“Minalarla mübarizə Azərbaycanın ən mühüm prioritet məsələlərindəndir” - ŞƏRH EDİLDİ

“İşğaldan azad olunmuş ərazilərdə minaların və partlamamış hərbi sursatların mövcudluğu münaqişədən sonrakı dövrün ən böyük təhlükəsizlik çağırışlarından biridir. Bu problem təkcə humanitar aspektdə deyil, həm də sosial-iqtisadi və ekoloji baxımdan böyük maneələr yaradır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, kənd təsərrüfatının bərpası, infrastrukturun yenidən qurulması və investisiya cəlbediciliyinin təmin edilməsi məhz bu sahədə aparılan işlərin effektivliyindən asılıdır: “Azərbaycan hökuməti bu istiqamətdə genişmiqyaslı tədbirlər görür. Əsas icraçı qurum olan ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) beynəlxalq təşkilatlarla və müxtəlif ölkələrin ixtisaslaşmış minalardan təmizləmə qurumları ilə əməkdaşlıq edir. Müasir texnologiyalar — dronlar, mexaniki minatəmizləmə maşınları və xüsusi təlim keçmiş itlər bu prosesə cəlb olunur. Paralel olaraq, yerli mütəxəssislərin hazırlanması və beynəlxalq təcrübənin öyrənilməsi də davam etdirilir”.

Züriyyə Qarayeva fikirlərinə davam edərək həmçinin qeyd edib ki, minalarla mübarizə sadəcə texniki məsələ deyil, həm də siyasi və diplomatik ölçülərə malikdir: ”Ermənistan tərəfinin mina xəritələrini tam və dəqiq şəkildə təqdim etməməsi işlərin sürətini əngəlləyir və beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilir. Bu səbəbdən Azərbaycan tərəfi beynəlxalq platformalarda bu məsələni qaldıraraq həm təzyiq, həm də dəstək mühiti formalaşdırmağa çalışır.

Bütün bunlarla yanaşı, mina təhlükəsi ərazilərin ekoloji durumuna da mənfi təsir göstərir. Təbii sərvətlərin istismarı, su mənbələrinin bərpası, meşələrin və otlaq sahələrinin yenidən istifadəyə verilməsi ləngiyir. Bu isə kənd təsərrüfatının və turizm potensialının inkişafını da gecikdirir. Nəticə etibarilə, minalarla mübarizə prosesi Azərbaycanın bərpa və quruculuq gündəliyinin ən mühüm prioritetlərindən biri olaraq qalır. Burada məqsəd təkcə torpaqları təhlükəsizləşdirmək deyil, həm də azad olunmuş bölgələri tam hüquqlu sosial-iqtisadi həyat məkanına çevirməkdir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə