""3+3" formatının ölkənin iqtisadi sisteminə müsbət təsirləri olacaq" - POLİTOLOQ ŞƏRH ETDİ
“3+3” formatı Azərbaycana çox böyük perspektivlər vəd edir. Nəzərə almaq lazımdır ki, bu formatın müəllifi Azərbaycan Prezidenti İlham Əliyev və daha sonra bu fikri dəstəkləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Bu baxmımdan "3+3" formatı xüsusilə post-pandemiya dövründə dünyanın müxtəlif coğrafiyalarında müxtəlif müharibələrin baş verdiyi və Qarabağ müharibəsinin nəticələrinin yavaş-yavaş aradan qaldırıldığı və bütövlükdə Qarabağ adlı problemin dünya siyasi xəritəsindən slindiyi bir dövrdə xüsusi əhəmiyyətə malikdir. Qlobal dünya sistemində yeni siyasi, iqtisadi mexanizmlər formalaşmalıdır. İndiki qlobal trendlər və çağırışlar da yeni formatın labüdlüyünü ortaya qoymuş olur. Bu baxımdan Azərbaycana “3+3”ün vəd etdiyi perspektivlər çoxdur. Çünki ölkənin bu gün coğrafi mövqeyi kifayət qədər dünya xəritəsində uyğun bir yerdə formalaşıb. Həmçinin Azərbaycan həm coğrafi mövqeyinə, həm geopolitik sistemə görə Asiya ilə Avropanın kəsişməsində yer alır. Əlbəttə “3+3” formatının nəticələrinə görə yeni formalaşacaq kommunikasiya, tranzit xətlərində Azərbaycan kilid və vacib həlqələrdən birini formalaşdırır. Bu baxımdan hesab edirəm ki, “3+3” formatının ölkənin iqtisadi sisteminə gələcəkdə çox böyük müsbət təsirləri olacaq. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İmsayılov bildirib.
Politoloq qeyd edib ki, “3+3” formatında baş tutacaq görüşlərdə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məsələlər əsas gündəm məsələsidir: "Bütövlükdə “3+3” formatında xarici işlər nazirlərinin görüşündən sonra yayılan bəyanatda da əsas hədəfin Qafqazların bundan sonrakı siyasi mənzərəsi ilə bağlı razılaşmalarının olmağı mesajının verilməsi idi. Lakin ümumilikdə “3+3” formatını sırf Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı da dəyərləndirmək doğru deyil. Onsuz da bu gün Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılması, eyni zamanda iki ölkə arasında əldə ediləcək yekun sülh müqaviləsi ilə bağlı bu formatdakı ölkələrin, xüsusilə də Türkiyə, Rusiyanın fəal şəkildə iştirak etdiyi digər formatlar var. Faktiki olaraq bu gün qatılmasa da, gələcəkdə bu formatı dəstəkləyəcəyini düşündüyüm Gürcüstanın özü belə Azərbaycan-Ermənistan arasında görüşlərə ev sahibliyi etməklə bağlı dəfələrlə çağırışlar edib. Hər halda bu formatın özünün iqtisadi dividentləri və Ermənistanın hazırki acınacaqlı vəziyyətdən xilasında təbii ki, “3+3” formatının müsbət təsirləri var. Bu formatdakı görüşlər davamlı olarsa, yekun sülh müqaviləsinin əldə edilməsinə də müsbət rəvac verə bilər.
Həmçinin “3+3” formatında İran ərazisindən Naxçıvana quru yolunun keçməsi ilə bağlı razılıq əldə olunub. Hər halda gələcəkdə birbaşa Ermənistan ərazisindən keçid də burada müzakirə ediləcək məsələlərdən biri olacaq.
Bu gün dünyada müxtəlif hərbi, siyasi və iqtisadi bloklar var. Əlbəttə ki, “3+3” formatındakı ölkələrin həm beynəlxalq münasibətlər sisteminə, həm də regiona baxışlarında ciddi fərqlər mövcuddur. Eyni zamanda qlobal çağırışların artdığı bir dövrdə bu formatın çox böyük əhəmiyyəti var. “3+3” formatına sentimental deyil, daha rasional və siyasət elminin tələbləri nəzərindən yanaşmalıyıq. Bu formatda İranın, Rusiya və ilk növbədə Ermənistanın bizi razı salmayan mövqeləri çoxdur. İstənilən halda format dünyəvi hadisələrə yanaşmada vahid bir mövqeni ifadə etmək üçün yaradılmayıb. Bu formatın siyasi əhəmiyyəti böyükdür. Amma nəzərə almaq lazımdır ki, passiv nəticələri daha çox iqtisadi sahədə olacaq və formata qoşulan ölkələrin hər biri bu prosesdən ciddi formada yararlanacaq. Amma gələcəkdə bu formatın MDB və ya hər hansı bir təşkilata bənzər birlik modelinə çevrilməsi mümkün ola bilər. Bundan sonra isə bir çox anlaşılmazlıqlar aradan qalxacaq və problemlər də qısa müddət ərzində həll ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə