarının olduğunu ortaya qoyub. “Qarabağın öz müqəddəratını təyinetmə hüququ beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmir”, - deyə Nikol Paşinyan Münhendə erməni icması ilə görüşündə bildirib və bununla bir daha göstərmiş olub ki, öz davranışlarında da, mövqeyində də qeyri-səmimidir. Ümumiyyətlə, sonradan erməni icması ilə görüşdə tamamilə başqa sifətə düşmək çirkin obrazdır, ikiüzlülükdür, amma görünür, Paşinyan nəinki bunu qəbul edir, hətta onun üçün bu hal adi hesab olunur. Xüsusən də, onun davranışlarında hiyləgərlik dərhal hiss olunur və görünür, özü də başa düşmür ki, belə hiyləgərliyi ilə ölkəsi üçün məsələni daha da çətinləşdirir. Çünki onun nümayiş etdirdiyi hiyləgərliyinə də, avantürasına da, manipulyasiyalarına da əhəmiyyət verən yoxdur və rəsmi Bakı onsuz da doğru hesab etdiyi, qanuni olaraq qəbul olunan addımlarla öz məqsədlərinə nail olur və hədəflərinə də çatmaqdadır. Amma bütün bunların fonunda məhz Ermənistan tərəfi bir-birinin ardınca uğursuzluqlara, məğlubiyyətlərə düçar olur və bu da həmin ölkəni uçurumun daha da dərinliyinə sürükləyir.

Keçmişdə qalan Qarabağ məsələsi artıq həll olunub və həmin o keçmişdə qalan məsələnin də məhz Azərbaycan Ordusunin rəşadəti, xalqımızın birliyi və həmrəyliyi, Ali Baş Komandanın rəhbərliyi ilə həll olunduğunu bütün dünya ictimaiyyəti bilir. Bilir ki, heç bir beynəlxalq təşkilat, heç bir qurum bu məsələnin həllində zərrə qədər də iştirak etməyib. Deməli, hamı çox yaxşı bilir ki, erməni baş nazirinin hansısa qondarma “müqəddərat” nağılı ilə bağlı yalvarışlarına əvvəla, əhəmiyyət verən olmayacaq. Digər tərəfdən də axı keçmişdə qalan həmin o məsələnin həllində iştirak etməyənlər hansı şəkildə və hansı üzlə bu məsələyə burun soxa bilərlər? Onsuz da hansısa tərəfin qarışmaq kimi bir şansı yoxdur və məhz Azərbaycan tərəfi bu şansı verməyib. Danışıqların artıq iki ölkə arasında aparılması qəbul olnub və deməli, Nikolun sayıqlamalarının heç bir mənası yoxdur. Reallıq bundan ibarətdir ki, Ermənistanın ən inadkar himayədarları belə, onlar üçün nə qədər çətin olsa da, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Elə isə Paşinyan nə istəyir və nəyə ümid edir? Ümumiyyətlə, belə mövqe və sifət dəyişkənliyi ilə erməni baş nazir nə istəyir, nəyə nail olmaq arzusundadır? Dolayısı ilə sülh təşəbbüsünə mane olmaq, yoxsa bunu əngəlləmək, ləngitmək niyyəti güdür?

Diqqət çəkən məqam odur ki, erməni baş nazir Azərbaycan ərazilərinə qarşı iddialarının əsassız olduğu barədə bir kəlmə də demədi. O, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənilmədiyinə görə giley-güzar etdi. Bir sözlə, Nikol bununla ölkəsinin hələ də ərazi iddiasında olduğunu ifşa etmiş oldu. Növbəti dəfə bəlli oldu ki, erməni tərəfinin iddiaları hələ də davam edir. Deməli, Azərbaycan tərəfi öz tələblərində haqlıdır və ərazi bütövlüyümüz, eləcə də suverenliyimizlə bağlı Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında öz əksini tapmış iddialar birmənalı olaraq, aradan qaldırılmalıdır. Əks halda, əvvəla, belə iddiaların olması fonunda hansısa sülh danışıqları mümkün deyil, digər tərəfdən də, biz çox gözəl başa düşürük ki, Paşinyanın göstərmək istədiyi təvazökarlığı da saxtadır və istənilən məqamda ikiüzlülüyə əl atmayacağına qətiyyən əminlik yoxdur. Ən azından, Münhendə özünü aparmasından, erməni icması ilə görüşü zamanı sayıqlamalarından da gördük ki, erməni baş nazirə inanmaq olmaz və tədbirli davranmaq gərəkir.

Hər dəfə və hər yerdə olduğu kimi, Münhendə də Paşinyan Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşan və ya məskunlaşmaq niyyətli ermənilərə beynəlxalq dəstək dilənmək ənənəsinə sadiq qaldı. Amma bu yekəlikdə baş nazir hələ də başa düşə bilmir ki, əvvəla, həmin ermənilərə dəstəyi yalnız ərazilərin sahibi, yəni, Azərbaycan göstərə bilər və heç bir qurum, heç bir beynəlxalq təşkilat burnunu süveren ərazilərimizə soxa bilməz. Digət tərəfdən də axı dəstəklə bağlı öz təklifini artıq rəsmi Bakı edib. Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığını qəbul etmək, bundan sonra da digər vətəndaşlarımız kimi vətəndaşlıq hüquqlarına sahib olacaqları, təhlükəsizliklərinin təminatı ilə bağlı bildirilib və bu qeyd olunanlar fonunda ərazilərimizdə qalıb yaşamaq təklifi də edilib. Qarabağda yaşayan ermənilər bundan özləri imtina ediblər. Biz bu hüquqa, daha dəqiq desək, Paşinyanın ağız dolusu səsləndirdiyi seçmək hüququna hədsiz hörmətlə yanaşmışıq və vaxtilə Azərbaycan ərazisində yaşamış erməni əhalisinin iradəsinə zidd heç bir hərəkət edilməyib. Onlar Azərbaycan ərazilərini öz xoşları ilə, magistral yollarla öz avtomobillərində, hətta yardımlar edilərək tərk ediblər. Bir qədər daha aydın şəkildə desək, məhz öz müqəddəratlarını özləri həll ediblər və buna da nəinki maneçilik olmayıb, hətta köməklik də göstərilib. Elə isə, Paşinyanın istədiyi nədir və nəyin arzusundadır, dəstəyin, yoxsa qarışıqlığın, qarşıdurmanın və çirkin niyyətlərin reallaşmasının?

Əlbəttə, biz çox yaxşı bilirik ki, hər dəfə daxili auditoriyaya hesablanan nitqi ilə ortaya çıxan Nikol Paşinyan bu dəfə də Münhendə erməni icması qarşısında onların eşitmək istədikləri sözləri söylədi, duymaq istədikləri fikirləri ifadə etdi. Amma onlara reallıqları göstərməyə qətiyyən cəhd etmədi. Daha doğrusu, buna cürəti çatmadı. Paşinyan erməni lobbisini, daxili auditoriyanı, beynəlxalq tərəfdaşları, regionda maraqları olan dövlətləri və güc mərkəzlərini belə hazırki reallıqlarla üz-üzə qoymadı. O, reallıqlar müstəvisində gedən danışıqlar prosesini olduğu kimi çatdırmadı və yenə də beynəlxalq ictimaiyyəti, dünya ermənilərini çaşdırmaq, onlara saxta ümidlər vermək yolunu tutdu. Təbii ki, belə bir davranış onun qorxularından, qorxu kompleksindən irəli gəlir və hər kəs çox yaxşı bilir ki, Nikol Paşinyan öz hakimiyyət kürsüsünü, eləcə də öz maraqlarını qorumaq üçün daxili auditoriyaya hesablanan nitq söyləyir. Amma başa düşə bilmir ki, özü üçün də, ölkəsi və xalqı üçün də ən qorxulu addımı atır. Dərk edə bilmir ki, onun regional sülhə zidd addımları bütövlükdə Ermənistan üçün çox təhlükəlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə