"Sentyabrın 15-də Bakı ilk dəfə Azərbaycanın paytaxtı oldu" - DEPUTAT DANIŞDI

"Düz 105 il bundan əvvəl Osmanlının Qafqaz-İslam Ordusu adlanan əsgər və zabitləri Azərbaycan adlanan bir məmləkətin köməyinə gəldilər. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə müstəqil Azərbaycan xanlıqları çar Rusiyası tərəfindən işğal olundu. Naxçıvan və İrəvan xanlıqlarının yerində “erməni vilayəti” yaradıldı. Əgər bu ərazidə erməni yaşayırdısa, onda rus işğalından sonra niyə bu torpaqlar çar fərmanı ilə erməni vilayəti adlandırıldı? Deməli, bu ərazidə erməni olmayıb, olsa belə güc sahibi deyildilər. Əgər burda erməni var idisə, Türkmənçay müqaviləsinin 15-ci bəndinə görə bu ərazilərə ermənilər niyə köçürülürdü? Köçürmə komissiyasına rəhbərlik edən general Lazarev Təbrizdə yaşayan ermənilərə deyirdi ki, Sizə təzə vətən tapmışıq. Bu vətən Qarabağ, Naxçıvan, İrəvandır. Bəs ermənilərin vətəni hara idi? Zaman-zaman ermənilər çar Rusiyasının himayəsindən istifadə edərək tarixi torpaqlarımıza sahib oldular, dini abilərimizi məhv etdilər, əhalini öz tarixi torpaqlarını tərk etməyə məcbur etdilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Deputat qeyd edib ki, 1917-ci ilin fevralında Rusiyada Romanovlar sülaləsi devrildi: "İmperiya buxovlarından azad olan Azərbaycan xalqı erməni təcavüzü ilə üz-üzə dayandı. 1918-ci ilin əvvəllərindən başlayaraq Daşnaksütün və Erməni Milli Şurasının rəhbərlik etdiyi erməni hərbi birləşmələri Azərbaycan xalqına qarşı soyqırıma başladılar. Çar Rusiyasının xalqımıza vurduğu ən ağır yaralardan biri müsəlmanların hərbi xidmətə çağrılmaması oldu. Erməni və gürcülər kifayət qədər əsgər və zabitə sahib olduğu halda, Azərbaycan tərəfi bu cəhətdən ağır durumda idi. Erməni silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba, Qərbi Azərbaycan, Borçalı, Cənubi Azərbaycanda həyata keçirilən soyqırımdan sonra Azərbaycanın milli-demokratik ziyalıları bir daha əmin oldular ki, ermənilərin kifayət qədər havadarı olduğu halda, azərbaycanlıları müdafiə edən, onlara qarşı soyqırım həyata keçirən ermənilərə dur deyən yoxdur. 1918-ci il mayın sonlarında özgə torpaq və özgə paytaxtda Azərbaycan öz müstəqilliyini elan etdi. Azərbaycan xalqının uzaqgörən ziyalıları ümidlərini Osmanlıya bağlayıb ondan yardım istədilər. Çünki Bakını ələ keçirib öz hakimiyyətini quran Stepan Şaumyan Cümhuriyyətin qalası Gəncə üzərinə hücuma hazırlaşırdı. Hər cür silaha malik və 20 minlik Bakı Soveti qüvvələri əliyalın Gəncə əhalisini və Milli Hökuməti yox etmək fikrində israrlı idilər. Azərbaycan ziyalılarının Osmanlıya çoxsaylı xahişləri öz nəticəsini verdi.Birinci dünya müharibəsinin iştirakçısı olan Osmanlı dövləti çətin günlərini yaşayırdı, amma Azərbaycan xalqına olan məhəbbət, dil və din qardaşının ağır durumu Osmanlını ədalətli bir qərar qəbul etməyə məcbur etdi".

A.İsgəndərov sözlərinə davam edərək bildirib ki, Qafqaz-İslam ordusunun xilaskarlıq yürüşü Gəncədən başladı: "Çünki 29 yaşlı Nuru paşanın qərargahı bu şəhərdə yerləşirdi. Nuru paşa düşmən haqqında ətraflı məlumat toplayandan sonra qardaşı, hərbiyyə naziri, Azərbaycan sevdalısı Ənvər paşaya yazırdı: Abi, Osmanlının şərəf və ləyaqətini qorumağ üçün mənə ordu göndər. Ənvər paşa da bu xahişi müsbət qarşıladı.

Qafqaz-İslam Ordusunun Gəncədən başlanan xilaskarlıq yürüşü Bakıda uğurla sona çatdı. Bakı Soveti qüvvələri ilə həlledici doyüş Göyçayın Qaraməryəm kəndi ətrafında baş verdi. Döyüşlər bir neçə gün davam etdi. Yerli əhali orduya əlindən gələn yardımı etdi. Düşmən darmadağın edildi və onun təqibi başlanıldı.Gəncədə Milli Hökumət üçün yaranan təhlükə sovuşdu. Şamaxı, Kürdəmir, Salyan və yaxın kəndlər düşməndən azad edildi. Azərbaycanlı gənclər təlimlərdə iştirak edir və böyük ruh yüksəkliyi ilə orduya yazılırdılar. Nuru paşanın ordusunun sayı azərbaycanlı gənclərin hesabına günü-gündən artırdı. Avqustda Bakıya yaxınlaşan ordunun ərzaq və silah baxımından çətinlikləri var idi. Düşmənə yardım edənlər çox idi, üstəlik diplomatik kanallarla Osmanlıdan tələb olunurdu ki, ordusunu geri çəksin. Birinci dünya müharibəsində Osmanlının müttəfiqi Almaniya Bakı məsələsində daha çox israr edirdi. Ona görə də Ənvər paşa alman nümayəndərinin yanında Nuru paşaya yazdığı məktubunda tələb edirdi ki, geri qayıtsın. Amma yavərlə Nuru paşaya göndərdiyi gizli məktubunda yazırdı: “Əgər Bakını düşməndən azad etməsən anamızın südü sənə haram olsun.”

"Avqustun əvvəllərində Qafqaz-İslam ordusu Bakı həndəvərinə yetişsə də ilk hücum uğursuz oldu. Bakı Nuru paşanın intizarında idi.Amma Bakını azad etmək müşkül məsələyə çevrilmişdi. İyulun sonlarında Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qurumu istefa verməyə məcbur oldu. Onu Sentrokaspi adlanan və ermənilərdən ibarət qurum əvəz etdi. General Denstervilin rəhbərlik etdiyi ingilis qüvvələri Sentrokaspiyə hər cür yardım göstərirdi, təki türklər Bakıya daxil ola bilməsin.

İlk cəhddə uğur qazana bilmədiyi üçün ruhdan düşən ordunun nəyə isə ehtiyacı var idi. Həmin günlərdə Azərbaycan zialılarının Qafqaz-İslam Ordusuna ünvanlanmış məktubu əsgərlər arasında boyük coşqu yaratdı.

Azərbaycan aydınlarının Osmanlı əsgərlərinə ünvanlanmış bu müraciət ordunun əhval-ruhiyyəsini dəyişdi. Ordu Bakını azad etmək üçün komandanın əmrini gözləyirdi. Nuru paşa belə bir əmri imzaladı.

Sentyabın 15-də Qafqaz —İslam Ordusu Bakını düşmən qüvvələrindən azad etdi. Milli Hökumət Bakıya daxil oldu Mart soyqırımı günlərində Bakını tərk edən əhali də Qafqaz-İslam Ordusu ilə Bakıya daxil oldu. Bakı öz tarixində ilk dəfə Azərbaycanın paytaxtına çevrildi",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə